Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

AzərTAc xəbər verir ki, mayın 29-da forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Bakı Biznes Mərkəzində Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi olmuşdur.

Əvvəlcə qonaqlara "Azərbaycan - tolerantlıq məkanı" adlı qısametrajlı film təqdim edilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat etmiş, həmçinin ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat vermişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təqdimatın əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaqdır. Təqdimatın təsadüfi olmadığı diqqətə çatdırılmış, Milli Tolerantlıq Mərkəzinin dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcəyi qeyd edilmişdir.

Nəzərə çatdırılmışdır ki, Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Həmçinin Azərbaycandakı mövcud tolerantlıq mühitinin dünyaya nümunə ola biləcək bir model olduğu vurğulanmışdır.

Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur.

Digər çıxışlarda da Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin gələcəkdə mövcud ənənələrə töhfə verəcəyindən danışılmışdır.

Sonra dünya şöhrətli fotoqraf Reza Deqati tərəfindən Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan "Azərbaycan - tolerantlıq məkanı" təqdim olunmuşdur. Layihə çərçivəsində Azərbaycanda mövcud olan dinitarixi-dini mərkəzlər, abidələr Reza Deqati tərəfindən fotolara köçürülmüşdür.

Mərasimdə Milli Tolerantlıq Mərkəzinin "Hörmət naminə birləş" adlı layihə çağırışının da təqdimatı olmuşdur. Təqdimatda Azərbaycanda dövlət qeydiyyatından keçmiş müxtəlif dinlərə mənsub dini icmaların Milli Tolerantlıq Mərkəzinə birgə layihə təqdim etməklə maliyyələşdiriləcəyi vurğulanmışdır. Qeyd edilmişdir ki, bu, dinlərarası dialoqun daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Sonda İSESCO və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə DQİDK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 9.