Azərbaycan-ABŞ Forumu
çərçivəsində «Azərbaycan Şərq və Qərb arasında» mövzusunda sessiya keçirilmişdir
Mayın
29-da "Gələcəyə baxış" Azərbaycan-ABŞ
Forumu çərçivəsində
"Azərbaycan Şərq
və Qərb arasında" mövzusunda
sessiya keçirilmişdir.
AzərTAc xəbər verir ki, sessiyanın moderatorları Azərbaycan
Dövlət İdarəçilik
Akademiyasının rektoru
Urxan Ələkbərov
və "Stratfor"
Qlobal Tədqiqatlar Şirkətinin rəhbəri
Corc Fridman olmuşlar.
Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA bildirmişdir
ki, Azərbaycan Şərq və Qərb arasında yerləşən nadir ölkədir.
O demişdir: "Azərbaycan
müsəlman ölkəsidir,
lakin buna baxmayaraq, burada müxtəlif konfessiyaların
nümayəndələri mehriban
qonşuluq şəraitində
yaşayırlar".
Deputat demişdir ki, Azərbaycan Şərq və Qərb, müsəlman və xristian dünyaları arasında körpüdür. Azərbaycanın müstəqilliyinin ilk illərindən ABŞ-ın dəstəyini hiss etdiyini vurğulayan S.Fətəliyeva bildirmişdir ki, ölkələrimiz arasında əməkdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmamalıdır, çünki hərtərəfli tərəfdaşlıq üçün hər cür şərait vardır.
Con Hopkins Universiteti Beynəlxalq Araşdırmalar Məktəbinin Transatlantik Əlaqələr Mərkəzinin aparıcı mütəxəssisi Devid MERKEL qeyd etmişdir ki, Azərbaycan artıq bir vaxtlar soyuq müharibəyə aidiyyəti olan ölkə deyildir. Hazırda Azərbaycan dünyəvi və inkişaf edən ölkədir. Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu bildirən D.Merkel demişdir: "Bu məsələ təhlükəsizlik və sabitlik baxımından Azərbaycan üçün çox vacibdir". O, diqqətə çatdırmışdır ki, ABŞ-ın bu münaqişə üzrə daimi nümayəndəsi olmalıdır. Bu, həmin məsələnin ABŞ dövlətinin diqqət mərkəzində olmasına imkan yaradardı. D.Merkel vurğulamışdır ki, Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır.
Milli Təhlükəsizlik Universitetinin Beynəlxalq Təhlükəsizlik Məsələləri Departamentinin professoru Cefri QREŞ demişdir ki, Azərbaycan ərazisi ilə Əfqanıstana külli miqdarda yük daşınmışdır ki, bu da həmin ölkədə koalisiya qüvvələrinin təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanın Şərq ilə Qərbin qovuşduğu məkan olduğunu qeyd edən Milli Məclisin deputatı Asim MOLLAZADƏ vurğulamışdır: "Azərbaycan bir çox ölkələrdən əvvəl dünyaya ilk operanı, ilk qəzeti və seçki hüququnu bəxş etmişdir. Azərbaycanı ABŞ ilə birləşdirən cəhət demokratiyaya can atmasıdır". Azərbaycan təkcə enerji dəhlizi kimi böyük əhəmiyyət daşımır. O, informasiya texnologiyaları, ticarət, sənaye və s. sahələrdə də öz fəaliyyətini genişləndirir.
"William and Mary" Kollecinin "Reves" Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Stefan HANSON bildirmişdir ki, Şərq və Qərbdən danışanda Azərbaycanı onlar arasında körpü saymaq lazımdır. Azərbaycan bir çox cəhətdən Asiya və Avropanı birləşdirən nadir məkandır. O vurğulamışdır: "Buna konfessiyalararası münasibətlərin yüksək vəziyyətdə olması, iqtisadiyyatın inkişafı və sabitlik imkan yaradır".
Amerika Sahibkarlıq İnstitutunun tədqiqatçısı Maykl RUBİNİN sözlərinə görə, Azərbaycan çox mürəkkəb regionda yerləşir. ABŞ-ın Azərbaycana daha çox diqqət yetirməli, onu dəstəkləməli olduğunu vurğulayan M.Rubin demişdir: "Çünki Azərbaycan Əfqanıstanda, İraqda aparılan əməliyyatlarda həmişə ABŞ-ın yanında olmuş, ABŞ-ın antiterror kampaniyasını dəstəkləmişdir. ABŞ Azərbaycanın sədaqətini qiymətləndirməlidir. Əməkdaşlığı və tərəfdaşlığı daha çox inkişaf etdirmək üçün "907-ci düzəliş"i tamamilə ləğv etmək vaxtı artıq gəlib çatmışdır". Onun fikrincə, Azərbaycan müdafiə qabiliyyətini artırmalıdır. Bu, çox vacibdir, çünki bu ölkə özünü müdafiə edə bilməlidir.
Yaxın Şərq İnstitutunun tədqiqatçısı Aleks VATANKA demişdir ki, Azərbaycan dünyəvi dövlətdir. Bunun region üçün böyük əhəmiyyəti vardır.
Strateji
və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və
Avrasiya üzrə proqram direktorunun müavini Cef MANKOV
bildirmişdir ki, Azərbaycan həqiqətən Cənubi
Qafqazda mühüm rol oynayır. O demişdir:
"İrimiqyaslı enerji və infrastruktur layihələri
Azərbaycanın öz müstəqilliyini müdafiə etməsi,
azad siyasət yeritməsi üçün böyük imkanlar
yaratmışdır". Onun sözlərinə görə,
Azərbaycan uğurlu tarazlı siyasət yeridir. Lakin bununla bərabər,
bu ölkəyə təzyiqlər artır. O
vurğulamışdır: "Azərbaycan özünü təzyiqlərdən
qorumaq üçün beynəlxalq ictimaiyyətlə daim
dialoq aparmalıdır. ABŞ Azərbaycana dəstəyini
gücləndirməlidir".
Azərbaycan.- 2013.- 30 may.- S. 8.