«ABŞ və onun müttəfiqləri - ümumi baxışlar və ortaq dəyərlər» mövzusunda xüsusi sessiya keçirilmişdir

 

Mayın 29-da "Gələcəyə baxış" Azərbaycan-Amerika Forumu çərçivəsində "ABŞ və onun müttəfiqləri - ümumi baxışlar və ortaq dəyərlər" mövzusunda beşinci xüsusi sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyanın moderatoru Amerika və Avrasiya "Turquoise" Şurasının prezidenti Kemal Öksüz tədbirin əhəmiyyətindən danışmışdır.

Sessiyada çıxış edən  ABŞ Prezidenti Barak Obamanın sabiq baş məsləhətçisi Devid Plauffi ABŞ-ın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirmişdir. Hər iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin və əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edən sabiq baş məsləhətçi bildirmişdir ki, 11 sentyabr hadisələrindən bu günə qədər ABŞ daim  Azərbaycanın dəstəyini hiss etmişdir. D.Plauffi Azərbaycanda olan terror, təhlükəsizlik və digər problemlərin həm də ABŞ-ın problemləri olduğunu demişdir. O, bu problemlərin həllində ölkəsinin məhz Azərbaycanı dəstəklədiyini qeyd etmişdir.

Azərbaycanın gənc dövlət olduğunu diqqətə çatdıran sabiq baş məsləhətçi buna görə də ölkəmizdə bir çox məsələlərin təkmilləşdirilməsinin vacibliyini qeyd etmişdir. D.Plauffi Azərbaycanın terrorla mübarizəyə töhfə verdiyini xüsusi vurğulamışdır.

Sessiya iştirakçılarına ABŞ və onun müttəfiqlərinin ümumi baxışları barədə geniş məlumat verən D.Plauffi bu istiqamətdə ortaq dəyərləri xüsusi qiymətləndirmişdir.

Ölkəsinin iqtisadiyyatı barədə danışan sabiq baş məsləhətçi, həmçinin ABŞ-ın alternativ enerji və sahibkarlıq təcrübəsi barədə də məlumat vermişdir. XXI əsrin kiberterror əsri olduğunu da diqqətə çatdıran D.Plauffi bu istiqamətdə kifayət qədər problemin olduğunu diqqətə çatdırmış, onların həlli yollarından danışmışdır.

Sonra sessiya iştirakçılarının sualları cavablandırılmışdır.

 

Azərbaycan.- 2013.- 30 may.- S. 8.