«Gələcəyə baxış»
ABŞ-Azərbaycan Forumu çərçivəsində «Azərbaycan-ABŞ strateji münasibətləri:
atılacaq növbəti addımlara doğru» mövzusunda
yekun sessiya keçirilmişdir
Mayın
29-da Bakıda "Gələcəyə baxış"
ABŞ-Azərbaycan Forumu çərçivəsində
"Azərbaycan-ABŞ strateji münasibətləri:
atılacaq növbəti addımlara doğru" mövzusunda
yekun sessiya keçirilmişdir.
AzərTAc
xəbər verir ki, sessiyada çıxış edən
ABŞ senatoru Riçard Luqar Azərbaycan Prezidenti İlham Əliyevin
forumun açılış mərasimində söylədiyi
nitqin tədbir iştirakçılarında dərin təəssürat
yaratdığını bildirmişdir. Azərbaycanın
ABŞ üçün çox vacib dost və tərəfdaş
olduğunu söyləyən R.Luqar bildirmişdir ki, ölkələrimiz
arasında əməkdaşlığın bütün
istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik
və digər sahələrdə daha da genişləndirilməsi
üçün yaxşı imkanlar vardır.
Azərbaycanın
dünyada nüfuzunun getdikcə artdığını deyən
senator ölkəmizin terrorçuluğa qarşı
mübarizəyə verdiyi töhfələrdən
danışmış, Azərbaycan hərbçilərinin Əfqanıstanda
sülhməramlı əməliyyatlarda ABŞ əsgərləri
ilə çiyin-çiyinə dayandığını
vurğulamışdır.
ABŞ-ın
Azərbaycandakı səfiri Riçard Morninqstar ölkələrimiz
arasında əməkdaşlığın hazırkı vəziyyəti
barədə məlumat vermiş və ikitərəfli strateji
münasibətlərin hər iki dövlətin maraqlarına
uyğun olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, beynəlxalq
miqyasda terrorçuluğa qarşı mübarizədə Azərbaycan
ABŞ-a fəal dəstək verən ölkələrdən
biridir. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara
həm əsgəri qüvvə, həm də quru və hava məkanından
istifadəyə imkan yaratmaqla mühüm töhfələr
verdiyini söyləyən səfir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunmuş,
hazırkı status-kvonun qəbuledilməz olduğunu söyləmişdir.
ABŞ
Konqresinin üzvü Ted Po Azərbaycanın milli bayramı -
Respublika Günü münasibətilə xalqımızı
təbrik etmişdir. O, Azərbaycanın müsəlman
dünyasında ilk demokratik və dünyəvi respublika kimi
nümunə olduğunu söyləmiş, müstəqilliyini
bərpa etdikdən sonra respublikamızda bütün sahələrdə
əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir.
Azərbaycanda
gedən sürətli inkişaf proseslərinin dünya
dövlətləri üçün model olduğunu söyləyən
T.Po ölkəmizin demokratiyanın inkişafı istiqamətində
də bir çox uğurlar qazandığını diqqətə
çatdırmışdır. ABŞ Konqresinin üzvü
yerləşdiyi həssas regionda Azərbaycanın tam müstəqil
siyasət yürütdüyünü, bunun da çox vacib
amil olduğunu vurğulamışdır.
Azərbaycanın
ABŞ-dakı səfiri Elin Süleymanov bildirmişdir ki, dini
və mədəni tolerantlıq baxımından zəngin
tarixi ənənələrə malik olan Azərbaycan bir
çox dövlətlər üçün nümunə
sayılır. Azərbaycan ABŞ və Avropa ölkələri,
bütövlükdə Qərb üçün əsas tərəfdaşlardan
biridir.
ABŞ-ın Azərbaycanda enerji layihələrində əməkdaşlıq, təhlükəsizlik məsələləri və siyasi-iqtisadi islahatlar istiqamətlərində marağının olduğunu söyləyən E.Süleymanov ölkələrimizin artıq bu sahələrdə mühüm nailiyyətlər əldə etdiklərini söyləmişdir. Diqqətə çatdırılmışdır ki, zəngin enerji ehtiyatlarına, nadir geosiyasi, geostrateji və geoiqtisadi mövqeyə malik Azərbaycan öz potensialı ilə ABŞ-ın regiondakı maraqlarının reallaşmasına cavab verir. Bildirilmişdir ki, hər iki ölkənin regional və qlobal təhlükəsizlik sahələrində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu əməkdaşlıq artıq regional sərhədləri aşmış və qlobal əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən konqresin digər üzvləri Azərbaycan kimi güclü dövlətin ABŞ üçün böyük əhəmiyyətə malik olduğunu söyləmişlər. Bildirilmişdir ki, məhz Azərbaycan kimi ölkələrlə strateji tərəfdaşlıq münasibətləri ABŞ-a üzləşdiyi çağırışlara daha uğurla cavab verməyə imkan verir. Qeyd edilmişdir ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir.
Natiqlər "Gələcəyə
baxış" ABŞ-Azərbaycan Forumunun
ölkələrimiz arasında əlaqələrin daha da inkişafı
baxımından əhəmiyyətini vurğulamış, tədbirin
yüksək səviyyədə təşkilinə görə
Azərbaycan hökumətinə, xüsusilə də Prezident İlham Əliyevə
təşəkkür etmişlər.
Azərbaycan.- 2013.- 30 may.- S. 8.