İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini sessiyalarla davam etdirmişdir

 

Mədəni irsin qorunması, sülhün möhkəmləndirilməsi müasir dünyada əsas məqsədlərdən biridir

 

 Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 30-da "Cənub-Şərqi Avropa, Qara dəniz və Qafqaz regionunda mədəni dəhlizlər - birgə irs, ümumi vəzifələr, davamlı gələcək" mövzusunda birinci plenar sessiya olmuşdur.

AzərTAc xəbər verir ki, sessiya işinə Azərbaycanın beynəlxalq nüfuzunu, mədəniyyətini, turizm potensialını özündə əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.

Forumun birinci sessiyasında sülhinkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri müzakirə olunmuşdur.

Bolqarıstan MilliÜmumdünya İqtisadiyyat Universitetinin professoru Vasil PRODONOVUN moderatoru olduğu sessiyada mövzu üzrə məruzələr dinlənilmişdir.

Belə bir mühüm  forumun keçirilməsinə dəstək verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını  bildirən Bolqarıstanın sabiq Prezidenti Georgi PIRVANOV demişdir ki, bu tədbir xalqlar arasında mövcud olan əlaqələri daha da möhkəmləndirəcəkdir.

Qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan müxtəlif millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu isə ölkənin inkişafında vacib amildir. Azərbaycanda yaradılmış bu nadir təcrübə digər ölkələr tərəfindən öyrənilməlidir. Bakıda artıq ikinci dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu inkişafa və mədəni müxtəlifliyə hörmətlə yanaşılmasına təkan verir.

Sabiq Prezident demişdir: "Mədəni müxtəliflik uzun bir tarixi keçmişlə bağlıdır. Biz daha ciddi təşəbbüslə çıxış edə bilərik. Bu, ölkələr arasında mədəni dialoq platformasına təkan verir. Regionlarımızın mədəni sərvətləri bizi ayırmır, əksinə, xalqları birliyə, yaxınlığa səsləyir. Biz təhlükə altında olan mədəni irsin qorunmasına çalışmalıyıq".

Forumun keçirilməsinin çox gözəl təşəbbüs olduğunu söyləyən Xorvatiyanın sabiq Prezidenti Stepan MESİÇ demişdir ki, bu mötəbər tədbirdə humanitar məsələlərə daha çox diqqət yetirilir, xalqlar arasında sülh, dostluq, qarşılıqlı anlaşma kimi zəruri dəyərlərlə bağlı təkliflər səsləndirilir. Humanizm qıtlığının yaşandığı müasir dünyamızda isə bu, çox əhəmiyyətlidir. Bu forumun daha geniş əməkdaşlıq yollarının axtarılması baxımından da əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.

Azərbaycanın tarix boyu mehriban qonşuluq, digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək siyasəti yürütdüyünü söyləyən qonaq bunu təqdirəlayiq hal kimi dəyərləndirmişdir. Deyə bilmərik ki, mədəni dialoq sahəsində problemlər yoxdur. Biz çalışmalıyıq ki, bunlar aradan qalxsın. Hər kəs öz mədəniyyətini inkişaf etdirməklə yanaşı, digər xalqların da mədəni sərvətlərinə hörmətlə yanaşmalıdır.

Sabiq Prezident vurğulamışdır ki, dayanıqlı ekoloji turizm də mədəni əlaqələrin möhkəmlənməsində mühüm amillərdəndir.

Təmsil etdiyi qurumun son illər həyata keçirdiyi layihələrdən söz açan UNESCO-nun baş direktoru İrina BOKOVA Bakıda keçirilən forumun böyük əhəmiyyət daşıdığını söyləmişdir.

Baş direktor demişdir: "Qəddarlıqla dağıdılmış mədəni abidələri görəndə insanın ürəyi  ağrıyır. Mədəni abidələri məhv edənlər anlamalıdırlar ki, bu, təkcə hansısa xalqın sərvəti deyil, ümumbəşəri dəyərdir. Mədəni irsin qorunması olduqca vacibdir. Bunu qorumaq hər birimizin borcudur".

Gənclərin mədəni irsin qorunması prosesinə cəlb olunmasının vacibliyini  xüsusi vurğulayan İrina Bokova diqqətə çatdırmışdır ki, biz iki ildir  "İrs gənc əllərdədir" təşəbbüsünü dəstəkləyirik. Bu, bizim üçün olduqca vacibdir.

Avropa və Asiyanın qovuşuğunda yerləşən ölkəmizdə əsrlər boyu müxtəlif xalqları təmsil edən insanların sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyən Azərbaycanın xarici işlər naziri Elmar MƏMMƏDYAROV dövlətlər və xalqlar arasında sülhün qorunmasında mədəniyyətin, incəsənətin böyük önəm daşıdığını bildirmişdir.

Azərbaycanın ev sahibliyi ilə keçirilən möhtəşəm beynəlxalq tədbirlərdən söz açan nazir demişdir ki, bu forum nüfuzlu qurumlar tərəfindən dəstəklənir.

O, Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsini və həmin ərazilərdə xalqımıza məxsus mədəniyyət abidələrinin dağıdılmasını pisləmişdir.

NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Kolinda GRABAR-KİAROVİÇ təmsil etdiyi qurumun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrdən danışmışdır.

Mədəni dialoqun qurulmasında NATO-nun da maraqlı olduğunu söyləyən qurumun nümayəndəsi bildirmişdir ki, belə forumlar çərçivəsində təşkil edilən görüşlər xalqlar arasında mövcud olan dəyərlərin qorunmasına təkan verməkdədir. Bu, bir daha göstərir ki, biz  təhlükəsizliyimizin təmin olunması naminə birgə addımlar atmalı, birgə qərarlar verməliyik.

Qonaq bildirmişdir ki, NATO  Mərkəzi və Cənubi Avropa ölkələrində demokratiyaya keçidə dəstək vermişdir və həmin proses bu gündavam etməkdədir.

Forumun təşkilatçılarına dərin minnətdarlığını bildirən Monteneqronun mədəniyyət naziri Branislav MİÇUNOVİÇ demişdir ki, bu tədbir mədəniyyət sahəsində əməkdaşlıq etmək üçün  nadir bir platformadır.  Bu gün Bakı Şərqlə Qərb arasında mədəni müzakirələrin keçirildiyi gözəl bir məkana çevrilmişdir. Biz bunu həmişə yüksək qiymətləndirməliyik. Ən azı ona görə ki, bu ölkə müxtəlif xalqların nümayəndələrinin birgə yaşamasını təmin etməklə, həm də digərlərinə bariz nümunədir. Düşünürəm ki, Bakı mədəniyyətlərarası dialoqun paytaxtı ola bilər.

Avropa mədəni marşrutlar  institutunun rəhbəri Penelope DENU bildirmişdir ki, mədəniyyətlərarası dialoq dini aspektdə də mühüm rol oynamaqdadır.

Təmsil etdiyi qurumun həyata keçirəcəyi layihələrdən söz açan qonaq bildirmişdir ki, mədəni marşrutlarla  bağlı 6 layihəyə kömək göstərilməklə yanaşı, yeni veb-sayt da istifadəyə veriləcəkdir.

İnsanların bir araya gəlməsində mədəniyyətin mühüm rol oynadığını deyən tarix və mədəni landşaftın qorunması üzrə bolqarıstanlı ekspert, professor Rumyana MİHNEVA demişdir ki, bu mötəbər forumun Bakıda keçirilməsi təsadüfi deyildir, çünki Azərbaycan bir çox sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır.

Bakıda olmağından məmnunluğunu söyləyən Bolqarıstanın Arxitektura, Mühəndislik və Geodeziya Universitetinin əməkdaşı Donika GEORGİEVA mədəniyyətin insanların və xalqların tarixində oynadığı mühüm roldan söz açmışdır.

Qonaq demişdir ki, Bakıda keçirilən bu forum bizi birliyə, mədəni müxtəlifliyi qorumağa, bərabərliyə və ən başlıcası, dünyada sülhü möhkəmlətməyə çağırır. Biz bu yolda birgə addımlamağı bacarmalıyıq.

Mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərdən biri olduğunu söyləyən natiqlər qeyd etmişlər ki, bu formatda təşkil olunan dialoqlar xalqları bir-birinə daha çox yaxınlaşdırır.

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.