«Tarixin tədrisi vasitəsilə
mədəniyyətlərarası dialoq: ən
yaxşı təcrübələr
və çətinliklər» mövzusu geniş müzakirə
edilmişdir
Mayın
30-da Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində "Tarixin tədrisi
vasitəsilə mədəniyyətlərarası dialoq: ən
yaxşı təcrübələr və çətinliklər"
mövzusunda işçi sessiya keçirilmişdir.
AzərTAc
xəbər verir ki, işçi sessiya Avropa Şurası
Şimal-Cənub Mərkəzi icraçı direktorunun
müavini Roman ÇLAPAKIN
moderatorluğu ilə keçirilmişdir.
Tədbirin əhəmiyyətindən danışan R.Çlapak bildirmişdir ki, tarix mədəniyyətlərarası dialoqu dəstəkləyən bir alətdir. Tarix və tarixin tədrisi həmişə Avropa Şurasının təhsil sahəsində fəaliyyətinin əsasını təşkil etmişdir. Sessiya tarixin tədrisində qazanılmış təcrübələrin və uğurların paylaşılmasında böyük rol oynayacaq, bu sahədə qarşıya çıxan çətinliklərin birgə araşdırılmasına, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə təkan verəcəkdir.
Avropa Şurasının Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini qeyd edən R.Çlapak demişdir ki, Azərbaycan bu qurumun, eləcə də Şimal-Cənub Mərkəzinin üzvüdür. Bir sıra qlobal problemlərin həlli istiqamətində mühüm işlər görən mərkəzin fəaliyyətində təhsil və gənclər məsələsi bu gün diqqəti daha çox cəlb edən məsələlərdəndir. Əminəm ki, Bakıda artıq ikinci dəfə keçirilən forum bizi gələcəyə doğru daha inamla addımlamağa stimul verən yeni ideyalar ilə tanış edəcəkdir.
Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl CABBAROV
çıxışında bildirmişdir
ki, bir çox ölkələrin
və millətlərin tarixin tədrisindən
özlərinin müəyyən mənafelərinə nail olmaq üçün
istifadə etmələri bəşər tarixində artıq
adət halını almışdır. Bu isə
dünyanın bir çox
yerlərində münaqişələrin yaranmasına səbəb
olur, onların ədalətli və dözümlü həllinə əngəl törədir.
Təəssüflər olsun ki, bizim regionumuz
da bu cür
hallardan istisna deyildir. Bir çox hallarda
tarixin tədrisindən
tarixi birtərəfli
və qərəzli şəkildə təqdim
etmək üçün
istifadə edilir.
Bütün bunlar məhz
belə bir ideya uğrunda cərəyan edir və bu, sivilizasiyalar
arasındakı dialoq
məsələsini gündəmə
gətirir.
Nazir artıq
20 ildən çoxdur
ki, Azərbaycanın Ermənistan tərəfindən
təcavüzə məruz
qaldığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, bu təcavüz
milli ekstremist qüvvələr tərəfindən
həyata keçirilmişdir.
Mədəniyyətlərarası uzlaşma qarşılıqlı
hörmət və anlaşmadan irəli gəlir. Tarix xalqları körpü
kimi birləşdirməli,
arada maneələrin olmasına imkan verməməlidir. İnsanlar arasında
ədavət, nifrət,
düşmənçilik toxumlarının
səpilməsinin qarşısını
almaq üçün
tarixin tədrisi sahəsində xüsusi mexanizmlərin yaradılması,
bu istiqamətdə gənclərin potensialından
istifadə edilməsi
zəruridir. Çünki dünyada baş verən təbii fəlakətlərin, qlobal
proseslərin fonunda
bu gün insanların birləşmələrinə
daha çox ehtiyac vardır.
Türkiyənin İslam Tarixi, Mədəniyyəti və
İncəsənəti Mərkəzinin
baş direktoru Halit EREN təmsil etdiyi qurumun Avropa Şurası ilə əməkdaşlıq
çərçivəsində həyata keçirdiyi layihələrdən danışmışdır.
Forumun əhəmiyyətindən söz
açan H.Eren demişdir ki, mədəniyyətlərarası dialoq zəngin mədəniyyətə malik
xalqlar arasında əlaqələrin genişlənməsinə
kömək edir. Bu, həm də
tarixin tədrisi ilə bağlı bir məsələdir.
Bu baxımdan beynəlxalq təşkilatlar
arasında tərəfdaşlığın
böyük əhəmiyyəti
vardır. Tarix ictimaiyyətə
açıq olmalıdır.
Beynəlxalq tərəfdaşların əməkdaşlığı tarixin tədrisi sahəsində yeni kurikulumun işlənib hazırlanmasına kömək
edə bilər.
Əminəm ki, burada tarixin tədrisi sahəsində bilik və təcrübələrin
paylaşılması mədəniyyətlərarası
dialoqun güclənməsinə
öz töhfəsini
verəcəkdir.
İşçi sessiyada Avropa Tarix Müəllimləri Assosiasiyasının təmsilçisi
xanım Yok van der LYU-ROD, Avropa Şurasının eksperti
Brayan KARVEL,
Livandakı Adyan
Fondunun sədri Fadi DAOU, Fələstinin Betlehem Universitetinin professoru Sami
ADVAN, Ukrayna Tarix və Sosial Tədqiqatlar Assosiasiyasının nümayəndəsi
Polina VERBİTSKA, mərakeşli
professor Mustafa HƏSƏNİ İDRİSİ və başqaları çıxış edərək
Bakıda keçirilən
İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışmış,
müasir dövr üçün belə vacib tədbirin təşkilinə görə
Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda tədbir
iştirakçılarını maraqlandıran suallar
cavablandırılmış, mövzu ətrafında
müzakirələr aparılmışdır.
Azərbaycan.- 2013.- 31 may.- S. 4.