«Yeni qloballaşma
erası: dəyişən dünyada mədəniyyətdə
hibridləşmə»
Mayın 30-da İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Yeni qloballaşma erası: dəyişən dünyada mədəniyyətdə hibridləşmə" mövzusunda ikinci plenar sessiya keçirilmişdir. Sessiyada əsas müzakirə mövzusu yeni qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması məsələləri olmuşdur.
AzərTAc xəbər verir ki, sessiyanın moderatoru, Zalsburq Qlobal Seminarının böyük vitse-prezidenti Edvard MORTİMAR forumda sivilizasiyaların qarşılıqlı təsiri məsələlərinə dair aparılacaq diskussiyaların əhəmiyyətini vurğulamışdır.
Dialoq üzrə Ümumdünya Şurasının baş direktoru Alister Makdonald-RADKLİF qeyd etmişdir ki, hazırda bəzi adamlar qloballaşmanı təhlükə hesab etsələr də, əslində bu proses mədəniyyətlərin bir-birini anlamasına və birlikdə öz identikliyini qoruyub saxlamasına kömək edir. O vurğulamışdır: "Biz bir-birimizi anlamalı, mədəniyyətlərin mövcudluğunu yox olmaq təhlükəsinə məruz qoymamalıyıq".
Rusiya Federasiyası Prezidentinin müşaviri Mixail ŞVIDKOY demişdir ki, cəmiyyətdə bütün məsələləri sadə insanlar həll edir, sosiumun gələcəyi məhz onlardan asılıdır. "Bu gün biz istehlak sivilizasiyasında yaşayırıq. O, mütləq mənada qlobaldır. Biz hamımız bu və ya digər dərəcədə universalıq, bizim ortaq cəhətlərimiz çoxdur", - deyən M.Şvıdkoy bildirmişdir ki, ali həyat standartlarının mövcud olması hələ mədəniyyətlərarası dialoq problemlərinin həlli deyildir. Son zamanlar Avropada baş verən hadisələr bunu əyani şəkildə göstərir. M.Şvıdkoy demişdir: "Əgər biz hibrid dünya barədə danışırıqsa, başa düşməliyik ki, kommunikasiya erasında hər hansı hərəkətlər bir anda bütün dünyaya yayılır, bunun nəticəsində toqquşmalar, münaqişələr yaranır. Bu gün tolerantlıq, dialoq barədə danışmaq yox, bunu əməli şəkildə göstərmək vacibdir".
Sasseks Universitetinin (Böyük Britaniya) professoru Şamit SAQQAR mədəniyyətlərə tətbiqən "hibridlik" və "sintez" terminləri üzərində ətraflı dayanmışdır. Onun sözlərinə görə, bu gün biz sivilizasiyaların qarşılıqlı təsirindən nə gözlədiyimizi, etnik münaqişələrdən necə yaxa qurtarmağı aydınlaşdırmalıyıq. Professorun fikrincə, münaqişələrin qarşısını ilk növbədə, cəmiyyətlər özləri ala, bu problem insanların özləri tərəfindən əsaslı şəkildə həll edilə bilər.
İtaliyanın keçmiş baş naziri Lamberto DİNİ belə hesab edir ki, bu gün plüralizm, tolerantlıq və açıqlıq cəmiyyətin mövcud olması, onun tarazlığının təmin edilməsi üçün çox əhəmiyyətli amillərə çevrilmişdir. Onun fikrincə, qloballaşmaqda olan dünyada ümumi standartlara, dəyərlərin toplusunun tədqiqinə ehtiyac yaranır. L.Dini qeyd etmişdir ki, cəmiyyətlər dünyada mövcud olan universal dəyərlərə istiqamətlənməlidirlər. O, elə bir universal model yaratmağı təklif edir ki, bu model xalqların dinc yanaşı yaşamasına xidmət edən qanunvericilik aktlarını və demokratik prinsipləri ehtiva etsin.
Türkiyənin Boğaziçi Universitetinin professoru Yılmaz HAKAN siyasi münaqişələrə gətirib çıxaran mədəni və etnik amillərdən söhbət açmışdır. O qeyd etmişdir ki, siyasi münaqişələr elə mürəkkəb vəziyyətlərə gətirib çıxarır ki, bu vəziyyətlərdən xilas olmaq çətindir. Buna görə də əvvəlcə cəmiyyətdə dialoq yaratmağın yollarını tapmaq lazımdır. Bu, siyasi münaqişələrdən yaxa qurtarmağın ən yaxşı yoludur.
Orxus Universitetinin professoru Frederik STJERNFELT qeyd etmişdir ki, bu gün bəzi Avropa ölkələrində multikulturalizmi müxtəlif sivilizasiyaların nümayəndələrini birləşdirməyə qabil olmayan uğursuz prinsip hesab edirlər. O qeyd etmişdir ki, qarşılıqlı anlaşmaya nail olmaq üçün multikulturalizm əvəzinə mədəniyyətlərarası dialoqdan istifadə etmək olar. Onun fikrincə, mədəniyyətlərarası dialoq həqiqətən mümkündür və insanlar buna çalışmalıdırlar.
Azərbaycan
Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun direktoru İlham MƏMMƏDZADƏ
demişdir ki, ciddi normativlik kimi qəbul edilən mədəniyyət
multikulturalizmi anlamağa mane olur. Onun sözlərinə
görə, mədəniyyətlər arasında dialoqun
mümkünlüyü məsələsi sadə insanlar tərəfindən
deyil, universitetlərdə və məktəblərdə həll
edilir.
Azərbaycan.- 2013.- 31 may.- S. 4-5.