«Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa»

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" devizi altında keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 30-da "Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa" mövzusunda işçi sessiya olmuşdur.

AzərTAc xəbər verir ki, sessiyaya BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktoru Jan Kristof BAS moderatorluq etmişdir.

Moderator bildirmişdir ki, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra, xüsusilə son 10 il ərzində Qərb və müsəlman dünyası arasında münasibətlər qarşılıqlı inamsızlığın, qarşıdurmanın, anlaşılmazlığın artması ilə xarakterizə olunur. Hər iki tərəfin hökumətlərinin, siyasətçilərinin, din xadimlərinin, vətəndaş cəmiyyətlərinin üzərinə gərginlik və dözümsüzlüyün yaranma riskinin azaldılması istiqamətində konstruktiv qarşılıqlı vəzifələri təşviq etmək düşür.

Tərəflərin yeni liderlərinin "digər cəmiyyət"in reallıqlarını görə bilmələri üçün "İnkişaf etməkdə olan liderlər" təlim proqramının müvafiq məsələlərin öyrənilməsində, başa düşülməsində, stereotiplərin dağıdılmasında böyük əhəmiyyəti vardır.

BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən ərəb və digər müsəlman ölkələrində, Avropa  ABŞ-da fəaliyyət göstərən təşkilatların birgə əməkdaşlığı ilə hazırlanmış proqramın məqsədi Qərb və islam dünyasında  bir-birini yaxşı tanıyan, eləcə də qarşılıqlı surətdə mənsub olduqları cəmiyyəti, onun mədəniyyətini yaxşı öyrənmiş və onlara hörmət edən, qarşılıqlı inam və gələcək əməkdaşlığı inkişaf etdirən yeni nəsil liderlər yetişdirməkdir. "İnkişaf etməkdə olan liderlər" proqramının Birinci Məzunlar Sammiti Bakı Forumuna həsr olunacaqdır. Bu sammit məzunlara forum iştirakçıları ilə öz təcrübələrini və səfər təəssüratlarını bölüşməyə, Qərb və müsəlman ölkələrindən olan insanlar arasında münasibətlərin genişlənməsinə, qarşıdurmadan əməkdaşlığa keçməyə imkan yaradacaqdır.

Avropanın nəhəng "50 hertz" elektrik şəbəkəsi operatorunun enerji siyasəti bölməsinin rəhbəri  Annika KİSSLER proqramın insanlar arasında qarşılıqlı anlaşmaya xidmət etmək, müvafiq sahə üzrə təcrübə mübadiləsi baxımından əhəmiyyətini diqqətə çatdırmışdır.

"Nomadies" davamlı və beynəlxalq kooperasiya üzrə müstəqil konsaltinq agentliyinin həmtəsisçisi və icraçı direktoru Cedric BAECHER qloballaşan dünyada belə proqramın insanlar arasında dialoqun uğurlu alınması baxımından əhəmiyyətini qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, fəlsəfə doktoru Fərhad MƏMMƏDOV müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdırmış, dinlərarası tolerantlığın və regionlararası sülhün əsas məsələlərdən olduğunu bildirmişdir. Vurğulamışdır ki, Azərbaycanda dinlər arasında olan münasibət, tolerantlıq bizim üçün bir həyat tərzidir. Qloballaşan dünyada heç də bütün cəmiyyətlər eyni vəziyyətdə yaşamırlar. Münasibətlərin formalaşmasında iqtisadi amilin gücü böyükdür. İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dinlərarası münasibətlər normal tənzimlənir. Həmçinin mövzu ilə bağlı daim fəaliyyətdə olan platformaların da  böyük əhəmiyyəti vardır.

Mərakeşdən Rabat İdarəçilik və İqtisadiyyat Məktəbinin ictimaiyyətlə əlaqələr meneceri, Aralıq Dənizi Gənclər Forumunun vitse-prezidenti Vadia ait HAMZA ayrı-ayrı ölkələrdə mövzu çərçivəsində maarifləndirmənin aparılmasının vacibliyini qeyd etmişdir.

Beynəlxalq Valyuta Fondunun keçmiş iqtisadçısı Rabah QEZALİ, "Patton Boggs" beynəlxalq hüquq şirkətinin əməkdaşı Elizabet RYAN, Tunisdən "Fikir və qərar fəaliyyəti" QHT-nin baş katibi və təsisçisi Emna Ben YEDDER, İordaniyada sosial demokrat baxışların daşıyıcısı olan azad assambleyanın nümayəndəsi Muaz ABUDALO, "Huffington Post"un bloqqeri Mohsin MOHİ-UD-DİN, hüquqşünas Dala QRANDOUR  "İnkişaf etməkdə olan liderlər" proqramı çərçivəsində səfərlərindən danışmış, eləcə də bu istiqamətdə Bakıda fikir mübadiləsinə imkan yaradıldığına görə təşəkkürlərini bildirmişlər.

Sonda  tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında müzakirələr aparılmışdır.

 

 

Azərbaycan.- 2013.- 31 may.- S. 5.