İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində XXI əsrdə mədəniyyətlərarası bacarıqların qurulması məsələsi geniş müzakirə olunmuşdur

 

Bakıda öz işini uğurla davam etdirən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 30-da "XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması" mövzusunda sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, sessiyanın moderatoru, UNESCO-nun sülh və qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina STENOU Bakıda olmasından böyük məmnunluq ifadə etmişdir.

Mövzunun vacibliyini diqqətə çatdıran K.Stenou UNESCO-nun mədəniyyətlərarası sivilizasiyanın inkişafında zəngin təcrübəyə malik olduğunu bildirmişdir. Moderator indiki narahat dünyamızda insanların sülhün müdafiəsinə qalxmasının vacibliyini də diqqətə çatdırmışdır. O, UNESCO-nun mədəniyyətlərarası münasibətlərin qurulması, yeni kommunikasiyalar və sivilizasiyalar yaradılması istiqamətindəki təcrübəsi barədə də ətraflı məlumat vermişdir.

Bildirmişdir ki, UNESCO-nun məqsədi insanlara öz stereotiplərini aşılamaq deyildir. Moderator  təşkilatın müxtəlif ideyaları qəbul edərək birlikdə işləməyə üstünlük verdiyini demişdir. K.Stenou təmsil etdiyi təşkilatın təhsil, insan hüquqları, ümumiyyətlə, insan həyatı və fəaliyyəti ilə bağlı olan bütün sahələrdə inkişafa  töhfə verdiyini qeyd etmişdir. Qonaq  mədəniyyətlərin müxtəlifliyinin nəzərə alınmasının vacibliyini diqqətə çatdıraraq  bildirmişdir ki, bunun üçün müxtəlif layihələrin həyata keçirilməsinə imkanlar yaradılmalıdır.

K.Stenou mədəniyyətlərin müxtəlifliyinin UNESCO-nun deklarasiyasında da qeyd edildiyini xatırlatmış, bu sessiyada mədəniyyət ideallarına, insan hüquqlarına  hörmətin nümayiş etdiriləcəyinə əminliyini  bildirmişdir.

İnsan Hüquqlarının Maarifləndirilməsi Assosiasiyasının təsisçisi və baş məsləhətçisi xanım Felisa Lynn TİBBİTTS insan hüquqlarının müdafiəsi sahəsində mütəxəssis olduğunu bildirmiş, bu istiqamətdə böyük işlər həyata keçirdiyini diqqətə çatdırmışdır. O, UNESCO-nun insan hüquqlarına hörmətlə yanaşdığını, mədəniyyətlərarası bacarığın nümayiş olunmasına böyük töhfə verdiyini demişdir.

 L.Tibbitts regional sahədə də mədəniyyətlərarası bacarıqların inkişaf etdirilməsinin  vacibliyini diqqətə çatdırmışdır. İnsan hüquqlarını özündə ehtiva edən bacarıqlar barədə məlumat verən L.Tibbitts bildirmişdir ki, cəmiyyətdə kimliyindən asılı olmayaraq bütün insanların mədəniyyətlərinə və milli folklorlarına hörmətlə yanaşılmalıdır.

Müxtəlif siyasətlər və proqramlar vasitəsilə insanlar arasında mədəniyyətlərarası bacarıqların tətbiq edilməsi barədə söhbət açan L.Tibbitts qeyd etmişdir ki, dünyada bərabərliyə diqqətlə yanaşılmalıdır.

Duke Universitetinin icraçı direktoru xanım Darla DEARDORFF  XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulmasının vacibliyini diqqətə çatdırmışdır. O, bu bacarıqların üzə çıxarılması istiqamətində  bir çox layihələrin həyata keçirildiyini demişdir. D.Deardorff dünyada yaşayan və müxtəlif xalqlara, dinlərə, irqlərə mənsub olan insanların mədəniyyətlərinin müxtəlifliyini nəzərə alaraq məhz bu istiqamətdə görüləcək işlər barədə məlumat vermişdir.

Ərəb İnsan Hüquqları İnstitutunun prezidenti Abdelbasset Ben HASSEN müzakirə olunan mövzunun əhəmiyyətini vurğulamışdır. O, ərəb inqilabları və bu inqilablardan sonrakı proseslər barədə iştirakçılara geniş məlumat vermişdir. A.Hassen mədəniyyətlərarası bacarıqların tanınması və istifadəsinin dünyada hər kəsi düşündürən bir çox sualların cavablandırılmasına kömək göstərəcəyinə əminlik ifadə etmişdir. O, dünyada baş verənlərə insanların yeni yanaşmalarının və əldə edilmiş təcrübələrin vacibliyini də diqqətə çatdırmışdır. Qonaq ərəb dünyasının beynəlxalq aləmin böyük bir hissəsinə istiqamətlənən və müxtəlif sahələri özündə cəmləşdirən bir region olduğunu bildirmiş, ərəb dünyasında insan hüquqlarının müdafiəsi istiqamətində mühüm addımların atıldığını vurğulamışdır. A.Hassen qeyd etmişdir ki, insan hüquqları və demokratiyanın düzgün təbliği sayəsində insanlar arasında arzu olunan nəticələr əldə edilməsi mümkündür.

Azərbaycanlı ekspert Cahangir SƏLİMXANOV bu mövzuda  sessiyanın keçirilməsini yüksək qiymətləndirmişdir. Ekspert mədəniyyətlərarası bacarıqlarla bağlı  belə bir sessiyanın təşkilinin bu sahədə müəyyən nailiyyətlərin əldə olunmasına imkan yaradacağına ümidvar olduğunu bildirmişdir. O, gələcəkdə mədəniyyətlərarası bacarıqların aşılanması üçün xüsusi ixtisas kurslarının keçirilməsi ilə bağlı təkliflə çıxış etmişdir. Bildirmişdir ki,  bu kurslar gələcəkdə yeni bacarıqların öyrənilməsinə və digər sahələrdə də mədəniyyətlərə töhfə verilə bilər. Azərbaycanlı ekspert bu mövzuda sessiyanın keçirilməsinin həm də müxtəlif ölkələrdə milli mədəniyyətlərə yeni baxış prizmasından yanaşmağa kömək edəcəyinə ümidvar olduğunu demişdir.    

Paris Universitetinin hüquqşünası xanım Feriel Alt Ouyahia HERLAUT, fransalı siyasətçi Əhməd ZOUHE, UNESCO-nun sosialinsan elmləri sektorunun nümayəndələri - xanım Souria Saad ZAL və Konstantinos TARARAS müzakirə edilən mövzunun vacibliyindən danışmışlar.

Çıxış edənlər bu sessiyanın əsas məqsədinin insanlar arasında mədəniyyət bacarıqlarının müəyyənləşməsinə töhfə vermək olduğunu bildirmişlər.

Sonra sessiya işini müzakirələrlə davam etdirmişdir.

 

 

Azərbaycan.- 2013.- 31 may.- S. 5.