İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının
şərəfinə ziyafət verilmişdir
Mayın 30-da "Buta" sarayında Azərbaycan hökuməti adından İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə dünya şöhrətli caz musiqiçisi Kristof Gozenin hazırladığı "Mədəniyyətlərarası musiqi mübadiləsi" kompozisiyası nümayiş olunmuşdur. On altı dəqiqəlik kompozisiyada dünyanın müxtəlif musiqi mədəniyyəti elementləri təqdim edilmişdir.
Sonra Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkil etdikləri müsabiqənin qalibləri mükafatlandırılmışdır.
Qeyd edilmişdir ki, müsabiqə İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizinin mahiyyətinə uyğun şəkildə keçirilmişdir. Burada əsasən Ərəb Liqasına üzv dövlətlər və Mərkəzi Asiya ölkələri iştirak etmişlər.
İlk dörd yerə Fələstin, Livan, Misir və Tacikistanın təmsilçiləri layiq görülmüşlər.
Mərasimdə çıxış edən qaliblər İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulamış və Azərbaycan hökumətinə dərin minnətdarlıqlarını bildirmişlər.
Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında forumun əhəmiyyətini xüsusi vurğulayan qaliblərə diplom və pul mükafatı təqdim edilmişdir.
Ziyafət konsert proqramı ilə davam etdirilmişdir.
Azərbaycan.- 2013.- 31 may.- S. 5.