Azərbaycan və Mərakeş
arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur
Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Sbihi ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Mərakeşin mədəniyyət nazirinin Azərbaycanda olmasından məmnunluğunu dilə gətirən Əbülfəs Qarayev qarşılıqlı səfərlərin bundan sonra da əlaqələrimizin gücləndirilməsinə mühüm töhfələr verəcəyini əminliklə qeyd etmişdir.
Azərbaycanın mədəniyyət və turizm naziri mərakeşli həmkarının ölkəmizə səfərinin uğurlu və səmərəli keçəcəyinə ümidvar olduğunu bildirmişdir.
Mərakeşin mədəniyyət naziri Məhəmməd Amini Sbihi forumun yüksək səviyyəli təşkilinə görə azərbaycanlı həmkarını təbrik etmiş, dəvətə görə öz təşəkkürünü bildirmişdir.
Qonaq bu forumun sivilizasiyalararası dialoqun genişləndirilməsində mühüm rolunu qeyd edərək demişdir: "Mədəniyyətlərarası dialoqun xalqların yaxınlaşmasında rolu əvəzsizdir. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Azərbaycan və Mərakeş xalqları böyük mədəniyyətə malikdirlər. Ölkənizə səfərimlə, həm də sizin mədəniyyətinizlə daha yaxından tanış olmaq imkanı əldə etdiyimi düşünürəm. Azərbaycanın mədəni irsi ilə də tanış olmaq Mərakeş xalqı üçün vacibdir".
Məhəmməd Amini Sbihi həmçinin ölkəsinin Azərbaycanın mədəniyyət sahəsində təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirmişdir.
Nazir azərbaycanlı həmkarını Mərakeşə səfərə dəvət etmişdir.
Görüşdə
Azərbaycan və Mərakeş arasında mədəniyyət
sahəsində əməkdaşlıq üzrə növbəti
fəaliyyət planının hazırlanması qərara
alınmışdır.
Azərbaycan.- 2013.- 31 may.- S. 5.