Azərbaycan-Belçika əlaqələrinin
perspektivləri müzakirə edilmişdir
Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Belçika şahzadəsi Stefani Vindiş-Qrats ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, Əbülfəs Qarayev qonağa ölkəmizin mədəni həyatı və turizm potensialı haqqında məlumat vermiş, qarşılıqlı əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan və Belçika arasında dərin dostluq əlaqələrindən danışan Əbülfəs Qarayev münasibətlərimizin hazırkı inkişaf səviyyəsindən məmnunluğunu ifadə etmişdir.
İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət olunduğuna görə Azərbaycan tərəfinə minnətdarlığını bildirən Stefani Vindiş-Qrats Belçika Krallığının ölkəmiz ilə mədəniyyət sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır.
Görüşdə qarşılıqlı anlaşma və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Belçika əlaqələrinin böyük perspektivləri olduğu vurğulanmış və gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir.
Həmçinin
mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin
inkişaf perspektivləri, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq və digər mövzular müzakirə
olunmuş, eləcə də qarşılıqlı maraq
doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2013.- 31 may.- S. 6.