«Görkəmli insanların həyatı» silsiləsindən «Heydər Əliyev» kitabı Monteneqroda nəşr edilmişdir

 

Monteneqroda fəaliyyət göstərən Azərbaycan-Monteneqro İqtisadi Mədəni Mərkəzinin və Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun həmmüəllifləri olduqları "Görkəmli insanların həyatı" silsiləsindən "Heydər Əliyev" kitabı Monteneqro dilinə tərcümə edilərək nəşr olunmuşdur.

Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, ölkəmizin dövlətçilik tarixində misilsiz xidmətləri və şərəfli ömür yolu geniş əhatə olunmuşdur. Burada ulu öndər tərəfindən müasir Azərbaycanın hərtərəfli tərəqqisinin əsasının qoyulması, onun sovet dövründə yüksək dövlət vəzifələrində çalışarkən həmişə ümumbəşəri dəyərlər naminə səyləri də diqqətə çatdırılmışdır. Kitabda, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, xalqımızın faciəli və məşəqqətli günlərində ulu öndər Heydər Əliyevin liderlik missiyasını cəsarətlə üzərinə götürərək Azərbaycanı tarixin və zamanın çətin dolanbaclarından güclü və müstəqil dövlət kimi çıxardığı da əks etdirilmişdir.

Kitabın sonunda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və gələcəyə daha böyük inamla davam etdirildiyi vurğulanmışdır.

Beynəlxalq aləmdə öz layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdə olan, həmçinin hazırda dünya ictimaiyyətinin diqqətini cəlb edən Azərbaycanın XX əsrin sonunun və XXI əsrin tarixinin öyrənilməsi baxımından mühüm mənbə olan kitabın Monteneqronun kitabxana və elm ocaqlarına, ali təhsil müəssisələrinə paylanılması və təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 31 may.- S. 8.