Azərbaycanın nümayəndə heyəti Bədən tərbiyəsi və idmana məsul nazirlərin və səlahiyyətli şəxslərin beşinci konfransında iştirak edir

 

Berlində UNESCO çərçivəsində Bədən tərbiyəsi və idmana məsul nazirlərin və səlahiyyətli şəxslərin beşinci (MİNEPS V) konfransı keçirilir.

 

AzərTAc xəbər verir ki, iki gün davam edəcək konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin birinci katibi Eldar Məmmədovdan ibarət nümayəndə heyəti təmsil edir.

MİNEPS-in 5-ci iclasında müzakirə etdiyi məsələlər martın 13-15-də Bakıda təşkil olunan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin fövqəladə iclası nəticəsində qəbul olunan işçi sənədlərə əsasən aparılır.

İclasın rəsmi açılışında UNESCO-nun baş direktoru İrina Bokova və Almaniyanın federal kansleri Angela Merkel nitq söyləmişlər. Həmçinin Berlin şəhərinin meri Frank Henkel, BMT-nin Baş katibinin xüsusi məsləhətçisi Vilfried Lemke, Avropa Şurasının Demokratiya üzrə baş direktorluğunun rəhbəri Snejana Samardziç-Markoviç, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Craven və digərləri hazırlıq iclasının Bakıda təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildirmişlər.

Almaniyanın federal daxili işlər naziri Hans-Peter Fridrex iclasın sədri seçilmişdir. İclasda "İdman - hər kəsin əsas hüquqlarından biri kimi", "Bədən tərbiyəsi idman proqramlarına dövlət dəstəyinin təşviqi" "İdmanın bütövlüyünün qorunması" mövzuları müzakirə olunur. 130-dan çox ölkənin, 30-dan çox beynəlxalq təşkilatın nümayəndəsi xeyli sayda müstəqil ekspert gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.

Tədbir çərçivəsində Azərbaycanda idman sahəsində gedən inkişafla bağlı film nümayiş etdirilmiş və milli musiqimiz səsləndirilmişdir. Konfrans salonunun girişində yaradılmış Azərbaycan guşəsində tədbir günlərində iştirakçılara Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi barədə müxtəlif kitablar və disklər paylanılır.

 

Azərbaycan.-2013.- 31 may.- S.8.