Azərbaycan-Braziliya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Konqresinin Deputatlar Palatasının Xarici əlaqələr və müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Elmar Məmmədyarov son illər Azərbaycan ilə Braziliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirildiyinibu istiqamətdə parlament diplomatiyasının xüsusi yeri olduğunu diqqətə çatdırmışdır. Nazir Braziliyada Azərbaycan səfirliyinin açılmasının, hər iki ölkənin parlamentlərində dostluq qruplarının yaradılmasının ikitərəfli əməkdaşlığa böyük töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.

Nelson Pelleqrino Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin həllində Braziliyanın ölkəmizin ədalətli mövqeyini və BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini dəstəklədiyini diqqətə çatdırmışdır.

Elmar Məmmədyarov braziliyalı qonağa ölkəsinin mövqeyinə görə minnətdarlığını bildirmişdir. Nazir ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün hüquqi bazanın genişləndirilməsinin, eləcə də investisiyaların qorunmasının və ikiqat vergitutmadan azad olunma haqqında sazişin imzalanmasının vacibliyini vurğulamışdır.

Görüşdə kənd təsərrüfatı, o cümlədən süd, qida və yeyinti məhsulları, alternativ və bərpa olunan enerji sahələrində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 31 may.- S.8.