Görkəmli iqtisadçı alim, elm təşkilatçısı

 

Azərbaycan iqtisad elminin formalaşmasında, inkişafında, iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan, 25 il Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna uğurla rəhbərlik etmiş, görkəmli iqtisadçı alim, böyük ziyalı, müdrik ağsaqqal, akademik Əhməd Əkbər oğlu Mahmudovun anadan olmasının 90 ili tamam olur.

Əhməd Mahmudov 1923-cü il may ayının 25-də Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. O, 1941-ci ildə orta məktəbi bitirdikdən sonra 1942-ci ildə sovet ordusu sıralarına çağırılmış və faşizm üzərində qələbəyədək Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1946-1950-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-statistika fakültəsində oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1954-cü illərdə Moskvada SSRİ EA İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə Əhməd Mahmudov bu böyük elm mərkəzində namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonra vətənə qayıtmış, ömrünün sonunadək Elmlər Akademiyasında çalışmışdır. O, 1956-1958-ci illərdə böyük elmi işçi, 1958-1964-cü illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1967-ci ildə "Azərbaycan SSR-in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi, 1969-cu ildə isə professor elmi adı verilmişdir. Əhməd Mahmudov 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü - akademik seçilmişdir.

Görkəmli alim 200-ə yaxın elmi əsər - monoqrafiya, tədris vəsaiti, məqalələr nəşr etdirmişdir. Əhməd Mahmudovun ötən əsrin 60-cı illərinin əvvəllərində nəşr etdirdiyi əsərlərində kənd təsərrüfatında əmək məhsuldarlığının hesablanması metodikası, onun səviyyəsi və yüksəldilməsi yolları, təsərrüfatdaxili hesabın tətbiqinin prinsip və metodikası, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi yolları, texniki-iqtisadi tədbirlər sistemi, məhsul istehsalının artırılması və onun maya dəyərinin aşağı salınması məsələləri geniş planda verilirdi. Eyni zamanda, bu tədqiqatlarda əməyin ödənilməsi prinsipi, təsərrüfat hesabı bölmələri işçilərinin maddi marağı, idarəetmə aparatının bütün bölmələrinin daxili təsərrüfat hesabına keçirilməsi yolları müəyyən olunurdu. Akademik Əhməd Mahmudovun nəşr etdirdiyi əsərləri arasında "Dağlıq Şirvan kolxozlarının torpaq fondu və ondan istifadə edilməsi yolları", "İntensivləşdirmə kənd təsərrüfatının inkişafında başlıca yoldur", "Riyaziyyatın iqtisadiyyata tətbiqi", "Azərbaycan SSR-in kolxozlarında əkinçiliyin intensivləşdirilməsinin iqtisadi problemləri", "İntensivləşdirmə istehsalın inkişafının mühüm istiqamətidir", "Kənd təsərrüfatının intensivləşdirilməsinin iqtisadi səmərəliliyi", "Azərbaycan SSR-in kənd təsərrüfatı kəskin yüksəlişdə", "Sovet Azərbaycanının iqtisadiyyatının müasir mərhələdə inkişafı" və s. adlarını çəkmək olar. Alimin bir sıra əsərləri respublikamızdan kənarda nüfuzlu jurnallarda, kollektiv monoqrafiyalarda çap edilmişdir.

Alim elmi-tədqiqat işini elmi təşkilatçılıq işi ilə bacarıqla əlaqələndirirdi. Onun xidməti nəinki iqtisad elminin tərəqqisində, eyni zamanda, Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun yaradılmasında, formalaşmasında və inkişafında da çox böyükdür. O, institutun elmi-tədqiqat işlərinin genişlənməsi və dərinləşməsinə, əməkdaşlarının bütün qüvvəsinin xalq təsərrüfatının aktual məsələlərinin işlənməsinə yönəldilməsinə xüsusi fikir verirdi.

Əhməd Mahmudov böyük ziyalı, əsl vətəndaş kimi yaxşı bilirdi ki, respublikanın xalq təsərrüfatının sürətli inkişafı bir sıra aktual problemlərin elmi tətbiqini tələb edir. Ona görə də institutun strukturunun təkmilləşməsi ilə bağlı təkliflərin yuxarı təşkilatlarda qəbul edilməsinə nail olur, iqtisadi strukturlarla, ilk növbədə Dövlət Plan Komitəsi ilə əməkdaşlığın möhkəmləndirilməsi üçün xeyli işlər görürdü.

İnstitutda respublikanın sosial-iqtisadi problemlərinin tədqiqinə həsr edilmiş bir sıra fundamental işlər yerinə yetirildi, SSRİ Elmlər Akademiyasının baş institutları və elmi şuraları ilə birlikdə aparılan elmi-tədqiqat işlərinin əhatə dairəsi xeyli genişləndirildi.

Bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, Nazirlər Kabineti, Dövlət Plan Komitəsi ardı-arası kəsilmədən Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna sifarişlər verir, problemlərin həllində bu elmi mərkəzin rəyini soruşurdu.

Artıq ötən əsrin 70-ci illərində respublikada iqtisad elminin mühüm istiqamətləri hesab edilən "məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi, regional inkişaf, aqrar sektorun inkişafı və intensivləşdirmə, iqtisadi inkişafın proporsiyaları, struktur və səmərəlilik, işçi qüvvəsinin təkrar istehsalı, demoqrafiya, məşğulluq problemləri" üzrə nüfuzlu elmi məktəb formalaşırdı.

Etiraf edilməlidir ki, sovet sisteminin müəyyən məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan xalqı, onun iqtisadiyyatı bu dövrdə də böyük inkişaf yolu keçmişdir. Bu inkişaf XX əsrin 70-ci illərində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə daha sürətli və dinamik xarakter almışdı. 1970-1980-ci illərdə Azərbaycanın hər yerində böyük quruculuq işləri aparılırdı. Respublikamız əsas inkişaf göstəricilərinə görə İttifaqda birinci yerə çıxmışdı. Akademik Əhməd Mahmudov və onun başçılıq etdiyi institutun aparıcı alimləri respublikanın xalq təsərrüfatında baş verən bu yüksəliş proseslərini təhlil edir, kollektiv monoqrafiyalar hazırlayır, tədqiqatların nəticələrini təhlili məruzələr kimi respublikanın rəhbər orqanlarına göndərir, iqtisadiyyatın yüksəlişinə öz dəyərli töhfələrini verirdilər.

Akademik Əhməd Mahmudovun elmi redaktorluğu və bilavasitə iştirakı ilə müəlliflər kollektivi tərəfindən Azərbaycanın sovet hakimiyyəti illərində iqtisadiyyatın inkişafına dair çox dəyərli kitablar, konfrans materialları, elmi məqalələr nəşr edilmişdir ki, həmin əsərlər bu gün də aktuallığını qoruyub saxlamış və Azərbaycan iqtisadiyyatının inkişaf tarixini öyrənmək baxımından  çox vacib bir vəsaitdir.

Əhməd Mahmudov nəinki tədqiqatçı alim, eyni zamanda, gözəl müəllim idi. O, ali məktəblər üçün Azərbaycan dilində siyasi iqtisad dərsliyinin, kənd təsərrüfatı iqtisadçılarının məlumat kitabının və iqtisadiyyat sahəsində müxtəlif metodiki göstərişlərin müəlliflərindən idi.

Onu da qeyd edək ki, respublikamızın iqtisadçı alimləri tədqiqatlarını apararkən çox çətin problemlərlə üzləşirdilər. Çünki XX əsrin 50-60-cı illərində kənd təsərrüfatı müəssisələrində sadə bir iqtisadi təhlil aparmaq üçün informasiya hədsiz dərəcədə məhdud idi, hətta maya dəyəri, əmək məhsuldarlığı, mənfəət və digər iqtisadi göstəricilər hesablanmırdı. Bu sahədə mövcud olan çətinliyi aradan qaldırmaq, normal əmək qabiliyyətli əhalinin yarıdan çoxunun çalışdığı kənd təsərrüfatında iqtisadi işi qurmaq üçün Əhməd müəllim və onun əməkdaşları kolxoz və sovxozlarda olur, sahələrdə, fermalarda xronometraj aparır, sözün əsl mənasında, kənd təsərrüfatı iqtisadiyyatı elminin ilkin əsaslarını qoyurdular.

Əhməd Mahmudov tez-tez müəssisələrə, rayonlara gedir, orada iqtisadçı alimlər və təsərrüfat işçilərinin iştirakı ilə görüşlər keçirir, aktual problemlərə dair "dəyirmi masa"lar təşkili edir, respublikada iqtisad elminin qarşısında duran vəzifələr barədə ictimaiyyətə müntəzəm məlumat verirdi.

Əhməd müəllim respublikada aqrar iqtisad elminin formalaşmasında həlledici rol oynayan alim idi. Məhz Əhməd Mahmudovun əsərlərində ilk dəfə olaraq kənd təsərrüfatının intensivləşdirilməsinin zəruriliyi əsaslandırılmış, onun metodoloji aspektləri tədqiq edilmişdir. O, çox zəngin statistik, konkret materiallara istinad edərək Azərbaycanın kənd təsərrüfatında intensivləşdirmənin amillərini, səviyyəsini təhlil etmiş, intensivləşdirmənin aqrar sektorun inkişafındakı rolunu elmi cəhətdən əsaslandırmışdı. Əhməd müəllimin tədqiqatlarında ilk dəfə olaraq intensivləşdirmənin amilləri müəyyənləşdirilmiş və sistemləşdirilmişdir.

Alim tədqiqatlarında inandırıcı faktlarla sübut edirdi ki, respublikanın kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının yenidən qurulması üçün sərf edilən maddi-maliyyə resursları yüksək səmərə ilə nəticələnəcəkdir.

Görkəmli iqtisadçı alim Əhməd Mahmudovun son elmi axtarışlarında aqrar-sənaye inteqrasiyası problemlərinin tədqiqi böyük yer tutur. Belə ki, alim kənd təsərrüfatının hərtərəfli intensivləşdirilməsinin aqrar-sənaye kompleksinə daxil olan bütün sahələrlə əlaqəsinin obyektiv olaraq genişləndiyini və dərinləşdiyini görürdü. Bununla bağlı alim aqrar-sənaye kompleksinin yaranması və formalaşması, onun iqtisadi-sosial inkişaf yolu, keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika şəraitində aqrar-sənaye kompleksində elmi-texniki tərəqqinin kompleks proqramının işlənib hazırlanması və həyata keçirilməsi problemlərini tədqiq edirdi. Geniş faktiki materiallar əsasında alim təsərrüfatlararası kooperasiya və aqrar-sənaye inteqrasiyası zəminində kənd təsərrüfatının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, aqrar-sənaye birliklərinin və müəssisələrinin yaradılması sahəsində Azərbaycan SSR-in o zamankı təcrübəsini açıb göstərirdi.

Alim öz tədqiqatlarında aqrar-sənaye kompleksinin balanslaşdırılması, proporsional inkişafı, təkrar istehsal prosesinin fazaları məsələlərinə xüsusi fikir verir və göstərirdi ki, bu nisbətlərin pozulması nəticəsində istehsalın effektivliyinin aşağı düşməsi qaçılmazdır. Daha sonra xüsusi vurğulayırdı ki, bu disproporsiyalar kənd təsərrüfatı ilə onun üçün istehsal vasitələri istehsal edən sahələr, kənd təsərrüfatı məhsullarının ümumi həcmi və bu məhsulları emal edən istehsal gücləri, onların daşınması, saxlanması, kənd təsərrüfatı texnikasının təmirə olan tələbatı ilə onun keyfiyyətli surətdə həyata keçirilməsinin mövcud imkanları arasında təzahür edir. Alim bu disproporsiyaların əsaslı vəsait qoyuluşu quruluşunun dəyişdirilməsi, əlavə əsaslı vəsait qoyuluşunun məqsədəuyğun olaraq yenidən bölüşdürülməsi yolu ilə aradan qaldırılmasını təklif edirdi.

Akademik Əhməd Mahmudov respublikanın və digər respublikaların materialları əsasında intensivləşdirmə və yığım fondundan istifadə edilməsi məsələlərini təhlil edir və haqlı olaraq göstərirdi ki, istehsalın intensivləşdirilməsi daha məhsuldar və səmərəli əmək vasitələrinin, material və texnoloji proseslərin tətbiqini, işçi qüvvəsinin ixtisasının yüksəldilməsini, yeni iş yerlərinin yaradıldığı şəraitdə istehsalın maddi və şəxsi amillərinin proporsional və balanslı qaydada inkişafını təmin edir.

Alim göstərir ki, elmi-texniki tərəqqinin müasir inkişaf mərhələsində ölkənin struktur siyasəti vasitəsilə xalq təsərrüfatının quruluşunda baş verən mütərəqqi dəyişikliklər ictimai istehsalın intensivləşdirilməsinin başlıca amili hesab olunur. O, sübut edir ki, ictimai istehsalın strukturu onun daxili quruluşunu, təkrar istehsalın ayrı-ayrı mərhələləri və xalq təsərrüfatının sahələri arasında olan nisbəti və qarşılıqlı əlaqə formalarını özündə əks etdirərək, iqtisadi inkişaf sürətinə ciddi təsir göstərir.

Əhməd Mahmudov qeyd edir ki, istehsal intensiv inkişaf relsinə keçdikcə məhsuldar qüvvələrin inkişafında keyfiyyət dəyişiklikləri baş verir, elmi-texniki tərəqqinin ictimai istehsalın quruluşunun formalaşmasında rolu artır.

Ə.Mahmudovun tədqiqatlarında istehsalın intensiv inkişaf yoluna keçirildiyi bir şəraitdə əhalinin məşğuliyyət məsələlərinə, əmək ehtiyatlarında istifadə edilməsi problemlərinə xüsusi yer verilir. Respublikada bir tərəfdən, hələ istehsala cəlb edilmiş müəyyən miqdar əmək ehtiyatlarının olmasını, digər tərəfdən, bir sıra nazirlik, birlik, müəssisə və idarənin işçi və qulluqçularının sayına görə planın yerinə yetirilməsi səviyyəsi arasında ziddiyyətin yaranmasını alim bununla izah edirdi ki, sərbəst əmək ehtiyatlarının yalnız əhalinin yaş səviyyəsinə görə, başqa keyfiyyət amilləri, yəni işçi qüvvəsinin ixtisası, onun təhsil səviyyəsi və s. nəzərə alınmadan müəyyən edilməsi ictimai istehsalda bilavasitə iştirak etməyə qadir olan faktiki mövcud iş qüvvəsinin real vəziyyətini əks etdirmir. Məsələ burasındadır ki, xalq təsərrüfatı inkişaf yoluna keçdikcə istehsal prosesləri mürəkkəbləşir və bununla əlaqədar olaraq o, daha yüksək ixtisaslı əmək tələb edir və işçi qüvvəsinin bilik səviyyəsinin və ixtisasının daim artmasını tələb edir.

XX əsrin 60-cı illərindən başlayaraq keçmiş Sovetlər İttifaqında riyazi, o dövr üçün ən müasir sayılan informasiya texnologiyalarından istifadə olunması, çoxvariantlı inkişaf modellərinin hazırlanması sahəsində maraqlı işlər aparılırdı. Respublikamızda da bu istiqamətdə tədqiqatlar geniş vüsət aldı. Bu sahədə də akademik Əhməd Mahmudovun elmi təşkilatçılıq fəaliyyətini xüsusilə qeyd etmək istərdik. Məhz Əhməd müəllimin səyi nəticəsində bu vacib problemlə də əlaqədar alimlərimizin SSRİ Elmlər Akademiyasının nüfuzlu elmi mərkəzləri ilə əməkdaşlığı formalaşdı, gələcək üçün möhkəm baza yaradıldı.

Akademik qeyd edirdi ki, iqtisadiyyatın idarə olunmasının səmərəli sistemi yaradılmalıdır. İslahatın mənası və istiqaməti əmək adamlarının işdə və cəmiyyətdə əsl sahib mövqelərini təmin etməkdən, sosial-iqtisadi göstəriciləri yaxşılaşdırmaqdan ibarətdir. Alim ötən əsrin 80-ci illərinin ortalarında apardığı tədqiqatlarda göstərirdi ki, idarəetmə, planlaşdırma, qiymətqoyma, əməkhaqqı və maddi həvəsləndirmə sistemində olan nöqsanlar, müəssisələrin kifayət qədər müstəqil olmaması insan amilindən səmərəli istifadəyə imkan vermir, onu buxovlayır. Əhməd müəllim bildirirdi ki, "bütün sahələrdə rəhbərliyin inzibati metodlarından iqtisadi üsullara keçilməsi, idarəetmənin geniş surətdə demokratikləşdirilməsi və insan amili hər vasitə ilə fəallaşdırılmalıdır".

Sovet sisteminin ideologiyasını, idarəetmə sistemini bilən hər bir şəxsə aydın idi ki, qeyd edilən istiqamətlərdə elmi fikir söyləmək asan məsələ deyildir. Akademik Əhməd Mahmudov çox bacarıqla rəhbərlik etdiyi elmi kollektivi, eləcə də respublikanın iqtisadçı alimlərini iqtisadi mexanizmlərin təkmilləşməsinə xidmət edən tədqiqatları genişləndirməyə çağırırdı. Çünki bu problemlərin tədqiqinin arxasında ilk növbədə respublikanın maraqlarının qorunması, iqtisadiyyatımızın tarazlı inkişafını təmin etmək kimi vacib məqsədlər dururdu. Bu baxımdan alimin kənd təsərrüfatında qiymət sisteminin təkmilləşməsi, ictimai əmək bölgüsündə respublikanın rolu, mərkəz tərəfindən kənd təsərrüfatına ayrılan kapital qoyuluşunun həcmi, strukturu, iqtisadi və maddi həvəsləndirmə metodlarında ciddi nöqsanlar barədə fikirləri çox cəsarətli və əməli əhəmiyyət kəsb edirdi.

Akademik respublikada elmi-iqtisadçı kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Qeyd edək ki, XX əsrin 60-cı illərinin əvvəllərində respublikada cəmi bir iqtisad elmləri doktoru, iyirmiyə qədər iqtisad elmləri namizədi var idi. Bu sahədə yaranmış geriliyi aradan qaldırmaq üçün Əhməd müəllim akademik Əlisöhbət Sumbatzadə ilə birlikdə Elmlər Akademiyasının ictimai elmlər bölməsinin, bir müddətdən sonra isə İqtisadiyyat İnstitutunun ixtisaslaşdırılmış müdafiə şurasının yaradılmasına nail oldular. Bir faktı qeyd etmək istərdik ki, Əhməd Mahmudovun Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi 25 il ərzində 300 nəfərdən çox tədqiqatçı namizədlik və 40 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Onun son dərəcə sadə, humanist təbiətli bir alim kimi gənc iqtisadçı alimlərə münasibəti əsl ata qayğısı idi.

Əhməd Mahmudovun Azərbaycan EA-nın İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi illərdə bu elmi mərkəz nəinki respublikada, eləcə də keçmiş Sovetlər məkanında böyük nüfuzu olan elmi-tədqiqat mərkəzinə çevrildi. Görkəmli alimin, bacarıqlı elm təşkilatçısı Əhməd Mahmudovun rəhbərliyi altında bu institutun tədqiqatlarında respublikada iqtisad elminin real iqtisadi həyatla bağlılığı daha da geniş vüsət aldı, elmi nəticələrin tətbiqi əhəmiyyətli dərəcədə yüksəldi.

Akademik Əhməd Mahmudovun rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunda aparılan işlər barədə bəzi fikirləri xatırlatmaq istərdik.

"...SSRİ EA iqtisad elmi sahəsində 6 prioritet istiqamət müəyyən etmişdir. Bu 6 aparıcı istiqamətin hamısında bizim institut iştirak edir:

Azərbaycan SSR-də istehsalın intensivləşdirilməsinin sürətləndirilməsi və onun səmərəliliyinin yüksəldilməsinin əsas problemləri; respublikanın elmi-texniki potensialından intensiv istifadə edilməsi əsasında iqtisadi inkişafın sürətləndirilməsi; xalq təsərrüfatının idarə edilməsində iqtisadi qanunların fəaliyyəti və onlardan istifadənin regional xüsusiyyətləri, regionların inkişafı, məhsuldar qüvvələrin yerləşdirilməsi,  istehsalın ərazi təşkili problemi; Azərbaycan SSR sənayesində elmi-texniki tərəqqinin idarə edilməsinin təkmilləşdirilməsi; müttəfiq respublikalarda aqrar-sənaye kompleksinin səmərəli fəaliyyətinin təmin edilməsi problemləri; şəhər və kənd arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması yolları".

Göstərilən aparıcı istiqamətlərdən başqa institut SSRİ EA, SSRİ Elm və Texnika Komitəsi və SSRİ Dövlət Plan Komitəsi tərəfindən müəyyən olunmuş mühüm iqtisadi problemlərin səkkizinin işlənilməsində iştirak edir.

Əhməd müəllim Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında İqtisadiyyat üzrə Problem Şurasının sədri kimi məhsuldar və səmərəli iş aparırdı. Alim respublikamızın müxtəlif elm, təhsil ocaqlarında iqtisad elmi ilə bağlı yerinə yetirilən tədqiqatların zamana, respublika xalq təsərrüfatının maraqlarına uyğunlaşdırılmasına çalışır və bu sahədə çox dəyərli nəticələr əldə edirdi.

Akademik Əhməd Mahmudovun Azərbaycanın uzunmüddətli perspektiv üçün elmi-texniki tərəqqinin kompleks proqramının tədqiqinin təşkilində və əlaqələndirilməsində Azərbaycan Elmlər Akademiyasının və keçmiş respublika Dövlət Plan Komitəsinin elmi-texniki tərəqqi və sosial-iqtisadi proqnozlaşdırma problemi üzrə komissiyasının sədr müavini və eləcə də, 300-dən çox nazirlik, idarə, elmi-tədqiqat institutlarının, ali məktəblərin və müəssisələrin elmi-tədqiqat işlərini əlaqələndirən baş təşkilatın - Azərbaycan SSR İqtisadiyyat İnstitutunun rəhbəri kimi böyük xidmətləri olmuşdur.

Akademik Əhməd Mahmudov Azərbaycanın gələcəyini düşünən bir vətəndaş, ziyalı idi. O, Qarabağ münaqişəsinin ilk günlərində ürək ağrısı ilə erməni millətçilərinin mənfur siyasətinə öz nifrətini bildirir, xalqa bağlı vətənpərvər alim kimi çıxış edirdi.

Əhməd müəllim keçmiş Sovetlər İttifaqında böyük nüfuza və hörmətə malik olan iqtisadçı alim, nüfuzlu elmi mərkəzin rəhbəri kimi tanınırdı. Akademik kindən, qəzəbdən uzaq bir alim, təşkilatçı, rəhbər idi. İqtisadi problemlərin müzakirəsində gərginliyi o, çox məharətlə, müdrikliklə aradan qaldırır, insanlar arasında səmimiyyətin qorunmasını təmin edirdi.

Alim İqtisadiyyat İnstitutunun nəzdində bilavasitə onun təşəbbüsü ilə yaradılmış ixtisaslaşdırılmış müdafiə şurasının sədri, eyni zamanda, Azərbaycan Dövlət Plan Komitəsinin, "Uzun müddətə SSRİ-nin elmi-texniki tərəqqinin kompleks proqramının hazırlanması və onun sosial-iqtisadi nəticələri" və "Elmi-texniki tərəqqi və sosial iqtisadi proqnozlaşdırmanın regional problemləri" üzrə keçmiş SSRİ Elmlər Akademiyası, SSRİ Dövlət Elm və Texnika Komitəsinin komissiyalarının üzvü idi. O, eyni zamanda, həmin dövrlərdə SSRİ Dövlət Elm və Texnika Komitəsi yanında "Zaqafqaziya su ehtiyatlarından kompleks istifadə edilməsi və mühafizəsi" Şurasının, respublikada İqtisadi problemlərin əlaqələndirilməsi Şurasının, Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının, Azərbaycan SSR Elmlər Akademiyası və respublika Plan Komitəsinin Proqnozlaşdırılma üzrə Elmi Şurasının və bir sıra başqa elmi şuraların üzvü kimi faydalı işlər görürdü.

Əhməd Əkbər oğlu Mahmudov çoxillik səmərəli elmi fəaliyyətinə görə bir çox fəxri mükafatlarla, o cümlədən ümumittifaq və respublika "Elm" cəmiyyətlərinin döş nişanları, diplomları, "Fədakar əməyə görə", "Əmək veteranı" medalları, "Böyük Vətən müharibəsində Qələbənin 40 illiyi şərəfinə" 2-ci dərəcəli Vətən müharibəsi ordeni və yubiley medalları ilə təltif olunmuşdur. Elmi və ictimai fəaliyyətində göstərdiyi böyük xidmətlərə görə Əhməd Mahmudov 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Şərəf Nişanı" ordeninə layiq görülmüşdü.

Azərbaycan iqtisad elmi möhkəm sütunlar üzərində qurulmuşdur və bu sütunların, bu elmin formalaşmasında Əhməd Mahmudov müstəsna rol oynamışdır. Əhməd Mahmudov XX əsrdə xalqımızın yetişdirdiyi görkəmli alim, elm təşkilatçısı və ziyalılardan idi. Akademik Əhməd Mahmudov və onun silahdaşlarının formalaşdırdığı, inkişaf etdirdiyi iqtisad elmi yaşayır və bundan sonra da müstəqil respublikamızın sosial-iqtisadi inkişafına, ölkəmizin iqtisadi qüdrətinin artmasına xidmət edəcəkdir.

 

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

 

Ziyad SƏMƏDZADƏ,

Akademik

 

Azərbaycan.-2013.- 31 may.- S.9.