Əqidəsi xalqına sevgisindən qaynaqlanırdı

 

Azərbaycan Xalq Cümhuriyyəti-95

 

Azərbaycan Xalq Cümhuriyyəti tarixində fədakar fəaliyyəti, ideyaları, misilsiz xidmətləri ilə daim yaddaqalan simalardan, istiqlal mücahidlərindən biri də Aslan bəy Ağalar bəy oğlu Səfikürdski olmuşdur. Çar mütləqiyyəti, sonralar sovet rejimi şər və böhtanlarla, hətta onu "panislamist", "pantürkist" adı ilə gözdən salmağa, düşmən elan etməyə çalışsalar da, bu görkəmli ictimai-siyasi xadimi unutdurmağa nail ola bilməmişdilər.

Odur ki, Aslan bəy Səfikürdskinin adının o dövrdə yaşayıb- yaradan görkəmli şəxsiyyətlərin adı ilə yanaşı çəkilməsi təsadüfi deyil. Doğrudur, onun həyat və fəaliyyəti tədqiqatçılar tərəfindən daha dərindən öyrənilməlidir. Bununla belə, ensiklopediyalardan, cümhuriyyət dövrünün dövlət xadimləri haqqında yazılmış kitablardan və digər mənbələrdən bu şəxsiyyət haqqında müəyyən məlumatlar əldə etmək mümkündür. Məsələn, Səfikürdskinin fəaliyyətini xarakterizə etməli olsaq, professor Ə.Tahirzadənin onun barəsində yazdıqlarından bir parçanı göstərə bilərik: "Aslan bəy Səfikürdski Azərbaycan tarixində önəmli iz buraxmış şəxslərdəndir. Onun haqqında yetərincə olmasa da, müəyyən qədər araşdırma aparılıb, yazılar yazılıb. Azərbaycan türk aydınlarının qabaqcıl nümayəndələrindən olan Aslan bəy ölkəmizin ictimai həyatında daim fəal iştirak edib, həmişə ən qaynar nöqtələrdə bulunub. Bəzən yanılmalara yol versə də, dedikləri ilə etdikləri çox vaxt üst-üstə düşüb. O, çar dönəmində də, cümhuriyyət illərində də, sovet çağında da əməlləri ilə xalqına fayda verməyə çalışıb və həmişə xalqın gözü önündə olub. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan parlamentinin üzvü olub. Cümhuriyyət hökumətində poçt-teleqraf və əmək naziri, cümhuriyyətin baş prokuroru vəzifələrində çalışıb, sovetləşmədən sonra isə Xalq Ədliyyə Komissarlığı Kollegiyasının üzvü olub. 1922-ci ildə eserlərin işi üzrə həbs edilib. Buraxıldıqdan sonra "Azneft"də hüquq məsləhətçisi işləyib və 1937-ci ildə kommunistlər hamı kimi onu da güllələyib. Bu, onun ən qısa tərcümeyi-halıdır".

Lakin burada bir qeyri-dəqiqliyə yol verilir. Digər tədqiqatçıların əsərlərində Səfikürdskinin güllələndiyi göstərilmir. Amma bununla belə sovet rejimi Aslan bəyi özünə düşmən bildiyi üçün onu mənən işgəncələrə məruz qoyur və o, ağır xəstəlikdən sonra 1937-ci il sentyabrın 20-də vəfat edir.

Aslan bəy Səfikürdski 1881-ci il sentyabrın 30-da Gəncə qəzasının Səfikürd kəndində dünyaya göz açmışdı. Ona babasının adını vermişdilər. Soyadını isə doğulub böyüdüyü kəndin adından almışdı.

Aslan bəy 20 yaşında Gəncə klassik gimnaziyasını bitirmiş və Xarkov Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. O zaman çar ali məktəblərində tələbələrin ictimai mənşəyinə ciddi fikir verilirdi. Bu barədə ətraflı məlumat olan xüsusi sənəd də tələb edilirdi. Atası vəfat etdiyindən Aslan bəy üçün həmin sənədi əmisi almışdı. Orada yazılmışdı: "Bu, Gəncə Qəza İdarəsindən Səfikürd kəndinin sakini Həsən bəy Aslan bəy oğlu Səfikürdskiyə ona görə verilir ki, Səfikürd kəndinin 1886-cı ildə ailə siyahısından göründüyü kimi, onun qardaşı oğlu Aslan bəy Ağalar bəy oğlu Səfikürdski imtiyazlı təbəqədəndir..."

Beləliklə, 1901-ci ildə Səfikürdski Xarkov Universitetinə daxil olur. Bir il orada oxuduqdan sonra - 1902-ci ilin yayında universitetin rektoruna ərizə yazaraq Sankt-Peterburq Universitetinin eyni, yəni hüquq fakültəsində təhsilini davam etdirmək üçün icazə istəyir. Bunun səbəbini həmin şəhərdə yaşayan yaxın qohumunun ona maddi kömək göstərəcəyi ilə izah edir.

Rektor da öz növbəsində Sankt-Peterburqdakı həmkarına yazır: "A.Səfikürdski Məhəmmədiyyə dinindəndir. 30 sentyabr 1881-ci ildə doğulub. Xarkov Universitetinə Gəncə gimnaziyasından 4 iyul 1901-ci ildə aldığı 616 saylı kamal attestatı ilə daxil olub və hüquq fakültəsinin mühazirələrini dinləyib".

Bununla da Aslan bəy öz xahişi ilə Sankt-Peterburq Universitetinə keçərək növbəti tədris ilində təhsilini orada davam etdirir. Tələbə hərəkatında iştirak etdiyinə görə 1903-cü ilin yazında universitetdən xaric olunur. 1904-cü ilin yanvarında isə yenidən ali məktəbə bərpa edilir.

Yeri gəlmişkən qeyd edək ki, Aslan bəyin qardaşları da o zaman Rusiyanın ali məktəblərini bitirmiş yüksək ixtisaslı mütəxəssislər olublar. Ortancıl qardaşı Nəsrəddin bəy (1884-1920) 3 il onunla birgə Sankt-Peterburq Universitetində oxuyub. 1920-ci ildə Gəncədə sovet hakimiyyəti əleyhinə qalxmış üsyanın iştirakçılarından biri kimi şəhid olub.

1890-cı ildə anadan olmuş kiçik qardaşı Ağalar bəy 1917-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirib. Əvvəlcə Gəncədə həkim işləyib. Sovet hakimiyyəti illərində Bakıda səhiyyə sahəsində məsul vəzifələrdə çalışıb. 1966-cı ildə vəfat edib.

Sankt-Peterburq həyatı Aslan bəy Səfikürdskinin bir ziyalı kimi yetişməsində daha böyük rol oynayır. O, burada azərbaycanlı tələbələrin təşkil etdiyi "Həmyerlilər" təşkilatının üzvü olur.

1907-ci ildə Aslan bəy ali təhsilli hüquqşünas kimi Gəncəyə qayıdır. (Başqa bir mənbədə isə Səfikürdskinin təhsilini başa çatdıraraq Gəncəyə  1905-ci ildə qayıtdığı göstərilir). 1907-1911-ci illərdə Gəncənin ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləyir. Eyni zamanda, xeyriyyəçiliklə məşğul olur. Tezliklə Gəncədə "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin rəhbərlərindən biri, "Aktyorlar cəmiyyəti"nin sədri seçilir.

1911-ci ildə A.Səfikürdski Şuşa Şəhər Dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində çalışır. Burada 7 il işlədikdən, yəni 1917-ci ilin fevral inqilabından sonra Gəncə Qəza İcraiyyə Komitəsinin tərkibinə, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilir.

1915-ci ildə Kiyevdə Sankt-Peterburq Universitetinin professoru Boduen-de Kurtilin sədrliyi ilə ölkənin qeyri-rus millətlərinin qurultayı keçirilir. O, həmin qurultayda Qasım bəy Əmircanovla birlikdə Azərbaycandan nümayəndə kimi iştirak edir. Burada ilk dəfə olaraq "Azərbaycan muxtariyyəti" haqqında məsələ qaldırılır. A.Səfikürdski məsələ ilə bağlı ətraflı çıxış edir və Azərbaycana milli muxtariyyət verilməsi haqqında təkliflər irəli sürür. Sonralar "Azərbaycan" qəzetinin 1919-cu il 28 may tarixli nömrəsində A.Səfikürdski bu barədə belə yazır: "O vaxt elan olunmuşdur ki, Azərbaycanda məskun olan xalqlar tam muxtariyyət almalıdırlar. Qurultayda iştirak edən Gürcüstan və Ermənistan nümayəndələri də bu cür nöqteyi-nəzərdə dayanmışlar. Onda Qafqaz xalqları arasında sərhədlər barədə indikinə nisbətən mübahisə və fikir ayrılığı az idi. O vaxt bildirilmişdir ki, Azərbaycan bütün Bakı və Yelizavetpol (Gəncə) quberniyalarını, Zaqatala dairəsini, İrəvan və Tiflis quberniyalarının bir hissələrini əhatə etməlidir ki, Azərbaycan türkləri ilə məskundur. Gürcüstan və Ermənistan nümayəndələri buna etiraz etmirdilər. Hal-hazırda isə təəssüf ki, bu məsələdə razılıq yoxdur".

1917-ci il noyabrın 11-də Aslan bəy Cənubi Qafqazın siyasi partiya və ictimai təşkilatları nümayəndələrinin Tiflisdə keçirilən konfransında iştirak edir. Elə həmin il eserlər partiyasının tərkibindən çıxır, Müsəlman sosialistləri blokuna daxil olur. Başçılıq etdiyi blok Rusiya Müəssislər Məclisinə seçkilərdə 3 yer qazanır.

Rusiya Müəssislər Məclisi buraxıldıqdan sonra Səfikürdski 1918-ci il fevralın 12-də təsis edilən Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının, sonra isə Azərbaycan Milli Şurasının üzvü olur. Seymin müsəlman sosialistləri blokunun lideri olması ona imkan verir ki, Bakıda müsəlman əhaliyə qarşı vəhşiliklərin qarşısının dərhal alınmasını tələb etsin. Bir fakt da qeyd olunmalıdır ki, Azərbaycan Milli Şurası yaradılanda onun məqsəd və vəzifələrini xalqa çatdırmaq üçün bütün müsəlman bölgələrinə nümayəndələr göndərilirdi. Onların arasında A.Səfikürdski də var idi.

1918-ci ilin iyun ayında Gəncədə "İyun böhranı" adlanan hökumət böhranı baş verir. O zaman Səfikürdski Osmanlı dövləti rəhbərlərinin Azərbaycan xalqının maraqlarına zidd addımlar atmasına təəssüfləndiyini bildirir, Azərbaycan Milli Şurasının və birinci hökumətin buraxılmasına etiraz kimi Müsəlman sosialistləri bloku adından partiyanın yeni hökumətin tərkibinə daxil olmayacağını bəyan edir.

1918-ci ilin sonunda Səfikürdski Qazax qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilir. Müsəlman sosialistlər bloku adından Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən Aslan bəy daim kəndlilərin mənafeyini müdafiə edir, aqrar problemin həllini parlamentin ən vacib məsələsi sayır və tələb edirdi ki, torpaqlar əvəzsiz olaraq kəndlilərə paylansın.

Aslan bəy həmçinin siyasi məhbuslara əfvi-ümumi verilməsi üzrə xüsusi komissiyanın üzvü idi. O özünün bu vəzifə və səlahiyyətlərindən də istifadə edərək kəndlilərə kömək etməyə çalışırdı. Belə ki, əfvi-ümuminin kənd yerlərindən olan siyasi məhbuslara tətbiq edilməsini təklif etmişdi.

Təklif qəbul olunmuşdu.

Səfikürdski Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabinetində poçt-teleqraf və əmək naziri, 4-cü kabinetində isə ədliyyə və əmək naziri vəzifələrini yerinə yetirmişdi. Qeyd edək ki, 3-cü kabinet 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-nə qədər olan dövrü əhatə edib. 4-cü kabinet isə 1919-cu il martın 14-dən dekabrın 22-dək fəaliyyət göstərib.

Danılmaz faktdır ki, ölkə rabitəsinin tarixində xalqı çarizm hökmranlığından qurtaran Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi yer tutur. 1918-ci il oktyabrın 6-da Poçt və Teleqraf Nazirliyi təşkil olunur. Məhz bu dövrdə müstəqil Azərbaycan rabitəsinin təşəkkülü və təkamülü istiqamətində əhəmiyyətli addımlar atılır. Xalq Cümhuriyyətinin ilk rabitə nazirlərinin gördüyü nəhəng işlər indi də öz mahiyyətini itirməyib. Ona görə də ilk rabitə nazirləri olan Xudadat bəy Məlikaslanov, Ağa Aşurov, Aslan bəy Səfikürdski və Camo bəy Hacınskinin fəaliyyətləri heç vaxt yaddan çıxarılmamalıdır.

Məlum olduğu kimi, Səfikürdski Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü hökumət kabinetinin poçt-teleqraf və əmək naziri vəzifəsində çalışmışdı. Onun təşəbbüsü ilə respublikanın ayrı-ayrı bölgələrindəki poçt-teleqraf müssisələrində əməliyyatlar və poçt daşımaları bərpa edilmiş, yerlərdə telefon danışığı məntəqələri açılmışdır.

Səfikürdski yaxşı bilirdi ki, istənilən sahəni yüksək ixtisaslı, mükəmməl, bilikli kadrlar olmadan irəliyə aparmaq mümkün deyil. Ona görə də nazir olduğu dövrdə rabitə sahəsi üçün kadrların hazırlanması məsələlərinə də xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, 1919-cu ildə o, Bakıda xüsusi poçt-teleqraf məktəbinin fəaliyyətə başlamasına nail olur.

Səfikürdski çox çalışırdı ki, Azərbaycanın qonşu dövlətlərlə rabitə əlaqələri qaydaya salınsın və inkişaf etdirilsin. Məhz onun nazir olduğu dövrdə üzərində Azərbaycan dövlətinin nişanları olan poçt markaları buraxılmağa başlamışdı.

Səfikürdski ədliyyə naziri olanda bu sistemin də işinin təkmilləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirir. Məhz onun göstərişi ilə Ədliyyə Nazirliyinin nəzdində Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxananın təşkilinə başlanılır. Eləcə də Azərbaycan Məhkəmə Palatası nəzdində andlı müvəkkillər şurası yaradılır.

Ədliyyə sistemində daha çox milli kadrların çalışmasına nail olmaq Aslan bəyi qayğılandıran məsələlərdən idi. O, məhkəmə orqanlarına qəbul olunan şəxslərin dövlət dilini bilməsini zəruri hesab edirdi.

Səfikürdski deyirdi ki, xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir. Ona görə də yerli dairə məhkəmələri şəbəkələrinin genişləndirilməsinə çalışırdı. Onun Şəkidə, Şuşada və Kürdəmirdə üç yeni dairə məhkəməsinin açılışına nail olması da bu səbəbdən irəli gəlirdi.

Səfikürdski eləcə də cinayətlərin qarşısının alınması istiqamətində ardıcıl iş aparır, cinayətkarlığa qarşı mübarizəni gücləndirmək üçün əməli tədbirlər görürdü.

1919-cu ilin iyun ayından başlayaraq Aslan bəy Səfikürdski Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin, 1920-ci ilin yanvarından isə Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olur.

1920-ci ildən Səfikürdski fəaliyyətini əsasən Parlamentlə bağlayır. Belə ki, fevralın 5-də maliyyə-büdcə komissiyasının üzvü seçilir. Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın suverenliyinin "de-fakto" tanınması münasibətilə sosialist fraksiyası və bütün Azərbaycan zəhmətkeşləri adından parlamenti təbrik etmək məhz ona qismət olur.

Bu dövrdə Aslan bəy Səfikürdski təklif irəli sürür ki, Azərbaycanı xarici ölkələrdə təmsil etmək üçün səfirliklər, ilk növbədə, Şərq ölkələrində, xüsusilə Yaponiyada, Çində, Əfqanıstanda və Türkiyədə açılsın. O, ilk növbədə, Rusiyada səfirliyimizin açılmasını zəruri hesab edirdi. Bunun səbəbini oradakı azərbaycanlıların hüquqlarının müdafiəyə ehtiyacı olduğu ilə əsaslandırırdı.

1920-ci il aprelin 27-də o, parlamentin müşavirəsi tərəfindən seçilmiş fövqəladə səlahiyyətli nümayəndə heyətinin üzvü kimi bolşeviklərlə hakimiyyət haqqında danışıqlar aparır. Həmin gün parlamentdəki çıxışında deyir: "Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib qəbul etməli, hakimiyyəti və bununla birlikdə millətin ixtiyarını onlara verməliyik... Hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü müdafiə edər və öz istədiyinə nail olar".

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra kommunistlər Aslan bəy Səfikürdskiyə vəzifə vermişdilər. O, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləyirdi. Lakin sovetlər Səfikürdskini yenə də öz düşməni hesab edir və onu gözdən qoymurdular. Nəhayət, Səfikürdskini "Eser partiyasının Zaqafqaziya təşkilatının işi" üzrə ittiham etdilər. Səfikürdski üç il azadlıqdan məhrum edilərək həbs olunur.

Həbs müddəti bitdikdən sonra Aslan bəy Səfikürdski "Azneft" sistemində hüquq məsləhətçisi işləyirdi. Bununla belə, o, daim təqib edilir, ətrafındakı xoflu adamlar onda nə isə neqativ bir hərəkət axtarırdılar.

Səfikürdskinin keşməkeşli, çətin həyatının sonu isə lap ağır olur. 1937-ci ildə dünyasını dəyişəndə bir kəs irəli durub onun cənazəsini dəfn etməyə cürət göstərmir. Hamı hökumətdən, NKVD-dən qorxurdu.

Nəhayət, qara xəbər doğulduğu Səfikürd kəndinə çatır. Oradan atası Ağalar bəyə vaxtilə yaxın olmuş insanlar Bakıya gəlir və onu torpağa tapşırırlar.

Bununla belə, Aslan bəy Səfikürdskinin məzarının harada olması bu gün də heç kəsə bəlli deyil. Çünki dəfndə iştirak edənlərdən bu barədə bir kəlmə belə deməmək barədə yazılı iltizam alınmışdı.

Fırtınalar içində doğulan, enişli-yoxuşlu yollar qət edən, odlu-alovlu ömür yaşayan Səfikürdskinin həyatı belə sakitcə və hüznlə bitdi. Sovet hakimiyyəti dövründə onilliklər boyu bütün silahdaşları kimi onun da adını çəkmək yasaq edildi. Xalqın tarixinin həmin dövrü barədə hamı susmalı oldu.

Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra isə tarixi yaddaşımız təzələndi. İndi yaddaşlarda əməlləri ilə yaşayan həmin insanlardan biri - Aslan bəy Səfikürdski də qəlbimizdə yenidən qürur doğurub, iftixar mənbəyinə çevrilib.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 31 may.- S.10.