Alim fədakarlığı, rəssam sənətkarlığı

 

Neft geofizikası sahəsində görkəmli alim, AMEA-nın müxbir üzvü professor Kərim Kərimov ömrünün ahıllıq çağında da yorulmaq bilmədən çalışır, elmdə uğurlarını gündən-günə artırır. Alimliklə yanaşı o, bu gün həm də Əzim Əzimzadə məktəbinin layiqli davamçısı kimi tanınır. Kərim Kərimov dövri mətbuatda dərc etdirdiyi illüstrasiyalarla satira janrının parlaq nümayəndələrindən birinə çevrilib.

Onun nəsli bir əsrdə iki dəfə erməni qəddarlığının və amansızlığının şahidi olub. Ayrı-ayrı vaxtlarda Qarabağ xanlığının və Zəngəzur mahalının tərkibində olan Şəki kəndində yaşayan yüzlərlə ailə kimi, onların da sakit, rəvan həyatını ilk dəfə erməni quldurları öz axarından çıxarıb. Babası Kərim kişinin gözləri qabağında iki qardaşı düşmən gülləsinə tuş olub. Evini-eşiyini itirib, yurd-yuvasından didərgin düşən Kərim kişi ailəsilə birlikdə Füzuli rayonunda məskunlaşmalı olub. Oğlu Məmmədxan kişi burada təhsil alıb, ailə qurub, uzun müddət milis sistemində işləyib. Sonrakı illərdə işi ilə əlaqədar bir neçə rayonda çalışmalı olsa da, son düşəcəyi yer, qalacağı yer Ağdam olub. Ailənin on bir uşağı da elə burada - Ağdamda dünyaya gəlib. Həmin uşaqlardan birini ilan vurub, ikisi qaynar suda yanıb, qalanları isə böyük bir inadla, inamla həyat yollarında addımlamağa başlayıb. Bəlkə vaxtsız dünyasını dəyişən qardaş və bacılarının taleyi böyük qardaş Hüsünü, Minayə, Səriyyə, Səfirə və Ofeliya bacılarını təbabətə, həkimlik sənətinə yönəldib - onların hamısı ali tibb təhsili alaraq bu sahədə adlı-sanlı mütəxəssisə çevrilib. Kərim müəllimlə qardaşı Rafiqin həyat və sənət yolları isə, digər qardaş və bacılardan fərqli olaraq, müəyyən sahələrdə bir-birinə uyğun gəlib, müəyyən sahələrdə isə yox.

Onların həyatında ikinci qaçqınlıq dövrü isə Qarabağın işğalı ilə başladı. Yaşının bu çağında Kərim müəllimin ən böyük dərdi, nisgili də elə budur ki, yaxınları, doğmaları uyuyan həmin torpaqlara illərdir gedib-gəlmir, gözü yolda qalan məzarlara baş çəkə bilmir.     

 

 Təhsil, elm və gələcək dalınca

 

 Ağdamda orta məktəbi başa vuran Kərim müəllimin tələbəlik, gənclik illəri Dövlət Neft Akademiyası ilə bağlıdır. Həmin dövrdə təhsildəki uğurları onun ictimai işlərlə fəal məşğul olmasına mane olmurdu. 1957-ci ildə ali təhsili başa vuran Kərim müəllimi artıq respublika gənclər təşkilatlarında məsul vəzifələr gözləyirdi. Bu sahədə daha da irəli getmək, müəyyən mövqelərə nail olmaq imkanı olsa da, o, üç ildən sonra elmə marağını gizlədə bilmədi və yenidən öz ixtisası - neft geologiyası üzrə işləməyə başladı. Bir il Elmlər Akademiyasının Dərin Heft-Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndis vəzifəsində çalışdı. 1961-1964-cü illərdə Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirdi, dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi adını aldı. Yeni neft-qaz yataqlarının geofiziki üsullarla kəşfi ilə bağlı yüzlərlə əsərin müəllifi olan Kərim Kərimov 1965-1992-ci illərdə Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi, bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində çalışdı. 1975-ci ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

O, dövlət müstəqilliyinin ilk illərində ARDNŞ-in tərkibində yaranan Baş Geofizika İdarəsinin rəisi oldu. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasına uyğun olaraq 1994-cü ildə həmin idarə Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinə çevriləndə bir alim və təşkilatçı kimi yüksək keyfiyyətləri nəzərə alınaraq o, bu məsul quruma baş direktor təyin olundu.

Elə bu dövrdə hər bir azərbaycanlı üçün mühüm əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi"nin və digər neft müqavilələrinin əhatə etdiyi yataqlar, onların həcmi və ehtiyatları istehsalat birliyində qısa  müddətdə işlənib hazırlandı. Hələ sovet dövründə Azərbaycanın quruda və dənizdə neft-qaz ehtiyatlarının müasir geofiziki kəşfiyyat üsulları ilə öyrənilməsi sahəsində təşəbbüslər göstərən Kərim Kərimov dövlət müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının mötəbər elmi təminatının yaradılmasında, "Əsrin müqaviləsi"nə qarşı yönəlmiş xarici təxribat və təbliğatın puça çıxarılmasında yaxından iştirak etdi.  Kərim müəllimin hələ o illərdə elmi cəhətdən əsaslandırılmış nəticələri, rəqəmləri elan etməsi bu sahəyə meyil göstərən ölkələrdə və şirkətlərdə böyük maraqreaksiya doğururdu: "Son zamanlar müəyyən qüvvələr ölkəmizdə və ondan kənarda intensiv olaraq şayiələr yayırlar ki, guya Azərbaycanda, o cümlədən onun Xəzər bölməsində nəzərdə tutulan neft ehtiyatı yoxdur. Belə bir hay-küy, şübhəsiz ki, mənfur bir məqsədə xidmət edir. Onlar ölkə rəhbərliyinin neft sahəsində apardığı hərtərəfli, düşünülmüş siyasətə, o cümlədən xarici dövlətlərlə əməkdaşlığa kölgə salmağa, neft sənayemizə sərmayə qoymaq istəyənləri faktiki olaraq belə fikirdən çəkindirməyə çalışırlar. Bunların hamısına obyektiv cavab verməyi özümə bir vətəndaş və alim borcu hesab edirəm. Beləliklə, hələ iki il öncə biz yeni geolojigeofiziki materiallar əsasında aparılmış dəqiq işlər nəticəsində Azərbaycanın çıxarılası, bir daha qətiyyətlə qeyd etmək istəyirəm ki, ümumi geoloji yox, ancaq hasil oluna biləsi neftin səkkiz milyard tondan artıq olmasını göstərmişdik. Bunun 6,3-6,4 milyard tonu ancaq Xəzərin Azərbaycan bölməsinin payına düşür, qalan hissəsi isə respublikamızın quru ərazilərilə bağlıdır".

O, bu qənaətə həm də özünün illər boyu apardığı elmi-praktik araşdırmalar nəticəsində gəlmişdi. Ümummilli liderin uzaqgörənliklə təzyiqləri dəf edərək imzaladığı neft müqavilələrinin uğurları Kərim müəllimin haqlı olduğunu bir daha təsdiqlədi. Uzun illər ölkəmizdə davam etdirilən geoloji-geofiziki tədqiqatların, həmçinin Kür-Cənubi Xəzər sahəsində regional əyilmələrdə (çökmələrdə) və ona bitişik ərazilərdə aparılan termobarik, petrofizikiaerokosmik tədqiqatlar sahəsində görülən əlavə işlərin analizi göstərdi ki, 10 min kilometr boyunca uzanan Alp-Himalay qırışıqları sistemində Azərbaycan, demək olar ki, dünyanın ən zəngin neftli-qazlı regionlarından biridir. Alimin bu mülahizələri bütün dünyaya yayılıb. O deyir ki, dünyada neftə olan tələbatın artması yeni ehtiyatların aşkara çıxarılmasını tələb edir. Bunun üçün bütün mezakaynozoy kompleksinin çöküntü qatlarının kəsilişlərində, o cümlədən qeyri-aniklinalstratiqrafik tipli tələlərdəki neft-qaz ehtiyatlarına xüsusi diqqət yetirilməlidir. Azərbaycan, həqiqətən, dünyada ilk olaraq həm quruda, həm də Orta və Cənub Xəzər hövzələri sahələrində iri neftqaz yataqlarının kəşf edildiyi regionlardan biridir. Müasir dövrdə alim və mütəxəssislərimizin təcrübəsinin həyata keçirilməsi bir sıra yeni sənaye ehtiyatlı neftqaz yataqlarının kəşfinə və tədqiqinə də imkan yaradır. Bu yataqların hamısı əsasən 5000 metrə qədər dərinlikdə yerləşir. Eyni zamanda Bakı arxipelaqının qarışıq sahəsində bir sıra neft-qaz yataqları da aşkar edilib.

Ali məktəblərdə gənc geoloqların hazırlanması sahəsində də Kərim müəllimin pedaqoji fəaliyyəti çox genişdir, onun elmdə öz ardıcıllarını yetişdirməsi hamıda məmnunluq hissi doğurur. O, hazırda neft geologiyasının, regional geologiyanın, geotektonikanın, neftqaz yataqlarının geofiziki üsullarla axtarışı problemləri üzrə elmi-tədqiqat işləri aparır, Yer litosferinin quruluşu və inkişafının, Yer qabığının termodinamiktermobarik vəziyyətinin öyrənilməsi üçün geofiziki informasiyanın tətbiqi üsullarını işləyib hazırlayır. 1974-cü ildən böyük dərinliklərdə yatan çöküntülərin quruluş və neftlilik-qazlığının geniş miqyası və məqsədyönlü geoloji-geofiziki tədqiqatları ilə məşğul olan alim neft geologiyası tarixində ilk dəfə qumlu-gilli süxurların elektrik xüsusiyyətlərilə əlaqədar iki geoloji effekt müəyyən edib. Onların hər ikisi neft-qaz axtarışı və kəşfiyyatı işləri üçün böyük elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir. Cənubi Qafqazın depressiya zonaları və onlara bitişik ərazilər üzrə geniş geoloji-geofizik materialların birgə baxılması, elmi analizi və yenidən interpretasiyası əsasında Kərim Kərimov yer qabığındakı seysmik sərhədlərin yeni stratifikasiyasını verə bilib. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan neft-qaz kəşfiyyatı işlərinin elmi-praktiki əhəmiyyəti çox genişdir, bu tədqiqatlar hələ uzun illər Azərbaycan neft sənayesinin uğurlar qazanmasında mühüm rol oynayacaqdır. Əbəs yerə deyil ki, ölkə neftçiləri Kərim müəllimi həmişə kəşfiyyat cəbhəsinin önündə görməyə adət ediblər.

Bütün bunlarla yanaşı, Kərim müəllim bəşəriyyəti daim təhdid edən təbii fəlakətlərin, o cümlədən zəlzələlərin baş verməsinin qabaqcadan öyrənilməsinə, proqnozlaşdırılmasına dair yeni bir metodika təklif edibo, hazırda seysmologiya elmində bir yenilik kimi dəyərləndirilir. Onun irəli sürdüyü bu orijinal mülahizə artıq beynəlxalq sertifikat alıb və elmi əsaslarını getdikcə daha da möhkəmləndirir. Kərim müəllimin iki ixtirası - "Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu" və "Zəlzələnin proqnozlaşdırılması üsulu" artıq Avrasiya Patentləşdirmə Cəmiyyətinin patentini də alıb. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 kilometr olan 6-7 strukturdan ibarət yeni bir neft-qazlı tektonik zona aşkar edilb.

Alimin uğurlarından, elmi ictimaiyyət arasında nüfuzundan, yaradıcı ziyalı kimi fəal ictimai mövqeyindən saatlarla danışmaq olar. Onun elmi işləri bir neçə dəfə AMEA-nın müəyyənləşdirdiyi ən yüksək nəticələrə malik əsərlər siyahısında öz əksini tapıb. Əbəs yerə deyil ki, dünya geoloqları və geofizikləri arasında yaxşı tanınan Kərim müəllim Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarına layiq görülüb, əməkdar elmtexnika xadimidir. O, xeyli vaxtdır Milli Elmlər Akademiyasının müxbir üzvü, Şərq Neft Akademiyası, Avropa Elmlər Akademiyası, Müasir Lütvi Zadə adına Akademiyanın həqiqi üzvü, Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvüvitse-prezidenti, Dünya Geofiziklər Assosiasiyasının üzvüdür. Kərim Kərimov eyni zamanda müxtəlif ölkələrin neftgeofizika cəmiyyətlərində təmsil olunur: Amerika Bioqrafiya İnstitutuKembric Universiteti onu dəfələrlə "İlin adamı" elan edərək medallara layiq görüb.

Çalışdığı sahədə yeni bir istiqamət açan alim 600-dək elmi əsərin, həmçinin 14 monoqrafiyanın, 22 geoloji-geofiziki xəritənin, 18 atlasın, 8 ixtiranın müəllifidir.

Onun həyatında ümummilli liderin fərmanı ilə layiq görüldüyü "Şöhrət" ordeninin isə ayrıca yeri var.

 

 İndi alimin də, rəssamın da bir dərdi var - Qarabağ

 

 

Kərim müəllim uzun illərdir həm də rəssamlıqla məşğul olur. Peşəkar rəssam olan qardaşı Rafiqlə bu barədə tez-tez "söhbətlər"i, mübahisələri də olur. Qardaşı hərdən ona zarafatla deyir: "Sən niyə mənim çörəyimə şərik olursan?"

Kərim Kərimov üçün rəssamlıq, hər şeydən öncə, həyat və düşüncə tərzi, vətəndaşlıq mövqeyi deməkdir. Onun 1956-cı ildə orta məktəbin 9-cu sinfində oxuyarkən kiçik bir hadisə nəticəsində üzə çıxan böyük qabiliyyəti indi də çoxlarını heyrətləndirir və düşünməyə vadar edir. Bu illər ərzində o, müxtəlif mövzularda yüzlərlə karikatura çəkib. 1988-ci ildən isə alim-rəssamın siyasi plakat və karikaturalarının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətinin ifşası ilə əlaqədardır. İndiyə kimi Kərim Kərimovun karikaturalardan ibarət "Terrorizm və qanlı ləpirlər", "Terrorizmə yox", "Terrorizm, separatizm, soyqırım", "Soyqırım" və başqa kitab-albomları işıq üzü görüb. Kərim müəllimin rəsm əsərləri "böyük Ermənistan" xülyası ilə yaşayan erməni daşnaklarının terrorçu təşkilatlarının himayədarlarını ifşa edir, dünya ictimaiyyətini beynəlxalq hüquq normalarını, dinc yanaşı yaşamaq qaydalarını pozanlara qarşı mübarizəyə səsləyir. Müəllif erməni faşizminin son dərəcə dəhşətli və təhlükəli olduğunu fırçanın gücü ilə insanlara çatdırmağa, sülhsevər qüvvələri birləşməyə çağırır.

Onun karikaturaları həm də müxtəlif ölkələrdən 19 fərdi sərgidə nümayiş etdirilib. Kərim müəllimin karikaturaları vaxtaşırı işıq üzü görən toplular və müxtəlif sərgilər vasitəsi ilə təqdim olunur və bu, düşmənlərimizə qarşı nifrəti daha da artırır, gənclərə vətənpərvərlik ruhu aşılayır. Alim-rəssamın son illər ərzində müasir terrorizmin qurbanlarının, o cümlədən Azərbaycanın dinc əhalisinə yönəldilmiş dövlət terrorizm siyasətini əhatə edən, dərin təsir bağışlayan faktlar əsasında yaratdığı əsərlər deyilənlərə ən yaxşı sübutdur.

Bir faktı da qeyd edək ki, Kərim Kərimovun 1991-ci ilin sonlarında qardaş Türkiyədə təşkil olunan satış-sərgisində tanınmış ictimai-siyasi xadimlərdən Məsud Yılmaz da iştirak edib və əldə olunan 108 min dollar vəsaitin 100 mini o vaxt formalaşmaqda olan Azərbaycan Ordusunun hesabına keçirilib. 

Milli Məclisin komitə sədri professor Nizami Cəfərov Kərim Kərimovun "Haqq və ədalət uğrunda", "Azərbaycanın neft-qaz potensialı" kitablarının təqdimetmə mərasimindəki çıxışında qeyd edib ki, "Azərbaycanın tanınmış alimlərindən olan K.Kərimov zəlzələnin əvvəlcədən müəyyən edildiyi kəşfi ilə yanaşı, həm də satirik rəsm əsərləri ilə tanınır. Onun rəsmləri erməni millətçilərinin, onların terror təşkilatlarının himayədarlarını ifşa edir, bir daha sübut edir ki, Ermənistanın terror siyasəti regional və beynəlxalq sabitliyə real təhlükədir". Akademik İsa Həbibbəyli  AMEA-nın müxbir üzvü Kərim Kərimovun yaradıcılığında karikatura janrından danışarkən onu əsası Əzim Əzimzadə tərəfindən qoyulan Azərbaycan milli karikatura məktəbinin davamçısı olan yeni tipli rəssam kimi dəyərləndirir. Akademik Ziyad Səmədzadə isə bir rəssam kimi Kərim Kərimovun yaradıcılığından danışarkən xüsusi vurğulayır ki, "onun rəsmləri "böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin, terror təşkilatlarının himayədarlarını kəskin şəkildə ifşa edir".

Kərim Kərimov isə özü haqqında bunları deyir: "Ölkəmizdə həm neftçi alim, həm də rəssam kimi tanınmağım, qəbul olunmağım mənim üzərimə həmişə ikiqat yük və məsuliyyət qoyub. Mən bu qoşa qanadla uçmuşam, uğurlar qazanmışam".

 

 Geriyə baxdıqca

 

 

Həyatda nə qədər çətinliklər görsə də, Kərim müəllim dönüb arxaya baxmağı xoşlayır. Onun üçün arxaya baxmaq elə gələcəyə uşaqları, nəvələri ilə baxmaq deməkdir. Bu mənada qarşıdakı işlər onu özünə daha çox çəkir.

80 yaşlı Kərim müəllim həmişəki kimi yenə xüsusi bir həvəslə, enerji ilə çalışmaqdadır. O, hazırda ARDNŞ-in Geofizika və Geologiya İdarəsində aparıcı elmi işçidir və vətənpərvər bir insan kimi neft-qaz ehtiyatlarının yenidən qiymətləndirilməsi və neft strategiyasının  təbliği ilə bağlı fəaliyyətini uğurla davam etdirir. Kərim müəllim fəxrlə, qürurla qeyd edir ki, artıq  Azərbaycan neftçiləri tarixdə heç vaxt olmadığı miqdarda - ildə 50 milyon ton civarında neft, 30 milyard kubmetrə yaxın qaz istehsal edir və Azərbaycan təkcə özünün deyil, Avropanın da enerji tələbatının ödənilməsində mühüm rol oynayır. Bu minvalla ölkəmiz hələ yarım əsr neft-qaz hasilatında indiki mövqeyini qoruyub saxlayacaq: "Ölkəmizin neft-qaz ehtiyatlarının öyrənilməsi prosesi hazırda uğurla davam edir. Mən qəti əminəm ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələlik bizə bəlli olduğundan xeyli çoxdur. Ona görə də kəşfiyyat işlərini köhnə və yeni yataqlarda durmadan davam etdiririk. Xüsusən Xəzər dənizinin enerji ehtiyatları böyük maraq doğurur. Azərbaycan qədimdən Odlar diyarı, neft səltənəti kimi tanınsa da, son 150 ildə bu sərvətin həyatda artan rolu ilə bağlı ölkəmiz dünya siyasətində maraq mərkəzlərindən biri olmuş, neft hasilatının artan həcmi ilə regionda önəmli rol qazanmışdır. Hər iki dünya müharibəsinin iştirakçıları "neft kralı" Bakıya sahib olmaq istəmişdilər. İkinci Dünya savaşının əsas qalibi SSRİ-nin neftə tələbatının 70 faizini Bakı ödəmişdi".

Kərim müəllim qisasın qiyamətə qalmayacağına, vaxtı gələndə Bakı neftinin, əvvəllər olduğu kimi, Qarabağ savaşında da öz sözünü deyəcəyinə, dünyada bir əmin-amanlıq ocağına, bərəkət və səadət mənbəyinə çevriləcəyinə tamamilə əmindir. Azərbaycan bu gün həm də mənən güclənir və güclü dövlətin nəyə qadir olduğunu isə dost da, düşmən də yaxşı bilir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 31 may.- S.11.