Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi Əskişəhərdə təntənə ilə qeyd olundu

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə qardaş Türkiyənin şəhərlərində də tədbirlər keçirildi. İlk toplantı Türkiyənin qabaqcıl universitetlərindən sayılan Əskişəhər Osmanqazi Universitetində oldu. İclasın keçirildiyi salon başdan-başa Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. Burada Azərbaycan tarixinə və Azərbaycan-Türkiyə dostluguna aid  kitablardan ibarət sərgi açılmışdı. Qonaqlar xalqımızı bu böyük bayram münasibətilə təbrik edir, Azərbaycan xalqı haqqında dəyərli fikirlər söyləyirdilər. Toplantını Osmanqazi Universitetində fəaliyyət göstərən Azərbaycan-Türkiyə qardaşlıq dərnəyinin sədri Evlin Əjdərli açaraq 28 May - Respublika Günü münasibətilə hər kəsi təbrik etdi. Sonra başqa ölkədə səfərdə olan Osmanqazi Universitetinin rektoru, professor Həsən Gönənin göndərdiyi təbrik teleqramı oxundu. Rektor xalqımızı təbrik edir, böyük öndər Atatürkün "Azərbaycanın sevinci, bayramı Türkiyənini sevinci, bayramıdır" deyimini bir daha xatırladırdı: "Azərbaycan və Türkiyənin qardaşlıgı əzəli və əbədidir, kimsə bu qardaşlıgı, dostlugu poza bilməz. Biz fəxr edirik ki, universitetimizdə Azərbaycandan gələn çox sayda müəllim çalışır, tələbələr təhsil alırlar. Bu tələbələr gələcəkdə yüksək ixtisaslı mütəxəssislər olacaq, sənayesi, iqtisadiyyatı gündən-günə irəliləyən Azərbaycanda çalışacaqlar".

Universitetin ədəbiyyat kafedrasının müəllimi professor T.Əliyeva 28 May - Azərbaycanın milli bayramının tarixindən söz açdı, o günlərdə ilk müstəqil addımlarını atan Azərbaycana Rusiya, Ermənistan və Avropadan gələrək mane olmağa çalışan qüvvələrin xəyanətindən danışdı, 1918-ci il Bakı, Quba, Qarabag, Qərbi Azərbaycan və Zəngəzurda ermənilərin törətdikləri faciələrdən bəhs etdi. Bildirildi ki, Azərbaycana hər tərəfdən hücumlar edilirdi. Onlar nəticədə istədiklərinə nail oldular. Müstəqil Azərbaycan hökuməti 23 ay yaşadı. 1920-ci il aprel ayının 28-də XI Qızıl Ordu zorla Azərbaycana girdi, xalqımız yenidən müstəmləkə altına düşdü. Amma azadlıgın dadını duyan Azərbaycan xalqı yenə də azadlığa can atdı və XX əsrin sonunda yenidən müstəqilliyinə qovuşdu. Bu gün azad Azərbaycan sürətlə inkişaf edir, dünyanın hər yerində tanınır.

Osmanqazi Universitetinin prorektorları professor Adnan Konuk, professor İlhami Ünlüoglu, professor Bahaddin Acar, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın çıxış edərək Azərbaycan dövlətini, Azərbaycan xalqını bayram münasibətilə təbrik etdilər. Əskişəhərdəki Polis Evinin restoranında bayram münasibətilə sazlı-söhbətli şənlik təşkil olundu. Əskişəhər vali müavini Faruk Eraslan, OsmanqaziAnadolu universitetlərində dərs deyən müəllimlər - professorlar Ələddin Şamilov, Rəfail Qasımbəyli, Vaqif Cəfərli, Məmmədaga Məmmədli, Nərgiz Qasımbəyli, Əskişəhərin tanınmış ziyalılarından olan, qəlbi Azərbaycan sevgisi ilə çırpınan Qədir Çalışıcı və başqaları ziyafətdə iştirak edirdilər. Gənclər Azərbaycan musiqisinin sədaları altında rəqs etdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi münasibətilə təşkil olunan şənliklər Əskişəhərdəki Yunis İmrə Mədəniyyət Mərkəzində də davam etdi. Tədbirdə Azərbaycanın keçmişi, bugünü haqqında çıxışlar oldu, gənclər Azərbaycan musiqisinin sədaları altında əllərində müstəqil Azərbaycanın üçrəngli bayragı ilə yallı oynadılar. Bayram şənlikləri  Əskişəhərdə böyük sevinc və coşqu ilə keçirildi. Əskişəhərdə fəaliyyət göstərən və tez-tez Azərbaycan mədəniyyəti günləri keçirən Aktiv Fəlsəfə Dərnəyinin üzvləri Azərbaycan mahnılarını məharətlə ifa etdilər, tamaşaçılar onları ayaqüstə alqışladılar. Türkiyəli və azərbaycanlı gənclər Azərbaycanın böyük şairləri  Almas Yıldırımın, Əhməd Cavadın, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurgunun, Süleyman Rüstəmin, Məmməd Arazın və Bəxtiyar Vahabzadənin şeirlərini söylədilər.

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan" qəzetinin

Türkiyə təmsilçisi

 

Azərbaycan.-2013.- 31 may.- S.11.