Uşaq ədəbiyyatının inciləri

 

Uzun illər "Göyərçin" jurnalının baş redaktoru olmuşuşaqlar üçün nəsr əsərləri, poema və şeirlər yazmış görkəmli şair Tofiq Mahmudun "Seçilmiş əsərləri"nin birinci cildi işıq üzü görüb. Bütün həyatını uşaq ədəbiyyatına, mətbuatın inkişafına həsr edən müəllifin bu topluya balalarımız üçün qələmə aldığı əsərləri daxil edilib. İki bölmədən ibarət olan yeni nəşrdə uşaq şeirləri və poemalar, onlar üçün yazılmış nəsr əsərləri diqqət çəkir.

Azyaşlı oxucuların və yeniyetmələrin təlim-tərbiyəsində, onların dünyagörüşünün formalaşmasında böyük təsiri və əhəmiyyəti olan bu əsərlər həqiqətən də uşaq ədəbiyyatının inciləri sırasındadır. Mərhum şairin uşaqlar üçün qələmə aldığı şeirlər yığcam, lakonik və yaddaqalandır. Kitabın "Uşaq şeirləri və poemalar" bölümündəki şeirləri kiçik yaşlı oxucuların bilik səviyyəsinə, dünyagörüşünə, maraq dairəsinə çox uyğundur. Hətta uşaqlar tərəfindən verilən suallar əsasında yazılan şeirlər də mənalı və təbiidir. Bu suallarda uşaq təbiətinin sadəliyi, cavablarda isə şair müdrikliyinin çalarları görünür. Məsələn:

 

 

 

 

- Ata, niyə günəş də,

Ay da dənizə düşür?!

- Onlar üçün,

 ay qızım,

 

Dəniz bir saf güzgüdür.

- Qapımızdır döyülən,

Yəqin, oğrudur gələn?

- Qapı döyülürsə, bil,

O gələn oğru deyil.

 

 

Uşaqlar üçün qələmə alınan şeirlərdə yurdumuzun təbii gözəllikləri, müxtəlif lövhələr də öz əksini tapıb. Təbiətə ünvanlanan şeirlər həm maraqlıdır, həm də uşaqlar üçün ətraflı bilgi mənbəyidir. Məsələn, "Şimşək", "Duman", "Yağış və günəş", "İstisu", "Bulaq" kimi şeirlər qısa olmaqla bərabər, böyük mətləblər ifadə etmək baxımından çox dəyərlidir.

Uşaq və yeniyetmələr üçün qələmə alınan nəsr əsərləri də toplunun ən maraqlı səhifələrini təşkil edir. Burada müəllifin povest, hekayə və nağılları toplanıb. Uşaqlara təqdim edilən əfsanələr də məzmunu və bədii dəyərinə görə qiymətlidir. Əlbəttə, ədəbi tənqidin susduğu, uşaq ədəbiyyatına bəslənən ögey münasibətin hökm sürdüyü bir zamanda belə mükəmməl əsərlərin çap edilərək azyaşlı uşaqlara çatdırılması vacibdir. Uşaqları unutmaq olmaz. Texniki tərəqqi nə qədər sürətlə həyatımıza daxil olsa da, belə kitabın yerini verə bilməz. Yeni nəşrdən yalnız uşaqlar və yeniyetmələr deyil, müəllimlər, tərbiyəçilər, kitabxana işçiləri, tələbələr də bəhrələnə bilərlər.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 31 may.- S.12.