Amerikalı siyasi texnoloq Cim Messina: Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır
Bakıda
keçirilən "Gələcəyə baxış"
Azərbaycan-ABŞ Forumu çərçivəsində
mayın 29-da "ABŞ-ın daxili və xarici siyasəti"
mövzusunda xüsusi sessiya olmuşdur.
Moderatoru
"Turquoise" Amerika-Avrasiya Şurasının prezidenti
Kamal Öksüz olan sessiyada ABŞ seçki qanunvericiliyi,
seçki texnologiyaları, prezident seçkiləri
kampaniyasının keçirilməsi məsələləri
müzakirə edilmişdir.
ABŞ
Prezidenti Barak Obama Administrasiyası rəhbərinin operativ məsələlər
üzrə keçmiş müavini Cim MESSİNA
"Prezidentliyin formalaşması, prezidentin seçilməsi:
Amerikanın baş siyasi strateqinin şərhləri"
mövzusunda məruzə ilə çıxış
etmişdir. C.Messina qeyd etmişdir ki, Azərbaycana və bu
regiona ilk dəfə gəlmişdir. Onun sözlərinə
görə, Amerika yaxşı başa düşür ki, Cənubi
Qafqazda mühüm rol oynayan Azərbaycan ABŞ-ın strateji
tərəfdaşdır. O vurğulamışdır ki, bu
forum ABŞ ilə Azərbaycan arasında münasibətlərin
möhkəmlənməsinə kömək edəcəkdir.
C.Messina
ABŞ-da seçki kampaniyası keçirilməsinin xarakteri
barədə fikirlərini bölüşərək, Prezident
Barak Obamanın seçkiqabağı kampaniyası və
seçki texnologiyaları barədə söhbət
açmışdır. Onun sözlərinə görə,
Amerikada seçki qanunvericiliyi daim yenilənir, bu sahədə
islahatlar aparılır.
Prezident
kampaniyasının keçirilməsində sosial medianın
rolu məsələsinə toxunan C.Messina qeyd etmişdir ki,
sosial media bu prosesdə böyük əhəmiyyət kəsb
edir. O demişdir: "Sosial media
daha çox insanı əhatə etməyə imkan verir. 2012-ci ildə
Barak Obamanın seçkiqabağı
kampaniyası dövründə
biz sosial mediadan istifadə etdik və bunun böyük
səmərəsini gördük.
Məsələn, biz "Facebook" sosial şəbəkəsində
daha çox məlumat yaymağa, Barak Obamanın tərəfdarlarını
maraqlandırmağa, seçicilərlə
dialoq aparmağa müvəffəq olduq".
C.Messina
qeyd etmişdir ki, Prezident Barak Obamanın
seçkiqabağı kampaniyası dövründə onunla
müxtəlif mövzularda, məsələn, qanunvericilik
aktları, dünyada və konkret regionlarda münaqişələr
barədə müzakirələr aparılır. Onun sözlərinə
görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi də xüsusi diqqət tələb edən
məsələlərdən biridir.
Azərbaycan.-2013.- 30 may.- S.8.