Bakıda «İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri» mövzusunda konfrans keçirilir

 

Mayın 29-da Bakıda Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş "İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri" mövzusunda ikigünlük konfrans işə başlamışdır.

Konfransı açan Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov  Azərbaycanda milli patent sisteminin 20 ildir fəaliyyət göstərdiyini demişdir. O, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu sistemin ölkəmizdə keyfiyyət infrastrukturunun əsas tərkib hissələrindən birinə çevrildiyini, bu illər ərzində patent sahəsi üzrə normativ-hüquqi bazanın formalaşdığını, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində beynəlxalq sistemə uğurlu inteqrasiyanın həyata keçirildiyini vurğulamışdır.

Ölkəmizin Dünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına qoşulduğunu, Avropa Patent Təşkilatı ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu deyən Ramiz Həsənov ölkəmizdə uğurlu siyasət nəticəsində Azərbaycana marağın daha da artdığını, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşdırılması, sahibkarlığın inkişafına dövlət qayğısının əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələndiyini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, bu sahədə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən SMPDK patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində Dünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri nəticəsində "Əməkdaşlıq Proqramı" təsdiq edilmiş, 10 ölkə ilə ikitərəfli saziş imzalanmış, komitə ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış "Əqli mülkiyyət hüquqlarının idarəetmə sisteminin formalaşdırılmasına dair" layihə icra olunmuşdur. Bu layihə Azərbaycanda yeni qurulan "Elektron hökumət" layihəsinə də bir töhfə kimi qiymətləndirilməkdədir.

Konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli Məclisin deputatı Arif Əşrəfov, Nazirlər Kabinetinin şöbə müdirləri İsmayıl Sadıxov və Səyyaf İsmayılov çıxış edərək Azərbaycanda patent sisteminin sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlərdən danışmışlar.

Dünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail Svantner, Avrasiya Patent İdarəsinin prezidenti Aleksandr Qriqoryev, departament rəhbəri Nina Formbi ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən söhbət açmış, Azərbaycanın son 20 ildə sürətli inkişafını və beynəlxalq patent sisteminə uğurlu inteqrasiyasını xüsusi vurğulamışlar.

Konfransda "Azərbaycanın patent sisteminin cari vəziyyəti, problemlər, perspektivlər", "Keçid dövründə olan ölkələrdə milli əqli mülkiyyət strategiyasının inkişafı", "Türkiyə Əqli Mülkiyyət Sisteminin cari vəziyyəti", "Əqli mülkiyyət infrastrukturunun modernləşdirilməsi"  və digər mövzularda məruzələr dinlənilmişdir.

Sonra Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin videmüraciəti yayımlanmışdır.

Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfrans mayın 30-da işini davam etdirəcəkdir.

 

Azərbaycan.-2013.- 30 may.- S.9.