Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş «Riyaziyyat və informatikanın aktual problemləri» mövzusunda Beynəlxalq konfrans keçirilir
Mayın
29-da "Kempinski Hotel Badamdar"da
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Riyaziyyat və informatikanın aktual problemləri" mövzusunda
Beynəlxalq konfrans işə başlamışdır.
Tədbir Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi, Azərbaycan Riyaziyyat Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat
və Mexanika İnstitutu tərəfindən
təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, dünyanın 13 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Almaniya, Ukrayna, Qazaxıstan, Rusiya və Özbəkistandan olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev ümummilli lider Heydər Əliyevin elmə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Müasir dünyada elmin mühüm rolunu qeyd edən akademik A.Hacıyev, eyni zamanda, konfransın əhəmiyyətindən danışmışdır.
Rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ili ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
etdiyini xatırlatmışdır.
E.Vəlizadə müvafiq elm sahələrinin
inkişafı üzrə reallaşdırılan tədbirlərin
əhəmiyyətini də diqqətə
çatdırmışdır.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini icra edən, professor Misir Mərdanov, akademik İsmayıl İbrahimov ulu öndər Heydər Əliyevin elmə göstərdiyi böyük diqqət və qayğıdan danışmış, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirmişlər.
Alimlər elmin, xüsusilə riyaziyyat və informatikanın inkişafı ilə bağlı fikirlərini söyləmişlər. Qeyd olunmuşdur ki, Beynəlxalq konfransa 244 tezis daxil edilmişdir.
Türkiyənin Ankara Universitetinin professoru Ertan İbikli və digər ölkələrdən olan alim və mütəxəssislər elmi əlaqələrdən danışmış və bu əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulamışlar.
Riyaziyyat və informatikanın müasir problemlərinə dair məruzələr dinlənilmişdir.
Sonra "Funksional analiz", "Diferensial tənliklər", "İnternet proqramları və veb-xidmət", "İnformasiya texnologiyaları və kompyuter təhsili", "Nanotexnologiya" və digər bölmələr üzrə iclaslar keçirilmişdir.
Beynəlxalq konfrans
mayın 31-də başa
çatacaqdır.
Azərbaycan.-2013.- 30 may.- S.9.