«Gələcəyə baxış»
ABŞ-Azərbaycan Forumunun
iştirakçıları «Atəşgah məbədi»
Dövlət Tarix-Memarlıq Qoruğunda və
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar
"Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunun iştirakçıları mayın 28-də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olmuşlar.
Qonaqlara məlumat verilmişdir ki, Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilmiş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır.
Qeyd olunmuşdur ki, qoruğun sahəsi 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi 2 min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa edilmişdir. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın istifadə etdikləri məişət əşyaları və incəsənət nümunələri nümayiş olunur. Muğam evində isə buraya gələn ziyarətçilərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə ayrıca guşə yaradılmışdır.
Diqqətə
çatdırılmışdır ki, Atəşgah məbədi
XVII-XVIII əsrlərdə təbii qazların
çıxdığı "əbədi", sönməz
alovların yerində inşa edilmiş od məbədidir. İndiki ibadətgah
da atəşpərəstlərin -zərdüştlərin
qədim məbədlərinin yerində tikilmişdir.
Bu məbədlər təqribən II-III əsrlərdə
inşa edilmişdir.
XVII əsrdə məbədin ətrafında bir-birinin
yanında ibadətxana, 26 hücrə və karvansara
inşa edilmişdir.
Vaxtilə hücrələrdə müxtəlif dini ayinlərin icrası və oda
sitayiş edən kahinlərin fəaliyyəti
üçün lazımi şərait də
olmuşdur. Məbədə gələn
zəvvarlar karvansarada istirahət
imkanı da əldə etmişlər.
XVIII əsrin əvvəlində məbəd artıq bizim dövrə gəlib
çıxdığı şəkli almışdır.
Vurğulanmışdır ki, beşkünc planda tikilmiş abidənin həyətində mərkəzi səcdəgahın yuxarısı günbəzlə tamamlanan dördkünc tikili ucalır. Giriş portalının üstündə Abşeronda ənənəvi olan qonaq otağı - "Balaxana" yerləşir. Yeni memarlıq ənənələri ilə tikilmiş Atəşgah məbədi özündə qədim od səcdəgahlarının elementlərini qoruyub saxlamışdır. Məbədin ən erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir, üstündə qədim sanskrit dilində yazı vardır.
"Atəşgah Məbədi" Dövlət Tarix Memarlıq Qoruğu ilə tanışlıq qonaqlarda dərin təəssürat yaratmışdır.
* * *
Forum iştirakçıları mayın 28-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində də olmuşlar.
Qonaqlara Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, kompleks ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzinə çevrilməsinə xidmət edir. Burada yaradılmış Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabalar, evlər, ovdanlar, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.
Qonaqlara məlumat verilmişdir ki, burada Əntiq Əşyalar Muzeyi də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeydə uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi-mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.
Qonaqlara Qala abidə kompleksi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Kompleksə daxil olan X-XIV əsrlərə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədilə istifadə olunmuş X-XIV əsrlərə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
Qonaqların diqqətinə çatdırılmışdır ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və bərpa olunmuşdur.
Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleksi qonaqlarda böyük maraq
doğurmuşdur.
Azərbaycan.-2013.- 30 may.- S.11.