Bakıda Üçüncü Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak etmişdir

 

 

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etmişlər.

Bakı Beynəlxalq Humanitar Forumu aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda təşkil olunmuş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

Forumun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putindir.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr iştirak edir. Onlar arasında nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və digər şəxslər vardır. İki gün ərzində forumda səkkiz sahə üzrə "dəyirmi masa"lar təşkil ediləcəkdir. Humanitar forumda "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "İqtisadi inkişafın humanitar aspektləri", "Elmi innovasiyalar və onların təhsil mühitinə transferi", "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında", "Postmodern dövründə milli özünüdərk", "Davamlı inkişafekoloji sivilizasiya", "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə", "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzularında "dəyirmi masa"lar keçiriləcəkdir.   

Dövlət başçısı forumun açılış mərasimində nitq söylədi.

Prezident Vladimir Putinin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini oxuyan Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY dedi:

 

- Möhtərəm Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev!

 

Zati-aliləri!

 

Xanımlar və cənablar!

 

Bu forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Çünki Bakı Humanitar Forumu çox qısa müddətdə dünyada inkişafın ən mühüm, ən ümdə problemlərinin müzakirə edildiyi vacib məkanlardan birinə çevrilmişdir. Bu da mühüm məqamdır ki, söhbət dəyərlərlə bağlı problemlərdən gedir, çünki bu gün biz dəyərlər böhranı problemləri, sivilizasiya böhranı barədə çox danışırıq. Əslində isə bəşər tarixində əvvəllər də belə hallar olmuşdur və bəşəriyyətin bu cür problemləri aradan qaldırmaq yollarını axtarması ilk dəfə deyildir.

 

Üç il ərzində Bakı müxtəlif sivilizasiyaları, müxtəlif millətləri təmsil edən, dünya haqqında müxtəlif təsəvvürlərə malik olan insanlar üçün mühüm görüş yerinə çevrilmişdir. Məhz burada bəşəriyyəti fəlakətlərdən xilas edə biləcək yollar araşdırılır. Bu forum Rusiya üçün çox əhəmiyyətlidir. Çünki o, Rusiya və Azərbaycan tərəfindən birgə təsis edilmişdir. Bu əlamət onu göstərir ki, biz olduqca yaxın xalqlarıq. Bu xalqları tarix, bu günümüz və gələcəyimiz bağlayır. Prezident Əliyevin indicə bu cür təsirli şəkildə danışdığı Azərbaycanın uğurları bizim üçün son dərəcə əhəmiyyətlidir, çünki Azərbaycan xalqının uğurları Rusiya xalqının çox böyük sevincinə və ruh yüksəkliyinə səbəb olur. Biz iki yaxın xalqıq, iki yaxın dövlətik, buna görə də qeyd etmək çox vacibdir ki, Azərbaycan Prezidentinin lap yaxın vaxtlarda seçkilərdə qazandığı qələbə Rusiya Federasiyasında yaşayan bütün xalqları sevindirmişdir.

 

Mənə fəxri bir missiya - Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına və qonaqlarına Rusiya Prezidentinin təbrikini səsləndirmək həvalə edilmişdir.

 

Mixail Şvıdkoy Prezident Vladimir Putinin məktubunu oxudu.

 

Məktubda deyilir: "Hörmətli xanımlar və cənablar! Əziz dostlar! Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını, qonaqlarını, təşkilatçılarını ürəkdən salamlayıram.

 

Bu böyük beynəlxalq tədbirin nüfuzu ilbəil artır. Rusiya və Azərbaycanın dövlət başçılarının himayəsi ilə keçirilən bu forum bu dəfə də dünyanın onlarca ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıların nümayəndələrini bir araya toplamışdır. Sizin forumun gündəliyi get-gedə daha müxtəlif və dolğun olur. Onun birləşdirici xarakteri, iştirakçıların elm, təhsil, mədəniyyət və incəsənət sahəsində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək üçün ümumi cəhdləri dəyişməz qalır.

 

Əminəm ki, forumda məzmunlu və faydalı diskussiyalar, yeni ideyalar və təşəbbüslər real işlərdə və layihələrdə öz praktiki təcəssümünü tapacaq, xalqlar arasında etimadın, qarşılıqlı anlaşmanın və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə kömək edəcəkdir.

 

Sizə səmərəli iş arzulayıram və ən xoş diləklərimi bildirirəm.

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin".

 

*  *  *

 

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisinin səlahiyyətlərini icra edən Daq SİQURDSON BMT-nin baş katibi Pan Gi Munun müraciətini səsləndirərək dedi:

 

- Cənab Prezident, zati-aliləri!

 

Dəyərli qonaqlar və bu mötəbər forumun iştirakçıları!

 

Xanımlar və cənablar!

 

BMT-nin Azərbaycandakı ofisinin icraçı rezident əlaqələndiricisi kimi cənab Pan Gi Munun müraciətini sizin diqqətinizə çatdırmaq istərdim.

 

Daq Siqurdson Pan Gi Munun məktubunu oxudu.

 

Məktubda deyilir: "Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını salamlayıram. Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirirəm.

 

Azərbaycanın müxtəlif sahələr üzrə aparıcı insanları foruma dəvət etdiyini xüsusi qeyd etmək istəyirəm. BMT olaraq biz də dövlət qurumları, humanitar, iqtisadi dairələrin nümayəndələrini hər zaman bir araya toplamağa hazırıq. Bu əməkdaşlıq ölkə sərhədləri ilə məhdudlaşmamalıdır. Bütün ölkələrdə insanlar münaqişələrdən, ayrı-seçkilikdən azad şəkildə yaşamaq istəyirlər. Bu, böyük imkanlar dövrüdür. Vətəndaşlar bizim birgə irəliləyişimizə töhfə verə bilərlər. Bu işdə hökumətlər qadınların, gənclərin və bütün vətəndaşların probleminin həll edilməsinə çalışmalıdır.

 

Biz Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq. İqlim dəyişikliyi ilə bağlı və bu istiqamətdə 2015-ci ildən sonra universal baxış proqramını qəbul etməliyik ki, onun başlıca prinsipi də davamlı inkişaf olacaqdır. Biz bütün böhranların öhdəsindən gəlməyə çalışmalıyıq. Bu sırada Suriyada humanitar böhranın həll edilməsi də vacibdir. Bu məsələnin sülh yolu ilə həllinə nail olmaq lazımdır ki, bu da Suriya xalqının iradəsini əks etdirmiş olsun. Biz bu baxımdan ölkənin kimyəvi proqramının ləğv edilməsi ilə bağlı səyləri dəstəkləyirik.

 

Bu gün Afrikada acınacaqlı vəziyyət vardır. Dekabr ayında 394 min insan Mərkəzi Afrika Respublikasında öz evlərindən didərgin düşmüşdür. Bu baxımdan BMT öz töhfəsini verir ki, zorakılığın qarşısı alınsın. Bizim bu baxımdan beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız vardır.

 

Əminəm ki, hər biriniz müxtəlif böhranların həll edilməsinə öz töhfənizi verəcəksiniz. Biz inkişafa nail olmaq istəyirik. Bu foruma əməkdaşlıqda uğurlar diləyirəm.

 

Təşəkkür edirəm!  

 

 

 

Pan Gi Mun

 

BMT-nin baş katibi"

 

*  *  *

 

Sonra UNESCO-nun baş direktoru xanım İrina BOKOVANIN forum iştirakçılarına videomüraciəti təqdim edildi.

 

Müraciətdə deyilir: "Xanımlar və cənablar! Mənim üçün böyük şərəfdir ki, Üçüncü Bakı Beynəlxalq Forumuna müraciət edirəm. Artıq üçüncü dəfədir keçirilən bu forum qlobal bir platformaya, bəşəriyyəti narahat edən müxtəlif humanitar məsələlərin müzakirəsi üçün gözəl bir vasitəyə çevrilmişdir.

 

Bugünkü forumun mövzuları - davamlı inkişaf, elm və təhsil, multikulturalizm və s. UNESCO-nun əsas fəaliyyət istiqamətlərindəndir. Bu baxımdan forum davamlı sülh və sabitliyin təmin edilməsi məsələsində bizim üçün əhəmiyyətli bir fəaliyyətdir. Bunlar çox mürəkkəb məsələlərdir. Amma bunlar insan inkişafı üçün gündəlikdə duran başlıca mövzulardır.

 

Elmin inkişaf etdirilməsi və elmi məlumatların bölüşdürülməsi çox əhəmiyyətli məsələdir. Təhsil bizim üçün ən əhəmiyyətli mövzudur. Bütün insanlar - qadınlar və kişilər öz töhfələrini verməlidirlər ki, biz bu məsələdə uğurlara nail olaq.

 

Bu gün cəmiyyətlər çox dərin transformasiya dövrü keçir. Burada müəyyən qeyri-bərabərliklər vardır. UNESCO üçün bu, bir nömrəli humanist gündəlikdir. İnsan hüquqlarının və ləyaqətinin təmin edilməsi ən vacib və başlıca vəzifədir. Buna görə də bizim böyük iddialı yanaşmamız vardır ki, 2015-ci ildən sonra bu məsələ üzrə gündəlik formalaşdıraq.

 

Mən, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına uğurlar arzulayıram və Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirirəm. Xüsusilə də zati-aliləri cənab İlham Əliyevə bu təşəbbüsə görə təşəkkürümü bildirirəm. Sizə səmərəli iş arzulayıram və sizin mühüm qərar qəbul edəcəyinizə inanıram".   

 

*  *  *

 

Forumda çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Prezident İlham Əliyevi yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə təbrik etdi.

 

Azərbaycanın sürətli inkişafının bundan sonra da davamlı olacağını bildirən Əbdüləziz bin Osman əl-TÜVEYCRİ dedi:

 

- İlk olaraq zati-aliləri cənab İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Zati-alilərinə davamlı uğurlar arzu edirəm. Heç şübhəsiz ki, Azərbaycan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə çalışır, tolerantlığın və dialoqun inkişafına böyük səylər göstərir. Bu, beynəlxalq əlaqələrin təməlində duran məsələdir. Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın digər beynəlxalq təşəbbüsləri kimi çox gözəl göstəricidir. Azərbaycan müxtəlif adekvat dialoq mexanizmlərinin üzərində çalışır ki, beynəlxalq ictimaiyyətdə əməkdaşlıq və anlaşmaya nail ola bilsin.

 

Təəssüflər olsun ki, media müxtəlifliyinə baxmayaraq, bu dəqiqə radikallıq hökm sürür və bu gün böyük irqi ayrı-seçkilik vardır. Bu sahədə ən məyusedici məsələ Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğal edilməsidir. Etnik təmizləmə, tarixi və mədəni obyektlərin dağıdılması bunun ən ağır nəticələrindəndir. BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bu gün də davam edir. Fələstin məsələsi də bu günədək həllini tapmamışdır. Bu davamlı münaqişələr bir daha onu göstərir ki, Təhlükəsizlik Şurası sülhün təmin edilməsində öz vəzifəsinin öhdəsindən gəlmir. Bu, çox məyusedici bir haldır. Sülhün, sabitliyin və ədalətin təmin edilməsi məsələsi təkcə bu forumun deyil, digər forumların da əsas mövzusu olmalıdır.

 

Zati-aliləri cənab Prezident, xanımlar və cənablar, bugünkü forum çox kritik tarixi bir mərhələdə keçirilir, münaqişələr və toqquşmalar dünyanın müxtəlif yerlərində, xüsusilə də müsəlman aləmində tüğyan edir və beynəlxalq ictimaiyyət bunun öhdəsindən gələ bilmir. Bu, təkcə böyük bir təhlükə deyil, region üçün sabitliyi təhdid edən bir məsələdir. Eyni zamanda, insan inkişafı və beynəlxalq münasibətləri hədələyən bir məsələdir.

 

ISESCO-nun baş direktoru zorakılıq, təcridolunma, ekstremizm, islamofobiya kimi dünyanı narahat edən halların kökündə duran məsələləri araşdırmaqda Bakı Humanitar Forumunun xüsusi önəm daşıdığını vurğulayaraq dedi:

 

- Biz inanırıq ki, müxtəlif sahələrdən liderləri, siyasətçiləri və alimləri bir araya toplayan Üçüncü Bakı Beynəlxalq Forumu insan haqlarının qorunmasına, dözümlülüyə və dialoqa öz töhfəsini verəcəkdir. Biz beynəlxalq hüquq üzərində qurulmuş bir dünyaya nail olacağıq. Bu, Bakı Forumunun əsas məqsədidir. Diqqətinizə görə təşəkkür edirəm!

 

Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl də İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi.

 

Forumun yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirən Süleyman DƏMİRƏL dedi:

 

- Cənab Prezident İlham Əliyev, hörmətli Mehriban xanım Əliyeva, hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk olaraq icazə verin, öz dərin təşəkkürümü cənab Prezident İlham Əliyevə bildirim ki, məni bu gün bu mötəbər tədbirə dəvət edibdir. Gözəl təşkilatçılığı və qonaqpərvərliyi xüsusilə qeyd etmək istərdim. Bu gün belə bir mötəbər auditoriya qarşısında çıxış etməyim mənim üçün çox böyük məmnunluq doğurur.

İlk olaraq, icazə verin, mən əziz dostum, cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını onun yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edim. Prezident İlham Əliyevə üçüncü müddətə Azərbaycan Respublikasının dövlət başçısı seçilməsi ilə bağlı bir daha təbriklərimi çatdırmaq istərdim.

Mən iki il bundan əvvəl Birinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdim. Bu gün çox dərin təsirlənmişəm ki, Bakı nə dərəcə gözəl bir şəhər olmuşdur.

Möhtərəm cənab Prezident! Bu, Azərbaycanın Sizin rəhbərliyinizlə inkişafının bariz nümunəsidir. Azərbaycan elmin, iqtisadiyyatın və digər sahələrin regional mərkəzinə çevrilmişdir. Ən xoş olan odur ki, Azərbaycanın inkişafında insan amili çox mühüm yer tutur. Azərbaycan xalqının yaşayış səviyyəsinin yaxşılaşdırılması çox məmnunedici bir məsələdir. Buna görə də təbii ki, məhz Bakıda belə bir mötəbər tədbir keçirilir.

Bu gün dünyada və regionda ciddi dəyişikliklərin baş verməsinə diqqəti cəlb edən Süleyman Dəmirəl həmin proseslərin dünyanın iqtisadi və siyasi mərkəzlərinin dəyişməsi ilə müşayiət olunduğunu söylədi. O qeyd etdi ki, dünyada sülhü və sabitliyi qorumaq missiyası qarşıya yeni vəzifələr qoyur.

Türkiyənin sabiq Prezidenti dünyada əhali artımı ilə bağlı yaranan problemlərin həlli üçün beynəlxalq səviyyədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu dedi. O, beynəlxalq əməkdaşlığı və iqtisadi inteqrasiyanı genişləndirmədən təhlükəsizliyə və sabitliyə tam nail olmağın mümkünsüzlüyünü diqqətə çatdırdı. Süleyman Dəmirəl Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin regional və beynəlxalq əməkdaşlığa təhdid olduğunu bildirərək dedi:

- Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi bu regionun əsl potensialını reallaşdırmaq üçün böyük maneədir. Bu səbəbdən münaqişə təcili olaraq həll edilməlidir. Bunun isə başlıca prinsipi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir. Ermənistan bunu dərk etməlidir. Ermənistan başa düşməlidir ki, o da bu münaqişənin həlli nəticəsində səmərə görə bilər. Bu səbəbdən də həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşmış olar. Çünki biz bu gün qarşılıqlı əməkdaşlıq dünyasında yaşayırıq. Təkcə inkişaf müsbət təsir göstərmir. Eyni zamanda, problemlərin bir-biri ilə bağlı olması böyük çətinliklər yaradır.

Süleyman Dəmirəl ekoloji tarazlığın pozulması, su qıtlığı, piratçılıq və dünyanı narahat edən digər məsələlərin həllində də beynəlxalq birliyin birgə fəaliyyətinə ehtiyac olduğunu söylədi. Həmin problemlər arasında savadsızlığın da yer aldığını deyən sabiq Prezident bu baxımdan Azərbaycanın təcrübəsini təqdir edərək bildirdi:

- Dünya əhalisi savadlı olmalıdır. Bu baxımdan Azərbaycan bir nümunə ölkə ola bilər. Çox təqdirəlayiq bir haldır ki, ölkənin təbii sərvətləri intellektual potensiala çevrilir. Bu da "Qara qızılın insan kapitalına çevrilməsi" tezisinin prinsipinə uyğundur. Təhsilli, savadlı insan kapitalına malik olan ölkələrdə xoşagəlməz hallara daha az rast gəlinir. Həmin ölkələrdə dialoq və barışıq hökm sürür.

Türkiyənin 9-cu Prezidenti dünyanı narahat edən məsələləri müzakirə etmək və yekdil fikrə gəlmək baxımından Bakı Humanitar Forumunun əhəmiyyətindən danışdı.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 notyabr.- S.1.