Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın nüfuzlu KİV-lərinin rəhbərləri və nümayəndələri ilə görüşmüşdür

 

Oktyabrın 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Rusiya Federasiyasının bir sıra nüfuzlu kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri ilə görüşmüşdür.

Görüşdə Leyla Əliyeva artıq üçüncü dəfə Bakıda Beynəlxalq Humanitar Forumun keçirildiyini qeyd etmiş, paytaxtımızın bu tədbirin təşkili üçün ən uyğun məkan olduğunu bildirmişdir. "Azərbaycanda tolerantlıq həyat tərzidir", - deyən Heydər Əliyev Fondunun vitse-prezidenti ölkəmizdə mühüm beynəlxalq tədbirlərin artıq ənənə halı aldığını qeyd etmişdir. Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin böyük tarixə malik olduğunu bildirən Leyla Əliyeva Heydər Əliyev Fondunun xaricdə ilk nümayəndəliyinin məhz Rusiyada açıldığını vurğulamışdır.

Görüşdə iki ölkə arasında mövcud əlaqələrin inkişafına Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin, "Baku" jurnalının, Azərbaycanda isə rus dili və ədəbiyyatına xüsusi diqqət və qayğı göstərilməsinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının töhfə verdiyiqeyd edilmişdir.

Bakının çox gözəl, təmiz, memarlıq cəhətdən maraqlı şəhər olduğunu bildirən Rusiya KİV-lərinin rəhbərləri və nümayəndələri azərbaycanlıların qonaqpərvərliyini xüsusi qeyd etmişlər. Şəhər haqqında təəssüratlarını bölüşən qonaqlar regionlara səfər edəcəklərini bildirmişlər.

Görüşdə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA kampaniyasının fəaliyyəti də yüksək qiymətləndirilmişdir. Rusiyanın media təmsilçiləri Azərbaycanda azad və peşəkar kütləvi informasiya vasitələrinin olduğunu vurğulamışlar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.