Pakistan mətbuatı Üçüncü Bakı Beynəlxalq

 Humanitar Forumu haqqında yazır

 

Pakistanın ingilis dilli nüfuzlu "Pakistan Observer" qəzetində nəşrin baş redaktorunun müavini Fəysal Zahid Malikin "Pakistan nümayəndə heyəti Bakı Forumunda iştirak edir" adlı məqaləsi dərc edilmişdir.

Yazıda Pakistanın Bəlucistan əyalətinin Baş naziri Abdul Malik Bəlucun başçılığı ilə nümayəndə heyətinin Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyi bildirilmişdir. Vurğulanmışdır ki, nümayəndə heyətinə Pakistan parlamentinin sabiq sədr müavini, Milli Assambleyanın və Senatın üzvləri, nüfuzlu universitetlərin rektorları, tanınmış ictimai-siyasi xadimlər daxildirlər.

Məqalədə Bakı Forumunda bir çox ölkədən tanınmış siyasi xadimlərin, Nobel mükafatı laureatlarının, alimlərin iştirak etdiyi qeyd olunmuş, forum çərçivəsində bir sıra bölmə iclaslarında iqtisadi inkişafın humanitar aspektləri və digər məsələlər müzakirə olunacağı qeyd olunmuş, tədbirin əsas məqsədinin bir sıra qlobal məsələlərdə dialoqun təmin edilməsi olduğu vurğulanmışdır.

F.Z.Malik məqaləsində Azərbaycanın tolerantlıq nümunəsi olduğunu, ölkədəki bütün dinietnik qruplar arasında bərabərliyin tam təmin edildiyini bildirmişdir.

Müəllif Qafqaz Müsəlmanları İdarəsinin Şeyxülislam Allahşükür Paşazadənin Məhərrəm ayı ərəfəsində müsəlman icmalarına müraciət edərək dini mərasimlərində birgə iştiraka çağırdığını qeyd etmişdir. Şeyxülislam müraciətində Azərbaycanda bütün din və təriqətlər arasında tam anlaşmanın hökm sürdüyünü qeyd edərək, eyni zamanda, Azərbaycanda stabilliyi pozmaq arzusunda olan bəzi qüvvələrin bu münasibətlərə zərbə vurmaq istəklərini də açıqlamışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://pakobserver.net/detailnews.asr?id=222270.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.