Moldovalı Ombudsman Aureliya Qriqoriu
Milli Məclisin Fəxri medalı ilə təltif
edildi
Oktyabrın 31-də Milli Məclisin Sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb.
Milli Məclisin Sədri Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və Ermənistan parlamentində çıxış edərək rəsmi Yerevanın azərbaycanlılara qarşı yürütdüyü işğalçılıq siyasətini kəskin tənqid etdiyinə görə Azərbaycan xalqı adından qonağa mənnətdarlığını bildirib: "Sizin bu çıxışınızdan sonra ermənilər tərəfindən təzyiq və təqiblərə məruz qalmağınız bir daha bu ölkənin terrorçu olduğunu sübut etdi. İşğalçı ölkənin parlamentində səsləndirdiyiniz fikirlər və qətiyyətli çıxışınız sizin Ombudsman institutuna sadiqliyinizi və ədalətli müvəkkil olduğunuzu göstərdi".
Sonra Oqtay Əsədov insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalını Aureliya Qriqoriuaya təqdim edib.
Səmimi görüşə və fəaliyyətinə Azərbaycan parlamenti tərəfindən verilən yüksək qiymətə görə minnətdarlığını bildirən qonaq isə bildirib ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşüb: "Bu, faktdır və ədaləti bərpa etmək üçün bu fakt Ermənistan parlamentində səsləndirilib. Bunu gec-tez mən və ya başqa birisi söyləməli idi". Öz fəaliyyətində daim ədalət prinsiplərinə əsaslandığını bildirən A. Qriqoriu nəzərə çatdırıb ki, ermənilərin təhdidlərinə baxmayaraq, onu dəstəkləyənlərin də sayı çox olub.
Xanım
Aureliya Qriqoriu ona göstərilən dəstəyə görə
Azərbaycan hökumətinə və ölkə ictimaiyyətinə
təşəkkürünü bildirib.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 1 noyabr.- S. 6.