Azərbaycan-Sudan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir

 

Oktyabrın 31-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Sudan Prezidentinin köməkçisi, hakim Milli Konqres Partiyasının vitse-prezidenti Nəfiə Əli Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Milli Məclisin Sədri Sudanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu demişdir. Oqtay Əsədov hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinin haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır. Milli Məclisin Sədri Sudanın BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri dəstəkləməsinin ölkəmizə dost münasibəti bəslədiyinin bariz göstəricisi olduğunu bildirmişdir.

İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyən Oqtay Əsədov Azərbaycanın Sudan ilə əməkdaşlığının daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmış, bunun üçün mövcud hüquqi bazanın gücləndirilməsinin önəmini vurğulamışdır.

Azərbaycana ikinci dəfə səfər etdiyini deyən Nəfiə Əli Əhməd Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu bildirmişdir. Forumun əhəmiyyətindən danışan qonaq humanitar sahə ilə bağlı bütün məsələlərin Sudan üçün hər zaman vacib olduğunu diqqətə çatdırmışdır.

 

 

 

AzərTAc,

Azərbaycan.-2013.-  1 noyabr.- S. 6.