Mətbuat Şurasında «Beynəlxalq
münasibətlər mövzusu media
müstəvisində» adlı «dəyirmi
masa» keçirilmişdir
Oktyabrın 31-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Beynəlxalq münasibətlər mövzusu media müstəvisində" adlı "dəyirmi masa" keçirilmişdir.
Tədbir MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə reallaşan "Azərbaycanın beynəlxalq əlaqələri ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək layihə çərçivəsində nəzərdə tutulan işlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, layihənin rəhbəri, Milli Məclisin deputatı, MŞ-nin beynəlxalq münasibətlər komissiyasının rəhbəri Cavanşir Feyziyevdir.
Diqqətə çatdırılmışdır ki, layihə çərçivəsində Mətbuat Şurası tərəfindən mövzuya uyğun olaraq 20 aparıcı qəzet və 10 informasiya agentliyi və xəbər portalında son bir ayda işıq üzü görən yazıların monitorinqi aparılmışdır. Monitorinq nəticəsində 3200-dən çox yazının çap olunduğu aşkarlanmışdır. Araşdırmalar göstərmişdir ki, qəzetlərə nisbətən, informasiya agentliyi və xəbər portallarında Azərbaycanın beynəlxalq münasibətlərinə daha çox yer ayılmışdır. Bu yazıların tam əksəriyyəti xəbərdir, çox az yazılar təhlil xarakterlidir. Analitik yazılara isə daha çox qəzetlərdə üstünlük verilmişdir.
MŞ-nin sədri demişdir ki, məqsədimiz bir il ərzində davam edəcək monitorinqlər nəticəsində Azərbaycanın beynəlxalq münasibətlərinə üstünlük verən yazı müəlliflərini aşkarlamaq və onların hansı dilləri bildiyini müəyyənləşdirməkdir. Bundan sonra bu jurnalistlərin peşəkarlığını artırmaq üçün xaricdən mütəxəssislər dəvət edərək onlara ustad dərslərinin keçirilməsini təşkil etmək niyyətindəyik. Eyni zamanda, daha layiqlilərini seçərək təcrübə mübadiləsi keçmək üçün Rusiya, Avropa, ABŞ və digər nüfuzlu ölkələrin tanınmış media orqanlarına göndərəcəyik. Hər il beş jurnalistin bu fürsətdən yararlanmasına çalışacağıq.
Tədbirdə çıxış edən Cavanşir Feyziyev demişdir ki, monitorinqlər son 20 ildə Azərbaycan mətbuatının beynəlxalq arenaya çıxışının heç də yüksək səviyyədə təşkil edilmədiyini deməyə əsas verir. Bu layihə ölkəmizdə beynəlxalq jurnalistikanın inkişafına, genişlənməsinə təkan verəcəkdir. Azərbaycanda beynəlxalq mövzuda yazan jurnalistlərin analitik yazıları çox azdır. Bu yazıların da çoxu xarici mediaya istinad əsasında hazırlanır. Biz istəyirik ki, jurnalistlərimiz özləri bu informasiyaların yayımçısına çevrilsinlər. Azərbaycan jurnalisti beynəlxalq arenaya çıxmalıdır. Biz belə media mənsublarının inkişafı istiqamətində mühüm addımlar atmalıyıq.
C.Feyziyev demişdir ki, bir il davam edəcək bu layihə çərçivəsində müxtəlif görüşlər, konfranslar, müsabiqələr təşkil ediləcək və bu tədbirlər, ümumilikdə bacarıqlı, xarici dilləri bilən jurnalistlərin üzə çıxmasına yardımçı olacaqdır.
Tədbirdə
Milli Məclisin deputatları Musa Qasımlı, Rasim Musabəyov,
Bəxtiyar Sadıqov və başqaları
çıxış edərək layihəni yüksək
qiymətləndirmiş, öz təklif və tövsiyələrini
vermişlər.
AzərTAc
Azərbaycan.-2013.- 1 noyabr.- S. 6.