Ölkənin ərzaq təhlükəsizliyini
tam təmin etməliyik
1 noyabr kənd
təsərrüfatı işçilərinin
günüdür
Azərbaycan ildən-ilə inkişaf edir və
gözəlləşir. Hazırda respublika əhalisinin 47
faizi kənddə yaşayır. Kənd təsərrüfatı məhsulları
istehsalı ilə 1673,8 min nəfər məşğul
olur. Bu qədər insan respublika əhalisini
çörəklə, tərəvəzlə, üzüm,
kartof, ət, süd, yumurta və digər məhsullarla təmin
edir. Buradan belə çıxır ki, kənd
təsərrüfatı işçilərinin bayramı təkcə
aqrar sahədə çalışanların bayramı deyil, həm
də bütün Azərbaycan xalqının
bayramıdır.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə
kənd təsərrüfatı işçiləri
günü 2008-ci ildən bayram edilir. Bu, kənd əməkçilərinin
əməyinə verilən yüksək qiymətdir.
Prezident İlham Əliyev 25 avqust 2008-ci il
tarixli 3004 nömrəli sərəncamı ilə
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə təminatına dair Dövlət
Proqramı" imzalamışdır. Dövlət
proqramına əsasən 2015-ci ildə dənli bitkilərin əkin
sahələrinin 900 min hektara, ət istehsalının 340 min
tona, süd və süd məhsulları istehsalının 2,4
milyon tona, sənaye üsulu ilə illik quş əti istehsalının
80 min tona, yumurta istehsalının 1,3 milyard ədədə, tərəvəz
və bostan bitkiləri istehsalının 1,72 milyon tona, meyvə
istehsalının 800 min tona, kartof istehsalının 1,12 milyon
tona, yağlı bitkilərin əkin sahələrinin 135 min
hektara, çay yarpağı istehsalının 3000 tona, yem
bitkilərinin əkin sahəsinin 500 min hektara, yüksək
keyfiyyətli balanslaşdırılmış
qarışıq yem istehsalının 2 min tona
çatdırılması nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı məhsulları
istehsalçıları qarşıya qoyulmuş bu hədəflərə
çatmaq üçün bütün imkanlardan istifadə
edirlər.
2013-cü ildə kənd təsərrüfatının
bütün sahələrində rekord miqdarda məhsul
yetişdirilmişdir. Belə ki, bu il 2897,7 min ton taxıl, o cümlədən
1881 min ton buğda, 983,8 min ton kartof, 1137,8 min ton tərəvəz,
427,4 min ton bostan məhsulları, hələlik 530 min ton meyvə,
104,3 min ton üzüm, bu ilin 9 ayında diri çəkidə
358,1 min ton ət, 1385,5 min ton süd, 1043,3 min ədəd
yumurta, 16,3 min ton yun istehsal olunmuşdur.
Son illər ölkə Prezidenti tərəfindən
imzalanmış qərar və sərəncamlar aqrar sahənin
inkişafında mühüm rol oynamışdır. Hazırda daxili istehsal
hesabına bir çox məhsullara, o cümlədən meyvə
və tərəvəzə, kartofa, bostan və digər məhsullara
olan tələbat 1,6-1,8 dəfə ödənilir.
Heyvandarlıq məhsulları istehsalı sabit templə
artır.
Keçən il kəsilmiş çəkidə 285,6 min ton ət,
o cümlədən 89,3 min ton quş əti, 1719,6 min ton
süd, 1 milyard 227 milyon ədəd yumurta, 16,4 min ton yun
istehsal olunmuşdur.
Adambaşına heyvandarlıq məhsulları
istehlakı ildən-ilə yaxşılaşır. Keçən il
adambaşına 33,2 kq ət, 250 kq süd,
133 ədəd yumurta istehlak olunmuşdur. Bu
göstəricilər minimum istehlak normalarıdır. Kənd təsərrüfatı işçiləri
öz işlərini elə qurmağa
çalışırlar ki, rasional qidalanmağa dair beynəlxalq
normalar həyata keçirilsin.
Ət
istehsalının intensiv inkişaf etdirilməsi sahəsində
geniş iş başlanmışdır. Belə
ki, Bərdə rayonunun Mehdili və Qəbələ rayonunun Vəndam
kəndlərində yaradılmış iri heyvandarlıq
komplekslərində südçülüklə
yanaşı, ətlik qaramalın bəslənilməsinə
də xüsusi diqqət yetirilir. Hər
iki kompleksdə ət emalı fabrikləri fəaliyyət
göstərir. Bu komplekslərin hər
birində ildə 2-3 min ton ət istehsalı
proqnozlaşdırılır.
Ət
istehsalında əsas üstünlük fermer, ailə kəndli
və ev təsərrüfatlarına
verilir. Bərdə rayonunun Hacallı, Mehdili və
onlarca başqa kəndlərində heyvanlar kütləvi surətdə
kökəldilir. Ağcabədi rayonunun
Qaravəlli kəndində Rəhman Abbasov və Rahim Quliyevin hər
biri tərəfindən ildə 500-1000 baş heyvan kökəldilir.
Malların diri çəkisi 350-400 kiloqrama
çatdırıldıqdan sonra kəsimə göndərilir.
Rahim Quliyev Qaravəlli kəndində ət
satışı mağazası açmışdır.
Qonşu kəndlərin sakinləri də bu
mağazadan istifadə edirlər.
Son 4 ildə respublikaya ətlik cinslərdən olan xeyli
qaramal gətirilmişdir. 1646 simmental, 380
baş şvis, 25 baş Aberdin-anqus cinslərindən olan
heyvanlar respublikanın iqlim şəraitinə tezliklə
uyğunlaşır və yüksək ət
çıxarı verirlər.
Azərbaycana ilk dəfə olaraq 324 baş Fransanın
dünyada məşhur ətlik cinsi kimi tanınan şarole
heyvanlarından gətirilmişdir. Əlavə olaraq 271
baş da gətiriləcəkdir. Bu
heyvanlar 650-700 kiloqramadək kökəlmək qabiliyyətinə
malikdirlər. Şarole heyvanların ət
çıxarı dünyada ən yüksəkdir - 70 faizdir.
Hazırda
Bakı şəhərinin bazarlarında mal ətinin hər
kiloqramının qiyməti 8-8,50
manatdır. Maya dəyərinin 4,50-5,00
manata başa gəldiyi halda, məhsulun belə baha
satılması ciddi narahatlıq doğurur. Möhtəkirlər
respublikanın rayonlarından heyvanın diri çəkisinin
kiloqramını 3,30-3,40 manata alıb,
Bakı şəhərində 8 manata satırlar. Belə halların qarşısını almaq
üçün İsmayıllı rayonunun İvanovka kəndinin
nümunəsində ayrı-ayrı fermerlərə Bakı
şəhərində ət mağazalarının
açılması üçün şəraitin
yaradılması zərurəti yaranmışdır. Heyvanı kökəldən sahibkar istehsal etdiyi ətini
də şəhərdə özü satmalıdır. Ucuzluq belə yarana bilər.
Azərbaycanda kifayət qədər heyvan olduğu halda,
2012-ci ildə Gürcüstandan 42679 baş, 2013-cü ildə
isə 49061 baş mal idxal olunmuşdur. Bu heyvanlar əsasən
kökəldilmək və kəsilmək üçün gətirilir.
Azərbaycana əmtəəlik heyvanların
idxal olunmasına ehtiyac yoxdur. Yerli iş adamları
ayrı-ayrı sahibkarlarla müqavilə bağlayaraq
heyvanların kökəldilib satılması üçün
qrafik tərtib etməli və bu qrafikə uyğun hərəkət
etməlidirlər.
Bir çox ölkələrin, xüsusilə,
Rusiyanın təcrübəsi göstərir ki, açıq
meydançalarda heyvanların kökəldilməsi
yaxşı nəticə verir. Bu meydançalar
çox ucuz başa gəlir. Heyvanların
küləkdən və günəşdən daldalanması
üçün talvarlar tikilir. Kənd Təsərrüfatı
Nazirliyi yeni kökəltmə meydançalarının tikilib
istifadəyə verilməsi barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat və
Sənaye Nazirliyinə təkliflər vermişdir. Bu təkliflər həyata keçirilərsə,
respublikada mal əti istehsalını 20-25 faiz artırmaq
mümkündür.
Respublikada
quş ətinin istehsalı üçün böyük
imkanlar var. Keçən il 89,3 min ton
quş əti istehsal olunmuşdur. Quş əti
istehsalının intensiv artımına Sahibkarlığa
Kömək Milli Fondunun ayırdığı kreditlər
ciddi təsir göstərmişdir.
Ərzaq
Təhlükəsizliyinə dair Dövlət Proqramında sənaye
üsulu ilə illik quş əti istehsalının 80 min tona
çatdırılması hədəf seçilmişdir. Son
illər İmişlidə, Abşeronda və digər rayonlarda quşçuluq
fabrikləri istifadəyə verilmişdir. Bu
yaxınlarda Ucar rayonunda quşçuluq fabriki işə
salınacaqdır. Kənd Təsərrüfatı
Nazirliyi belə hesab edir ki, broyler fabriklərinin sayı
artırılmalı və sənaye üsulu ilə quş əti
istehsalı 2012-ci ildə olan 45,7 min tondan
80 min tona çatdırılmalıdır.
Daxili istehsalı qorumaq üçün idxal olunan məhsullar
minimuma endirilməlidir. Keçən il respublikaya 3862 ton mal əti və 3566
min ton kolbasa məmulatları və ət konservləri, bu ilin
6 ayında isə müvafiq olaraq 3130,5 ton və 1566 ton kolbasa məmulatları
və ət konservləri gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi bütün
imkanlardan istifadə edir ki, ət istehsalı intensiv artsın
və ölkə əhalisi daxili imkanlar hesabına təmin
olunsun.
Adambaşına
360 kq istehlak hesabı ilə ölkə əhalisinin südə
olan tələbatı 3350,0 min tondur. Bu səviyyəyə çatmaq üçün
istehsal olunan süd təxminən 2 dəfə
artırılmalıdır. Bu, çox
böyük və olduqca ağır vəzifədir. Lakin həlli mümkün olan işdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev öz çıxışlarında süd
istehsalının daha da inkişaf etdirilməsini
qarşıya əsas vəzifə kimi qoymuşdur. Bu vəzifəni
müvəffəqiyyətlə yerinə yetirmək
üçün ölkədə 12 iri
südçülük kompleksi işə
salınmışdır. Ağcabədi
rayonunun Ağabəyli kəndindəki "Aqat-aqro"
südlük-maldarlıq kompleksi Avropada ən iri komplekslərdən
biridir. İndi burada 3060 baş heyvan
saxlanılır. Onun 1363 başı
sağmal inəklərdir. Kompleksdə hər
inəkdən ildə orta hesabla 6000 kiloqramdan çox süd
sağılır. Təsərrüfatda
yeni innovasiyalardan və texnologiyalardan geniş istifadə
olunur. İkinci laktasiyada holştin-friz
cinsindən olan inəklər gündə 29-30 kiloqram süd
verirlər. Süd istehsalını intensiv
artırmaq üçün mal-qaranın cins tərkibi daim
yaxşılaşdırılmalıdır. Respublika
üzrə hər inək və camışdan keçən il 1307 kq süd sağılması inək və
camışların cins tərkibinin keyfiyyətsiz olduğunu
göstərir.
Mal-qaranın
cins tərkibi 3 yolla yaxşılaşdırıla bilər:
respublikaya cins mal-qara gətirməklə, heyvanların
süni mayalanması metodu ilə və xalq seleksiyası yolu
ilə.
2009-cu ildən
başlayaraq Prezident İlham Əliyevin sərəncamı ilə
ölkəyə damazlıq heyvanların satın
alınıb gətirilməsi üçün
"Aqrolizinq" ASC-yə hər il xeyli vəsait
ayrılır. Bu vəsait hesabına
2009-2013-cü illərdə ölkəyə 7574 baş
damazlıq düyə gətirilmiş və kənd təsərrüfatı
məhsulları istehsalçılarına lizinqə
verilmişdir. Damazlıq heyvanlar
alınıb gətirilərkən respublikanın təbii
iqlim şəraiti nəzərə alınır. Kənd
Təsərrüfatı Nazirliyi çalışır ki,
ölkəyə gətirilən və regionlara verilən
heyvanlar iqlimə tez uyğunlaşsınlar. Damazlıq düyələrin
6022 başı holştin-friz, 1646 başı simmental,
380 başı şvis, 25 başı Aberdin-anqus və 324
başı şarole cinslərindən olan heyvanlardır.
Respublikada yeni yaradılan iri heyvandarlıq kompleksləri
ilk növbədə damazlıq düyələrlə
komplektləşdirilir. Ayrı-ayrı fərdi, ailə, kəndli və ev təsərrüfatlarına da damazlıq
düyələr lizinqə verilir. Damazlıq
düyə satılan təsərrüfatlara bu heyvanların
nümunəvi qaydada saxlanılması, yemləndirilməsi və
yetişdirilməsi üçün Kənd Təsərrüfatı
Nazirliyinin mütəxəssisləri tərəfindən
hazırlanmış tövsiyələr verilir. Heyvanların yemlənməsinə və
saxlanmasına ciddi nəzarət olunur.
Bu dövrdə damazlıq düyələr doğub
törəyərək xeyli artmış, damazlıq
heyvanların sayı 13840 başa çatmışdır.
Beyləqan
rayonunun Bahar kəndində Elşən Aslanova 2009-cu ildə
20 baş simmental cinsindən olan heyvan
lizinqə verilmişdi. Onlara yüksək səviyyədə
zoobaytar xidməti göstərilir. Bu
heyvanlar artıb 73 başa çatmışdır. Hər inəkdən ildə orta hesabla 4000 kq süd
sağılır.
Lakin bu da bir həqiqətdir ki, təkcə ölkəyə
gətirilən heyvanların hesabına mal-qaranın cins tərkibini
kütləvi surətdə yaxşılaşdırmaq
mümkün olmayacaqdır. Mal-qaranın cins tərkibini
yaxşılaşdırmaq, ət və süd
istehsalını intensiv artırmaq istəyiriksə, birinci
növbədə heyvanların süni mayalanmasını təşkil
etməli və bu iş kütləvi formada
aparılmalıdır. Bu vəzifəni yerinə
yetirmək üçün respublikada kənd təsərrüfatı
heyvanlarının süni mayalandırılması proqramı
həyata keçirilir.
Bu məqsədlə
Azərbaycanda Süni Mayalama Mərkəzi istifadəyə
verilmiş, ölkədə süni mayalamada istifadə
olunması üçün yüksək keyfiyyətli toxum
istehsalına başlanılmış, dövlət vəsaiti
hesabına 500 nəfər süni mayalama texniki
hazırlanmış və onlar
avadanlıqlarla, nəqliyyat vasitəsi, maye azotla və digər vasitələrlə təmin olunmuşlar.
Süni mayalama texnikləri heyvan toxumlarını
yalnız və yalnız respublika Süni Mayalama Mərkəzindən
və onun Bakı məntəqəsindən
almalıdırlar. Mənşəyi bəlli olmayan toxumlardan
istifadə olunması yolverilməzdir.
Mal-qaranın məhsuldarlığı digər ölkələrlə
müqayisədə xeyli aşağıdır. Yuxarıda qeyd olunduğu
kimi, 2012-ci ildə respublika üzrə hər inək və
camışdan orta hesabla 1307 kq
süd sağıldığı halda, bu göstərici
Türkiyədə 3000 kq, Rusiya Federasiyasında 4017 kq,
Ukraynada 4010 kq, Belarus Respublikasında 4700 kq, Almaniyada 6900 kq,
Niderlandda 7926 kq, İsraildə 13600 kq olmuşdur.
Niderland və
Almaniya kimi ölkələrdə heyvanların 100 faizi, Rusiya
Federasiyasında 80 faizi, Türkiyədə 85 faizi, Ukraynada 90 faizi süni
yolla mayalandırılır və heyvandarlıq sahəsində
yüksək göstəricilərə nail olunur. Bu
yaxınlarda Belarus Respublikasında olarkən Azərbaycan
nümayəndə heyətinə bu ölkədə
heyvanların 80 faizinin süni
mayalandırıldığı barədə məlumat
verilmişdir.
Azərbaycan Respublikasında isə inək və
camışların hələ ki, 6 faizi süni
mayalandırılır. 2012-ci ildə respublika üzrə cəmi 88415 baş
mal-qara süni mayalandırılmış və süni mayalama yolu ilə
59449 baş bala alınmışdır. Ailə kəndli, ev, fərdi sahibkar təsərrüfatlarında
və kənd təsərrüfatı müəssisələrində
yüksək keyfiyyətli törədici heyvanlar
çatışmadığından doğar mal-qaranın
20-25 faizi qısır qalır. Heyvanların cins
tərkibinin
yaxşılaşdırılması, ət və süd məhsulları
istehsalının intensiv artırılması
üçün ölkədə mal-qara arasında süni
mayalama tədbirlərinin həyata keçirilməsinin
intensivləşdirilməsi zərurəti
yaranmışdır.
2012-ci
ilin may ayında
Sabirabad rayonunda keçirilən süni mayalama
texniklərinin respublika seminar-müşavirəsində,
süni mayalamanın heyvandarlıqda həyata keçirilən
dövlət siyasətinin tərkib hissəsi olduğunu nəzərə
alaraq, yaxın gələcəkdə inək naxırının 80
faizinin süni mayalandırılması imkanlarının
olduğu qeyd edilmişdir.
Qeyd edilənləri
nəzərə alaraq,
2013-cü ildə 140
min, 2014-cü ildə 200 min, 2015-ci ildə isə 300
min baş inək və
camışın süni
mayalandırılması proqnozlaşdırılır.
Bunlarla yanaşı, yerlərdə kənd əhalisinin
böyük bir qismi süni mayalamanın əhəmiyyətli
bir tədbir olmasına, onun üstünlüklərinə hələ
də inanmırlar. Heyvanların süni mayalanması ləng
inkişaf edir.
Yuxarıda qeyd edildiyi kimi, heyvandarlığın
inkişaf etməsində süni mayalama başlıca vasitədir. Əksər
ölkələrdə süni mayalamanı
heyvandarlığın intensiv inkişaf etdirilməsinin
magistral yolu hesab edirlər.
Buna baxmayaraq
Oğuz, Şabran, Quba, Şamaxı, Göygöl, Cəlilabad,
Astara, Lənkəran, Daşkəsən, Lerik, Yardımlı,
Qobustan, Ucar, Zərdab, Ağsu, Yevlax və Şamaxı
rayonlarında heyvanların süni mayalanması işi
yarıtmaz təşkil olunmuşdur.
Heyvandarlığın intensivləşdirilməsində
yem həlledici və əsas amildir. Respublikada bu sahədə
başlanmış yeni mərhələdə -
heyvandarlığı təşkilatca yenidən qurmaq, iri
heyvandarlıq təsərrüfatları yaratmaq və sənaye
təməli üzərinə keçirmək mərhələsinə
qədəm qoyduğumuz bir zamanda yemçilik məsələləri
ilə məşğul olmaq çox aktualdır.
2012-ci ildə
4373,8 min ton ot, 11,8 min ton silos və
yaşıl yem üçün qarğıdalı, 3,7 min ton
kökümeyvəlilər istehsal olunmuşdur. Tədarük
olunan quru otun 2688,5 min tonu və ya 61,5 faizi
yonca otu olmuşdur.
Yem bitkilərinin əkinləri ildən-ilə genişlənir. Yem bitkilərindən
ən çox yonca əkinlərinə üstünlük
verilir. 383,2 min hektar sahədə
yonca otu yetişdirilir. Sovet dövründə ən
yaxşı ildə 208 min hektar sahədə yonca əkilirdi.
Bir
çox rayonlar, xüsusilə, Abşeron, Göygöl, Qazax,
Xızı, Tovuz, Xaçmaz, Beyləqan və Gədəbəy rayonları, Naxçıvan Muxtar
Respublikasının Babək rayonu yem istehsalına diqqəti
artırmışlar. Bunun nəticəsində
həmin rayonlarda heyvandarlıq məhsulları istehsalı da
intensiv artır. 2012-ci ildə hər inək və
camışdan orta hesabla Abşeron rayonunda 3344 kq,
Göygöl rayonunda 2265 kq, Qazax rayonunda 1688 kq, Xızı
rayonunda 1904 kq, Tovuz rayonunda 1663 kq, Xaçmaz rayonunda 1541 kq,
Beyləqan rayonunda 1409 kq, Gədəbəy rayonunda 1487 kq, Babək
rayonunda 1537 kq süd sağılmışdır.
Bu il 329,5 min hektar sahədə
arpa əkilmiş və 800 min ton məhsul
yığılmışdır. Bu, mal-qara
üçün əvəzsiz yemlərdən biridir.
Qoyunçuluq üçün əsas yem bazası olan
qış və yay otlaqlarının səthi
yaxşılaşdırılması sahəsində müəyyən
işlər görülmüşdür.
BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) layihəsinə əsasən İmişli rayonunun ərazisində
yerləşən 100 hektar qış otlağında və Gədəbəy
rayonunun 50 hektar yay otlağında otlaqların
yaxşılaşdırılması və idarə
olunması təcrübədən keçirilmiş, sahələrə
bitki toxumları və gübrə səpilmiş, 2 il otlaqlar
dincə qoyulmuşdur. Nəticədə otlaqların bitki
örtüyü zənginləşdirilmiş və hər
hektardan 10-15 sentnerə qədər quru ot
yığılmışdır. Bu işdə
Azərbaycan ETOÇ İnstitutunun əməkdaşları fəal
iştirak etmişlər. BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının
(FAO) əməkdaşları layihənin yekunlarından
razı qaldıqlarını bildirmişlər.
Bütün bunlarla yanaşı, yem bazasının
ümumi vəziyyəti heyvandarlığı keyfiyyətcə
yeni pilləyə qaldırmaq tələbinə cavab vermir.
Respublikanın
kənd təsərrüfatı müəssisələri, ev,
fərdi və ailə kəndli təsərrüfatları
tarla şəraitində yetişdirilən yemlər
hesabına yem istehsalını artırmaq üçün həqiqətən,
çox böyük imkanlara malikdirlər, Lakin əkinçilik
mədəniyyəti aşağı olduğuna, becərmə
aqrotexnikası pozulduğuna görə yem bitkiləri,
xüsusilə, yonca əkinlərinin məhsuldarlığı
əsla, kifayət deyildir.
Yem bitkiləri əkinlərinin hər hektarından yem
çıxımı 16-18 sentner yem vahidindən çox
olmur, bu isə mövcud imkanlardan 2-3 dəfə
aşağıdır.
Yonca və
xaşanın hər hektarından 72 sentner quru ot
alınır. Bu elə də yüksək
göstərici hesab olunmur.
Yoncanın məhsuldarlığını
120-150 sentnerə çatdırmağa, ildə azı 3-4 dəfə
çalın keçirməyə real imkanlar mövcuddur.
Neftçala rayonunda hər hektardan 150-180 sentner
quru yonca otu əldə edən təsərrüfatlar
vardır.
Hər baş şərti mal-qara hesabı ilə normada
nəzərdə tutulan 32 sentner əvəzinə, cəmi 10
sentner yem vahidi tədarük olunmuşdur. Tədarük
edilən yemlər həm miqdarca, həm də öz strukturuna
görə heyvandarlığın tələbatını
ödəmir. Heyvandarlıq yaşıl yemlər və otlaq yemləri
sarıdan böyük çatışmazlıq hiss edir,
rasionlarda protein çatışmır. Hər
yem vahidinə normativlərdə nəzərdə tutulan
105-110 qram əvəzinə, cəmi 70-80 qram protein
düşür. Zülal
çatışmazlığı tədarük edilən
yemin qida keyfiyyətlərini xeyli aşağı salır,
yemin israf edilməsinə səbəb olur. Yem tədarükü texnologiyasında, mal-qaranın
yemlənməsində bir qayda olaraq zülal problemi nəzərə
alınmır, halbuki bunsuz heyvandarlıq məhsulları
istehsalının artırılması mümkün deyil.
İnək
və camışların məhsuldarlığının az olmasının başlıca səbəblərindən
biri rayonlarda silosluq qarğıdalının əkilməməsi
və silos basdırılmamasıdır. Silos və
senaj heyvanların yem rasionundan
çıxarılmışdır. Keçən
əsrin 70-80-ci illərinin təcrübəsi göstərir
ki, respublikada silosluq qarğıdalı üçün
kövşənliklərdə 100 min ha əkin aparmaq
mümkündür.
Hazırda silosluq qarğıdalı, yem
çuğunduru demək olar ki, əkilmir. Bu il cəmi 1460 hektar sahədə
silos və yaşıl yem üçün
qarğıdalı, 187 hektar yemlik kökümeyvəlilər
əkilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cəmi 11,8 min ton silos və yaşıl yem
üçün qarğıdalı, 3,7 min ton kökümeyvəlilər
istehsal olunmuşdur. 58 rayonun təkcə 10-da az
da olsa, silos və yaşıl yem üçün
qarğıdalı əkilmişdir. Cəlilabad, Sabirabad, Bərdə,
Zaqatala, Şəki kimi iri maldarlıq rayonlarında
qarğıdalı və yemlik kökümeyvəlilər əkilmir.
Vəziyyətə
daha çox aydınlıq gətirmək
üçün sovet dövründə yem istehsalının
bəzi göstəricilərini xatırlatmaq pis olmazdı.
1986-cı ildə təkcə kolxoz və sovxozlarda 1323
min ton senaj, 1304 min ton silos, 350 min ton meyvəköklülər,
33 min ton ot unu tədarük olunmuşdur.
Ölkədə mövcud olan 12 iri
südlük-maldarlıq kompleksindən başqa maldarlıq təsərrüfatlarının
heç birində qarğıdalı silosu
basdırılmır. Silos olmadan süd istehsalını intensiv
artırmaq mümkün deyildir. Respublikada
yem istehsalı ilə məşğul olan
ixtisaslaşdırılmış təsərrüfat yoxdur.
Buna görə də Kənd Təsərrüfatı
Nazirliyinin Kollegiyası yem istehsalını xeyli
artırmağı, onların strukturunu zootexnika normalarına
uyğunlaşdırmağı və keyfiyyətini
yaxşılaşdırmağı işimizin strateji istiqaməti
hesab edir.
Bir
sıra rayonlar yem istehsalında arpanın rolunu kifayət qədər qiymətləndirmir
və bu rayonlarda arpa
istehsalını məhdudlaşdırmaq meyli yaranmışdır.
Xüsusilə, Qazax
(2386 ha), Ağstafa (2311 ha), Masallı (2430 ha), Quba (1260 ha), Beyləqan (1620 ha), Bərdə (2917 ha),
Saatlı (2942 ha), Tərtər
(2683 ha) rayonlarında və Naxçıvan Muxtar
Respublikasında (3421 ha) arpa əkinləri
azalmışdır.
"2008-2015-ci
illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı"nda yem
bazasının intensiv texnologiyalar əsasında inkişaf
etdirilməsinin stimullaşdırılması, yem bitkilərinin,
xüsusilə, yonca, qarğıdalı, yem çuğunduru,
arpa və digər əkin sahələrinin genişləndirilməsi,
yem bitkilərinin əkin sahələrinin 500 min hektara,
yüksək keyfiyyətli, balanslaşdırılmış
qarışıq yem istehsalının ildə 2 milyon tona
çatdırılması nəzərdə tutulmuşdur.
Təbii yem sahələri yem balansında böyük
yer tutur. Respublikanın çəmən-otlaq
təsərrüfatlarının müasir vəziyyəti və
məhsuldarlığı onların potensial
inkişaflarından xeyli
aşağıdır və heyvandarlığın artan
tələbatına uyğun gəlmir. Uzun illərdir
ki, dövlət büdcəsindən vəsaitin ayrılmaması
nəticəsində yay və qış otlaqları üzdən
və əsaslı yaxşılaşdırılmır.
Bunun nəticəsində yay və qış
otlaqlarının ot örtüyü seyrəlir
və onun məhsuldarlığı ildən-ilə azalır.
Hazırda qış otlaqlarında hektarın
orta məhsuldarlığı 3-5 sentner, yay otlaqlarında isə
8-10 sentner quru ota bərabərdir.
Sahə vahidinə düşən heyvanların
sayının ilbəil artması, otlaqlardan sistemsiz istifadə
olunması, qış otlaqlarında son illər iqlimin quru və
isti keçməsi, yay otlaqlarında torpaq eroziyasının
ildən-ilə artması və digər amillər
otlaqların deqrasiyaya uğramasına səbəb olur.
Qış otlaq sahələrinin müxtəlif məqsədlərə
ayrılması və onun təyinatının dəyişdirilməsinin
intensivləşməsi ciddi narahatlıq doğurur.
Yemlik bitkilərin və otların toxumçuluğu
yaxşı nizama salınmadan, təsərrüfatlar toxumla
lazımınca təmin edilmədən tarla şəraitində
yem istehsalının və otlaq təsərrüfatının
intensivləşdirilməsi mümkün deyildir. Hər cür
şəraiti olan bir çox rayonlar özlərini toxumla təmin
etmirlər. Soya, göy noxud, çöl noxudu, vələmir,
çovdar, raps, sorqo, perqo və digər yem bitkiləri
toxumçuluğu sahəsində əslində, iş
aparılmır. Otlaqların bitki tərkibini
yaxşılaşdırmaq üçün nəzərdə
tutulan topasl, tülküquyruğu, yovşan və bir sıra
yem bitkilərinin toxumçuluğu sahəsində hətta təcrübə
məqsədi ilə də heç bir iş
görülmür.
Kənd Təsərrüfatı
Nazirliyinin "Yay və qış otlaqlarının istifadəyə
verilməsindən daxil olan icarə haqqının
otlaqların yaxşılaşdırılmasına yönəldilməsi
barədə" "Gücü 2 milyon ton olan
balanslaşdırılmış qarışıq yem istehsal
edən müəssisələrin tikilməsi barədə" təkliflərinə
indiyədək baxılmamışdır.
Respublikada qarışıq yem istehsal edən 3 müəssisə: İmişli yem fabriki, Balakən rayonundakı "Azəryem zavodu" və Qazax rayonunda yem istehsalı müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə ildə 22672 ton qarışıq yem istehsal olunur. Onun 12168 tonu südlük maldarlıq üçündür.
Respublikada mal-qara əsasən ot, küləş və kəpəklə yemləndirilir. Qarışıq yem istehsal edən müəssisələrin tikilib istifadəyə verilməsinə ciddi zərurət yaranmışdır. Ət və süd istehsalında mühüm rol oynayan qarışıq yemin çatışmaması bu məhsulların istehsalının ləngiməsinə səbəb olur.
Ölkədə mal-qaranın qarışıq yemlərə
böyük ehtiyacının olmasına baxmayaraq, keçən
il ölkədən 30500 ton, bu ilin 6 ayında isə 6729
ton kəpək ixrac olunmuşdur ki, bu da qətiyyən
yolverilməzdir.
Çingiz
FƏRƏCOV,
Kənd Təsərrüfatı
Nazirliyi Aparatının Heyvandarlıq məhsullarının
istehsalı, emalı, damazlıq işi və otlaqlar
şöbəsinin müdiri, respublikanın əməkdar
heyvandarlıq işçisi
Azərbaycan.-2013.- 1 noyabr.- S. 10.