Koroğlu Türkiyədə

 

Türkiyənin Bolu şəhərində beynəlxalq Koroğlu festivalı keçirildi. Bolu bələdiyyəsinin təşkil etdiyi festival çərçivəsində türk dünyasının bu məşhur xalq qəhrəmanı ilə bağlı rəngarəng tədbirlər də təşkil olundu. Festival şəhər mərkəzindəki Koroğlu abidəsinin önündən start götürdü. Burada "Koroğlu" dastan qəhrəmanlarının simvolik yürüş keçidi şəhər sakinlərinin alqışlarına səbəb oldu.

Festival çərçivəsində Azərbaycan,  Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tatarıstan, Yakutiya, Uyğur milli rəqs qrupları öz ifalarını təqdim etdilər. Üç gün davam edən festivalda Koroğlu haqqında filmlər nümayiş olundu, müxtəlif mühazirələr oxundu, söhbətlər aparıldı, mövcud "Koroğlu" dastanları haqqında şərhlər verildi. Mərasim günlərində Boluda açılan bulağa Koroğlu adı verildi, qədim türk qəhrəmanının şərəfinə yeni parkın təməlqoyması da gerçəkləşdi. Bolunun mərkəzi prospekt və meydanlarında müxtəlif rəqslər, sərgilər, türk dünyasının musiqi və rəqs qruplarının konsertləri, aşıq deyişmələri təşkil olundu. Türkiyənin bu əsrarəngiz şəhəri üç gün xalq qəhrəmanı Koroğlunun şərəfinə təşkil olunmuş çeşidli musiqilərlə yerli əhalini və qonaqları məftun etdi.

 

Azərbaycan.-2013.-  1 noyabr.- S. 11.