Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin
IX Prezidenti Süleyman Dəmirəl ilə
görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının IX Prezidenti Süleyman Dəmirəl ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV dedi:
- Sizi ürəkdən salamlayıram. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Çox şadam ki, bu günü Siz Azərbaycanda qeyd edirsiniz. Azərbaycan Sizin doğma vətəninizdir. Azərbaycanda Sizi çox sevirlər. Siz Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün qardaşınız Prezident Heydər Əliyev ilə çox böyük səylər göstərmisiniz, böyük işlər görmüsünüz. Deyə bilərəm ki, Türkiyə-Azərbaycan əlaqələrinin təməlini siz qoymusunuz. Bu möhkəm təməl üzərində bu gün bizim əlaqələr inkişaf edir. Siz Prezident Heydər Əliyev ilə bərabər Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək zirvəyə qaldırmısınız.
Mən yaxşı xatırlayıram ki, Azərbaycan üçün ən ağır dövrlərdə Siz daim xalqımızın yanında olmusunuz. Türkiyə və Naxçıvan arasındakı "Ümid" körpüsünü Heydər Əliyev ilə bərabər açmısınız, o körpünün memarı olmusunuz. Bütün bunlar Azərbaycan xalqının qəlbində unudulmaz xatirə kimi yaşayan gözəl anlar, məqamlardır. Sonrakı dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində də Siz Heydər Əliyev ilə birgə böyük səylər göstərmisiniz. Bu gün bu kəmər artıq böyük bir dəhlizin mövcudluğunu təmin edir.
Hörmətli cənab Prezident, bir daha Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bir daha qeyd etmək istəyirəm və çox şadam ki, Siz bu günü Azərbaycanda qeyd edirsiniz, biz birlikdə bunu qeyd edirik.
Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xüsusi xidmətlərə görə Siz Azərbaycan dövlətinin yüksək ordeni olan "Şərəf" ordeni ilə təltif edilirsiniz. İcazə verin, mən bu yüksək mükafatı Sizə təqdim edim.
Azərbaycan Prezidenti İlham Əliyev "Şərəf" ordenini Süleyman Dəmirələ təqdim etdi.
Türkiyənin IX Prezidenti Süleyman
DƏMİRƏL dedi:
- Çox təşəkkür
edirəm. Məni çox böyük
məhəbbətlə qəbul
etdiniz, öz təyyarənizi göndərdiniz
və məni oradan buraya gətirdiniz.
Bugünkü Türkiyə qəzetlərində
bu böyük xəbər yer almışdır. Xüsusən böyük bir dostluğun nişanəsi
olaraq yer almışdır.
Bizim hər bir hərəkətimiz iki qardaş ölkənin - bir böyük millətin - türk millətinin, Anadoluda, Azərbaycanda yaşayan türklərin
- ayrılmaz bu böyük türklüyün
dahi şəxsiyyətlərindən
olan dəyərli qardaşım Heydər Əliyevin təməlini qoyduğu dostluğumuz və qardaşlığımız
daim yaşayacaqdır. Mərhum Heydər
Əliyevin "Biz bir
millət, iki dövlətik" kəlamı
həyatda təsdiqini
tapıb və bundan sonra da
tapacaqdır.
Burada gördüyümüz inkişaf
Sizin ciddi
səylərinizin nəticəsidir.
Sizin güclü rəhbərliyinizlə
davam edən bu inkişaf bizi məmnun və xoşbəxt edir. Nəyi görürüksə bu,
bizim öz Vətənimizdə imiş
kimi bizi sevindirir. Ona görə yenidən
buraya gəlməkdən
duyduğum xoşbəxtliyi
ifadə edirəm.
Həqiqətən ötən müddətdə
ölkənizdə xoş
yeniliklər olmuş,
daha çox enerji sərf edilmiş, ölkə daha da gözəlləşmişdir. Bunun əvəzində
Azərbaycan xalqı Sizi üçüncü
dəfə Prezident görmək üçün
səs vermişdir.
Üçüncü dəfə
Prezident seçilmək
asan iş deyildir. Heç bir ölkədə asan bir iş
deyildir. Ancaq bunun niyə
belə olduğunu xalqın Sizə olan məhəbbətində
görmək lazımdır.
Xalqın 80 faizdən çoxunun
Sizə dəstək verməsi bizi sevindirir.
Prezident
İlham ƏLIYEV: Sağ
olun!
Süleyman DƏMİRƏL: Bu uğurunuz bizi çox sevindirir, biz bundan iftixar hissi duyuruq.
Bunu iki qardaş ölkənin - Türkiyə
ilə Azərbaycanın
birliyinə, qardaşlığına,
bərabərliyinə dəstək
verilməsi kimi qiymətləndiririk.
Sizi üçüncü
dəfə Prezident seçilməyiniz münasibətilə
bir daha təbrik edirəm.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 2 noyabr.- S.1.