Senator Riçard
Byor yenidən Azərbaycan Prezidenti
seçilməsi
münasibətilə İlham
Əliyevi təbrik etmişdir
ABŞ senatoru Riçard Byor Senatda
çıxış edərək yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilməyi
münasibətilə İlham Əliyevi və
Azərbaycan xalqını təbrik etmişdir.
Bu yaxınlarda Bakıya səfərindən söz açan senator bildirmişdir ki, Birləşmiş Ştatlar və Azərbaycan, habelə regiondakı müttəfiqlərin qarşısında duran mürəkkəb məsələləri müzakirə etmək üçün Prezident İlham Əliyev ilə şəxsən görüşmüşdür. Senator demişdir: "Fürsətdən istifadə edərək Birləşmiş Ştatlara və Amerika xalqına göstərdiyi möhkəm dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına şəxsi minnətdarlığımı bildirdim". Senator demişdir ki, mərhum Prezident Heydər Əliyev 2001-ci il 11 sentyabr terror aktlarından dərhal sonra dəstəyini bildirmək üçün Prezident Corc Buşa zəng etmiş ilk dövlət rəhbərlərindən biri olmuşdur.
Sonra senator R.Byor terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin qorunub saxlanılmasında, habelə ABŞ və NATO materiallarının Azərbaycan ərazisindən keçən tranzit yolla Əfqanıstana göndərilməsində ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycanın rolunu vurğulamışdır. Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının üzvüdür, habelə İraqda və Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində əməliyyatlar aparmaq üçün öz əsgərlərini göndərmiş ilk dövlətlərdən biridir.
Senator çıxışını yekunlaşdıraraq demişdir: "Cənubi Qafqaz regionunda Azərbaycanın sabitliyi və inkişafı, habelə onun demokratik islahatlara sadiq olması mürəkkəb bir regionda ümid işığı rolu oynayır".
Senator R.Byor 2005-ci ildən
Şimali Karolina ştatını
təmsil edir. Daha əvvəl - 1995-ci ildən
ABŞ Konqresində elə
həmin ştatın
5-ci seçki dairəsini
təmsil etmişdir.
Yusif BABANLI,
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan.-2013.- 2 noyabr.- S. 2.