Azərbaycanla Braziliya
arasında ticarət əlaqələri yüksələn xətlə
inkişaf edir
Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Braziliya Deputatlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Braziliya əlaqələri və parlamentlərarası dostluq münasibərtləri müzakirə olunub.
Oqtay Əsədov Braziliya Deputatlar Palatasının müvəkkili, İşçi qrupunun prezidenti Klaudio Kajadonun başçılıq etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən qonaqlarda ölkəmiz barədə çox müsbət təəssürat yarandığına əminliyini bildirib. Daha sonra Azərbaycan-Braziliya əlaqələrindən danışan Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Braziliya ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə hər zaman hazırdır və bu istiqamətdə lazımi addımlar atılır: "Qarşılıqlı əlaqələrin intensivləşməsi siyasi əlaqələrin inkişafında mühüm rol oynayır. Ticarət əlaqələrimiz də yüksələn xətlə inkişaf edir. 2012-ci ildə Braziliya ilə ticarət dövriyyəmizin həcmi 183 milyon dollar təşkil etmişdir. Cari ildə bu sahədə 16,5 faiz artım olub. Lakin bu artım da ölkələrimizin potensialına uyğun deyil. Ticari əlaqələrimizi daha da genişləndirmək üçün böyük imkanlar var".
Oqtay Əsədov qeyd edib ki, qarşılıqlı səfərlərin, biznes-forumların tez-tez təşkil olunması ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək. Sədr ümumi əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib: "Braziliya ilə parlamentlərarası əlaqələrimiz də get-gedə inkişaf edir. Çox şadam ki, artıq hər iki ölkə parlamentində işçi qrupları fəaliyyət göstərir. Qrupların fəallığı və qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcək".
Braziliya Deputatlar Palatasının müvəkkili, İşçi qrupunun prezidenti Klaudio Kajado isə səmimi qarşılanmaya və qonaqpərvərliyə görə Milli Məclis Sədrinə minnətdarlığını bildirib, özünün Azərbaycan parlamentinin Sədri tərəfindən qəbul olunduğunu yüksək dəyərləndirib. O, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun ali səviyyədə təşkil olunduğunu bildirib. Eyni zamanda qeyd edib ki, oktyabr ayının 9-da Azərbaycan xalqı öz müdrik seçimini edərək cənab İlham Əliyevi yenidən prezident seçib.
Klaudio Kajado həmçinin vurğulayıb ki, Braziliya Azərbaycanla hərtərəfli əlaqələrin inkişaf etdirilməsində çox maraqlıdır.
Görüşdə
qarşılıqlı maraqdan doğan digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Elgün MƏNSİMOV,
Azərbaycan.-2013.- 2 noyabr.- S. 3.