Milli Məclisdə İtaliya
Senatının Mədəniyyət
və təhsil
komissiyasının üzvü ilə görüş keçirilmişdir
Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsində İtaliya Senatının Mədəniyyət və təhsil komissiyasının üzvü xanım Stefania Cannini ilə görüş keçirilmişdir.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Azərbaycan mədəniyyətinin zəngin və qədim tarixə malik olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər XVI-XVII əsrlərdən formalaşmışdır. Azərbaycanın tarixini özündə əks etdirən "Kitabi Dədə Qorqud"un bir nüsxəsi dünyanın ən iri, ən zəngin kitabxanalarından biri olan Vatikan kitabxanalarında saxlanılır.
Vurğulanmışdır ki, Azərbaycan tarixini və mədəniyyətini İtaliyada təbliğ etmək üçün italyan dilində kitabların və broşürlərin hazırlanması nəzərdə tutulmuşdur.
Qonaq Stefania Cannini Neapol Şərq Universitetinin Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə əlaqələri olduğunu qeyd etmiş və hər iki ölkə alimlərinin birgə layihələrinin həyata keçirilməsinin perspektivlərindən danışmışdır.
Bildirilmişdir ki, azərbaycanlı və italiyalı alimlər şərqşünaslıq sahəsində də müxtəlif birgə tədqiqatlar həyata keçirmişlər.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 2 noyabr.- S. 3.