Azərbaycan Ordusu Cənubi
Qafqazın ən güclüsüdür
Ulu öndər Heydər Əliyevin
1993-cü il noyabrın 2-də
Azərbaycan
xalqına etdiyi tarixi müraciətdən 20 il ötür
1991-ci ildə Azərbaycan Respublikası Xalq Cümhüriyyətinin tarixi varisliyi üzərində dövlət müstəqilliyini bərpa etdikdən sonra atılan ən mühüm addımlardan biri Milli Ordunun yaradılması üçün göstərilən təşəbbüslər idi. Xüsusən müstəqilliyin sevincini yaşayan xalqımız erməni təcavüzünün ayaq açdığı bir şəraitdə yeni başlanan ordu quruculuğu prosesində yaxından iştirak etmək istəyini birmənalı şəkildə ortaya qoymuşdu. Və bu istək yerli özünümüdafiə batalyonlarının yaradılması ilə özünü göstərirdi.
Amma müstəqilliyimizin ilk günlərindən 1993-cü ilin ortalarına qədər ölkədə hakimiyyət boşluğunun olması, ayrı-ayrı siyasi partiyaların hakimiyyətə can atması və bu proseslərin məntiqi nəticəsi olaraq siyasi xaosun, özbaşınalığın, dərəbəyliyin, hər bir sahədə anarxiyanın baş alıb getməsi ordu quruculuğu prosesini tezliklə iflasa uğratdı, Azərbaycan xalqının ümidlərini heçə endirdi. Hakimiyyət çəkişmələrinin fonunda ayrı-ayrı partiyaların nəzarətində olan hərbi birləşmələr başlıca missiyalarını kənara ataraq siyasi proseslərə cəlb edildilər. Bu dəstələr döyüş mövqelərini başsız buraxdılar, yaradılarkən müqəddəs amal olaraq qarşılarına qoyduqları vəzifəni - düşmənlə mübarizəni unudaraq iyrənc əməllərə qurşandılar. Çox keçmədən bəzi silahlı birləşmələrin adı quldurluqda, reketçilikdə, adam oğurluğunda hallanmağa başladı.
Kim bilir Azərbaycan xalqının başına hansı faciələr gələcəkdi əgər o ağır günlərdə Heydər Əliyev xalqın səsini eşidib hakimiyyət sükanının arxasına keçməsəydi. Vəziyyət bir az da o cür davam etsəydi, bəlkə də hələ kövrək olaraq müstəqilliyimiz və dövlətçiliyimiz əldən gedəcəkdi. Böyük sərkərdə, hərb elminin bütün incəliklərini dərindən bilən ulu öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra atdığı ən böyük addımlardan biri dövlətimizin milli maraqlarına cavab verən təhlükəsizlik siyasətinin və strategiyasının müəyyən olunması və həyata keçirilməsi, o cümlədən vahid komandanlığa əsaslanan nizami ordunun yaradılması oldu. Çünki dahi strateq yaxşı bilirdi ki, intizamsızlığın hökm sürdüyü, hərbi nizamnamələrin tələblərinin gözlənilmədiyi silahlı birləşmələrdən düşmənlə mübarizədə uğur gözləməyə dəyməzdi. Elə buna görə də atılan ilk addım məhz könüllü batalyonlar kimi yaradılan, sonradan isə ayrı-ayrı şəxslərin, partiyaların tapşırığı ilə hərəkət edən və cinayətkar yuvasına çevrilən silahlı dəstələrin buraxılması oldu.
1993-cü il noyabrın 2-də ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Televiziyası və Radiosu ilə xalqa müraciətində ölkəmizdə həm ordu quruculuğunun əsası qoyuldu, həm də cəbhədəki məğlubiyyətlər seriyasına birdəfəlik son verildi. Qeyd edək ki, həmin tarixi müraciətində ulu öndər Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud vəziyyətə, gedən proseslərə nəzər salmış, Azərbaycanda hakimiyyətdə olan iqtidarların bundan çirkin siyasi məqsədlər üçün istifadə etdiyini, o cümlədən ordu hissələrinin siyasi təşkilatların əlində alətə çevrildiyini, cinayətkar və qeyri-qanuni məqsədlər üçün istifadə olunduğunu, cəbhə xəttindəki özbaşınalığı təəssüflə vurğulamışdı.
Ulu öndər Heydər Əliyev müraciətində hərbi uğursuzluqların səbəbləri ilə yanaşı həm də çıxış yollarını göstərmiş, Azərbaycan xalqının bu vəziyyətdən xilas olmaq üçün qüdrətinin olduğunu bildirmişdir: "Ancaq bu o demək deyildir ki, biz çıxılmaz vəziyyətdəyik. Xeyr. Bu vəziyyətdən çıxmaq üçün Azərbaycan xalqının qüdrəti və imkanları var. Lakin bundan ötrü gərək xalq bir məqsədə xidmət etsin. Torpağımızı, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, onun suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaş üçün, hər bir azərbaycanlı üçün ən ümdə, ən ülvi, ən başlıca vəzifə olmalıdır. Qalan hisslər, duyğular, qalan cəhdlər hamısı bir kənara qoyulmalıdır".
Ümummilli lider Heydər Əliyevin bu tarixi müraciəti Azərbaycanda ictimai ruh düşkünlüyünün qarşısını alaraq hamını bir nəfər kimi düşmənə qarşı mübarizədə fəal iştirak etməyə çağırdı. Bu müraciətdən sonra qəlbində vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Müraciət ictimaiyyətin ayrı-ayrı kateqoriyaları tərəfindən dəstəkləndi. Vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı.
Beləliklə, Heydər Əliyevin 1993-cü ilin noyabrında xalqa müraciəti ordu quruculuğu işində tamamilə yeni bir mərhələnin başlanğıcı və bütövlükdə dövlət quruculuğunun şərəfli səhifəsi kimi tarixə yazıldı. 1993-cü il noyabrın 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrimizdən birinin təlim mərkəzində şəxsi heyətlə görüşdü. Bununla da əhalidə, xüsusilə də ölkə gənclərində orduya inamsızlığa son qoyuldu və hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında kifayət qədər ciddi sıçrayışlar qeydə alındı.
Rəhbər qətiyyəti ordu quruculuğu prosesinin uğurla başlaması və davam etdirilməsi, eyni zamanda cəbhə xəttindəki situasiyanın tezliklə Azərbaycanın xeyrinə dəyişməsi ilə özünü göstərdi. Ulu öndərin cəbhə xəttinə gələrək düşmənlə təmas xəttində olan döyüşçülərimizlə görüşməsi isə hər kəsin vətənpərvərlik hisslərini daha da artırdı. Bütün bunların effektiv nəticələri 1993-cü ilin sonu 1994-cü ilin əvvəllərində özünü göstərməyə başladı. Yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, eyni zamanda Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər. Heydər Əliyevin cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır" sözlərini diqqətə alan, ulu öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsil qəhrəmanlıq dastanları yaratdılar.
1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası formalaşdırıldı, yeni hərbi təhsil məktəbləri yaradıldı.
Azərbaycan iqtisadiyyatının ildən-ilə güclənməsi silahlı qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynamışdır. Bu, ötən 10 ildə daha qabarıq şəkildə özünü göstərdi. Ulu öndərin ordu quruculuğu ilə bağlı tövsiyələrini daim diqqətində saxlayan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyev ordumuzun daha da güclənməsi məqsədilə hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Hələ 2007-ci ildən bu məqsədlə ayrılan vəsaitin miqdarı 1 milyard dolları ötub və hazırda milyardlarla dollar səviyyəsində ölçülür. Bu vəsait hesabına Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ən müasir silah-sursat ordunun arsenalına daxil edilir, hərbi hissələrdə komplektləşdirilmiş texnika daha müasirləri ilə əvəz olunur. Orduya ayrılan vəsaitin artımı həm də hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, maaşlarının artırılması, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması deməkdir. Maddi imkanlar artdıqca bu istiqamətdə görülən işlərin həcmi də yüksələcək. Prezident İlham Əliyevin bu barədə dedikləri hər birimizin qəlbini fərəhləndirir: "Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm".
Prezident İlham Əliyevin Silahlı Qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Eyni zamanda ölkəmizdə ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə Azərbaycan işğal altında olan ərazilərimizin azad edilməsi üçün bütün imkanlardan istifadə edəcək.
Ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına etdiyi tarixi müraciətdən 20 il ötür. Ötən 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, həmçinin Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsinə çevrilib. Bu gün Azərbaycan gəncləri orduda ləyaqətlə xidmət edir. Cəmiyyətdə güclü mənəvi-psixoloji ab-hava var. Bütün bunlar onu göstərir ki, ulu öndər Heydər Əliyevin tarixi müraciətində narahatçılıq və təəssüf hissi ilə qeyd etdiyi məqamlar aradan qalxıb. Müasir və müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin ideyalarını əsas götürərək inamla gələcəyə doğru addımlayır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2013.- 2 noyabr.- S. 4.