Xarici siyasətdə əsas prioritet Ermənistan-Azərbaycan,

 Dağlıq Qarabağ münaqişəsinin həllidir

 

Prezident İlham ƏLİYEV: "Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək"

 

 

Azərbaycan bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan Qərbdə yalnız zəngin neftqaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Aparılan uğurlu diplomatiya nəticəsində artıq beynəlxalq təşkilatlar haqqın və ədalətin Azərbaycanın tərəfində olduğunu etiraf edir, Ermənistanı təcavüzkar dövlət kimi tanıyırlar.

Azərbaycan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan  mövqe nümayiş etdirir. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, ikili standartlar əsasında deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində bildirib: "Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmamışdır. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ ilə bilavasitə məşğul olan tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda əlbəttə ki, bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət üzərində qurulubdur. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ bu gün siyasihüquqi cəhətdən də Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm ki, tarixi ədalətə və beynəlxalq hüquq normalarına söykənir".

BMT 70 ilə yaxın müddətdə əsasən hərbi-siyasi təşkilat kimi tanınıb. Onun müəyyən prosesləri tənzimləmək üçün güc tətbiq etmək təcrübəsi mövcuddur. 1945-ci ilin oktyabrında yaradılmış bu qurumun nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var. BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. Amma buna baxmayaraq, təşkilat Azərbaycanla bağlı qətnamələrini 20 ildir ki, icra etmir. Bunun səbəblərindən biriodur ki, təşkilatın beş daimi üzvü hərbi gücün tətbiqi ilə bağlı qərar qəbul edərkən tamamilə öz geosiyasi maraqlarından çıxış edir. Belə olan təqdirdə təşkilat iflic vəziyyətinə düşür.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 19 il keçsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu bir yana, "demokratiya carçıları" Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar.

Azərbaycanın artan iqtisadi qüdrəti qarşısında işğalçı Ermənistan son dərəcə dərin iqtisadi böhran keçirir. Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Azərbaycan dövləti isə bütün sahələr üzrə davamlı inkişaf edərək dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmaqdadır. Qüdrətli Azərbaycan qarşısında səfillər ölkəsinə çevrilən Ermənistanın uzun müddət tab gətirəcəyi isə mümkünsüzdür. Prezident İlham Əliyev andiçmə mərasimində bildirib: "Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin. Beləliklə, biz münaqişənin həlli üçün bütün əsas şərtləri təmin etməliyik. Son illərin təcrübəsi onu göstərir ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir. Əslində, etiraf edir ki, Azərbaycandan, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb. Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: Siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik. Münaqişənin həlli bir daha demək istəyirəm ki, prioritet məsələdir. Bu məsələ tam şəkildə öz həllini tapmalıdır. Hər hansı bir yarımçıq variant müvəqqəti variant kimi yalnız qəbul edilə bilər. Münaqişənin tam şəkildə həll edilməsi, əminəm ki, olacaqdır və ilk növbədə, əlbəttə, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılmalıdır və əminəm ki, belə də olacaqdır. Mən qeyd etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq. Əlbəttə ki, bu strateji hədəf vaxt aparacaqdır. Ancaq bizim cəmiyyətimiz, gənc nəsil, bütün vətənpərvər insanlar bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa edək".

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu möhtəşəm hadisə, ilk növbədə, rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda sivil birgəyaşayış normalarına əsaslanan tarazlı xarici siyasət yürütdüyünü bir daha təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilə bilər.

BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası istiqamətində fəal iş aparmaq, təcavüzkara qarşı daha təsirli tədbirlər görmək imkanları əldə etmişdir. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. Azərbaycan Təhlükəsizlik Şurasına sədrliyi müddətində beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məsələsində uğurlu fəaliyyət göstərmişdir.

Xatırladaq ki, oktyabrın 28-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrlik vəzifəsini həyata keçirən Azərbaycan Respublikasının təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib. Ermənistan-Azərbaycan münaqişəsindən ətraflı danışan xarici işlər naziri E.Məmmədyarov qeyd edib ki, münaqişənin əvvəlindən İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirib. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində, Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynayıb.

Nazir xüsusilə vurğulayıb ki, Ermənistanın ilhaqçı siyasəti heç bir halda yerinə yetirilə bilməz. O bildirib ki, münaqişənin həllinə nail olmaqiki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycanın diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.-  2 noyabr.- S. 4.