«Davamlı inkişafekoloji sivilizasiya» mövzusunda

 maraqlı müzakirələr aparılmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Hyatt Regency" hotelində keçirilən "dəyirmi masa"da "Davamlı inkişafekoloji sivilizasiya" mövzusunda müzakirələr aparılmışdır.

"Dəyirmi masa"ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov və fizika üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Betts Laflin həmsədrlik etmişlər.

Tədbiri açan akademik Urxan Ələkbərov forumun əhəmiyyətindən danışaraq bu "dəyirmi masa"da 23 ölkədən nümayəndələrin iştirak etdiyini vurğulamışdır. Rektor forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq əməkdaşlıq üçün bu mövzunun vacibliyini bildirdiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu sahənin aktuallığını qeyd etdiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, "dəyirmi masa"da "Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq", "Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi" və "Ekoloji sivilizasiya - davamlı inkişafın məqsədi" mövzularında müzakirələr aparılacaqdır.

Nobel mükafatlı laureatı Robert Betts Laflin müzakirə olunan mövzunun son illərdə daha böyük önəm kəsb etdiyini vurğulamışdır. Beynəlxalq əməkdaşlıq aparılmadan davamlı inkişafın təmin edilməsinin mümkün olmadığını diqqətə çatdıran alim forumda qlobal əhəmiyyət daşıyan məsələlərin həllinə imkan verəcək nəticələrin əldə ediləcəyinə əminliyini bildirmişdir.

"Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq" mövzusundakı birinci bölmə iclasına Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti, Haaqa Senatının üzvü Rene Van Der Linden və İtaliyanın Siena Universitetinin rektoru Angelo Rikkaboni sədrlik etmişlər.

Çıxış edən Rene Van Der Linden davamlı inkişafın təmin olunması üçün ölkələrin bir araya gələrək səylərini birləşdirmələrinin vacibliyini vurğulamışdır. O, bu prosesdə düzgün əlaqələndirilmiş əməkdaşlığın mühüm rol oynadığını demişdir. Biz ilk növbədə elə bir potensial yaratmalıyıq ki, təbii fəlakətləri əvvəlcədən proqnozlaşdıra, bu hadisələr zamanı bir-birimizə daha səmərəli yardım göstərə bilək.

Müasir cəmiyyətlərdə iqtisadi, sosial və ətraf mühit məsələlərinin diqqətdə saxlanılmasının zəruriliyini qeyd edən Angelo Rikkaboni bildirmişdir ki, qlobal iqtisadi böhran bu sahədə vəziyyəti daha da çətinləşdirmiş, dünyada yoxsulluğun artması ilə nəticələnmişdir. Minilliyin İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən olan yoxsulluqla mübarizədə yalnız hökumətlər deyil, qeyri-hökumət təşkilatları da maraqlıdırlar. O, 2015-ci ildə - Minilliyin İnkişaf Məqsədləri başa çatandan sonra qarşıda duran əsas vəzifənin yerinə yetirilməsini - davamlı inkişafı təmin etmək üçün sosial, iqtisadi və ətraf mühit amillərinin çox mühüm rol oynayacağını bildirmiş, bu baxımdan əməkdaşlığın əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Almaniyanın Mixael Sukkov adına Təbiətin Mühafizəsi Fondu Şurasının prezidenti, fəxri professor Mixael Sukkov çıxışında biomüxtəlifliyin qorunmasına geniş yer vermişdir. Azərbaycanın zəngin biomüxtəlifliyə malik ölkə olduğunu vurğulayan alim respublikamızda milli parkların yaradılması istiqamətində aparılan əməkdaşlıqdan danışmışdır. Bildirilmişdir ki, bu istiqamətdə 2001-ci ildə Bakıda tədbir keçirilmişdir. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə keçirilən görüşdə ulu öndərin milli parkların yaradılmasının vacibliyini irəli sürdüyünü diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan dövlətinin qayğısı sayəsində qısa müddətdə bir neçə milli park yaradılmışdır. Əlverişli iqliminə və təbiətinin rəngarəngliyinə görə dünyanın ən gözəl ölkəsi olan Azərbaycan biomüxtəlifliyin mühafizə edilməsinə xüsusi diqqətlə yanaşır. M.Sukkov həmçinin Bakı Dövlət Universiteti ilə landşaft ekologiyasının qorunması üzrə layihə həyata keçirdiklərini və bu layihəyə gənc alimlərin cəlb edildiyini vurğulamışdır.

Bölmə iclasında əsas məruzələrdən sonra aparılan müzakirələrdə iştirak edən Ukrayna Ali Redaksiya Şurasının üzvü, akademik Yuri Şilov kurqanlarda aparılmış qazıntılar zamanı insanın biologiyası, onların təbiətlə əlaqələrinin aşkar edilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

Davamlı inkişafa ehtiyacın getdikcə daha böyük önəm kəsb etdiyini vurğulayan Minillik Layihəsinin araşdırmalar üzrə direktoru, kanadalı Elizabeta Floresku bu prosesdə müasir texnologiyaların tətbiqinin və təhsilin mühüm rol oynadığını demişdir. Qeyd edilmişdir ki, gələcəkdə problemlərin həllində gənc nəslin fəal rol oynayacağı nəzərə alınaraq Azərbaycanda onların bu prosesdə geniş iştirakına xüsusi yer verilir.

Davamlı inkişafın təmin edilməsində insan kapitalının mühüm rola malik olduğunu vurğulayan İtaliyanın "Futura21" İnstitutunun prezidenti Roberto Bonino ekoloji vəziyyətin sağlamlaşdırılmasının, əlverişli iş şəraitinin yaradılmasının kreativliyə, səmərəliliyə imkan verdiyini qeyd etmişdir.

Koreya Respublikasının Qabaqcıl ElmTexnologiyalar İnstitutunun mülki tikinti və ətraf mühitin qorunması üsulları kafedrasının professoru Heekyunq Park davamlı inkişafa nail olmaq üçün texnologiyaların, əraf mühitin, yerli şəraitin əlaqəli şəkildə nəzərə alınmasının vacibliyini vurğulamışdır.

Aparılan müzakirələrdə dayanıqlı inkişafa nail olmaq istiqamətində əməkdaşlığın gücləndirilməsinin, təhsilin keyfiyyətinin artırılmasının, məqsədli proqramların həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Həmçinin bu istiqamətdə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar yüksək qiymətləndirilmişdir. Azərbaycanın qısa müddətdə yoxsulluğun səviyyəsini dəfələrlə aşağı salması təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.

"Dəyirmi masa"nın "Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi" mövzusunda keçirilən ikinci bölmə iclasının moderatorları Plexanov adına Rusiya İqtisad Universitetinin dövlət və ictimai təşkilatlarla əlaqələr üzrə prorektoru Sergey Markov və Pakistanın qadınların inkişafı, sosial təminatı və xüsusi təhsili üzrə Sind Kəraçi Hökumətinin əyalət naziri Rubina Saadat Qaimxani olmuşlar.

Biologiyanı və sosiologiyanı XXI əsrin əsas prioriteti olan uzunsağlam həyat uğrunda əsas elmlər hesab edən Sergey Markov yeni biotexnologiyaların orqan və hüceyrə dəyişilməsinə imkan verməklə insan ömrünü uzatmağa qadir olduğunu bildirmişdir.

Forumun yüksək səviyyədə təşkilinə, bu mötəbər tədbirə dəvət edildiyimə və Azərbaycan kimi gözəl ölkə ilə tanış olmaq imkanı qazandığıma görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdaram, - deyən Rubina Saadat Qaimxani çıxışında mədəni müxtəlifliyin təşviqində və qlobal şəbəkələrin yaranmasında cəmiyyətlərin rolunun gücləndirilməsinin vacibliyini vurğulamışdır.

ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lorens qlobal əhəmiyyətli məsələlərin müzakirə platformasına çevrilən Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırmışdır. İnsan kapitalının inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Lorens Azərbaycanın bu istiqamətdə mühüm irəliləyişlər əldə etdiyini demişdir.

Dortmund Texnologiyalar Universitetinin professoru Ditvald Qrun yaşıl texnologiyaların və ətraf mühit planlaşdırılmasının milli siyasətə, iqtisadi, mədəni və təbii şəraitə uyğunlaşdırılmasının zəruriliyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı yeni enerji mənbələrindən istifadə edilməsi istiqamətində ölkəmizdə son illərdə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır. O, ətraf mühitin mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının mühüm rol oynadığını bildirmişdir.

Sonra Fransanın "Nouvelle Ecole" və "Crisis" jurnallarının redaktoru Alan de Benoa, Türkiyə və Orta Şərq Dövlətlərinin İdarəçiliyi İnstitutunun baş direktoru Eyyub İsbir və digərləri mövzu ətrafında aparılan müzakirələrdə iştirak etmişlər.

"Dəyirmi masa"nın "Ekoloji sivilizasiya - davamlı inkişafın məqsədi" mövzusundakı üçüncü iclasının həmsədrləri ABŞ-ın Miçiqan Dövlət Universitetinin Ceyms Medison Kollecinin dekanı Şerman Qarnett, İtaliyanın Sapienzo Universitetinin professoru Sergio MarçizioBMT-nin Tacikistan üzrə əlaqələndiricisi Aleksandr Zuev belə mötəbər forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını çatdırmışlar.

Bölmə iclasında "Ekoloji sivilizasiyaya keçid: Azərbaycanın təcrübəsi" mövzusunda məruzə ilə çıxış edən akademik Urxan Ələkbərov cəmiyyətlər arasında qeyri-bərabərliyin aradan qaldırılması üçün insan resurslarının yaradılması imkanlarının artırılmasının çox vacib amil olduğunu bildirmişdir. Burada təhsilin mühüm rol oynadığını qeyd edən rektor ölkəmizdə bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədov son illərdə davamlı inkişafa keçid istiqamətində görülən tədbirlərin əhəmiyyətindən, bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən danışmışdır.

Müzakirələrdə çıxış edən Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül İnstitutunun professoru Valeri Neronov, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Abdeslem El Misbahi və digərləri gələcəkdə sivilizasiyalararası münasibətlərdə əsas amillərin ekoloji ölçülər olacağını vurğulamışlar. Müzakirələrdə həmçinin bildirilmişdir ki, Azərbaycan burada yaşayan müxtəlif xalqlar arasında nümunəvi yaşayışı təmin etdiyi kimi, təbii müxtəlifliyini də çox yaxşı qoruya bilir. Bu, hər bir dövlət üçün nümunə olmalıdır.

"Dəyirmi masa"ya yekun vuran akademik Urxan Ələkbərov müzakirə edilən mövzunun əsas təşəbbüsçüsünün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olduğunu vurğulamış və ona təşəkkürlərini çatdırmışdır.

Sonda Üçüncü Bakı Beynəlxalq Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  2 noyabr.- S.6.