«Postmodern dövrdə milli özünüdərk» mövzusu

ətrafında geniş müzakirələr aparılmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Postmodern dövrdə milli özünüdərk" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovun, Ankara Universitetinin rektoru Erkan İbişin və Avstraliyanın Sosial Texnologiyalar Konsaltinqinin rəhbəri Frank Kemp Salterin həmsədrliyi ilə keçirilən "dəyirmi masa"da çıxış edən "Vsesvit" dünya ədəbiyyatı jurnalının baş redaktoru Dmitro Drozdovski forumun əhəmiyyətindən danışmış, tədbiri yüksək qiymətləndirmiş, dünyada yaşayan insanların mədəni və etnik fərqlilikləri, bunların postmodernizm təfəkkürünə təsiri barədə fikirlərini bölüşmüşdür. O, dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdırmışdır. D.Drozdovski Azərbaycanda müxtəlif mədəniyyətlərin, müxtəlif dinlərin dinc yanaşı inkişaf etdiyini bildirmişbunu yüksək dəyərləndirmişdir. Məruzəçi, ümumiyyətlə, Bakı Forumunun bütün "dəyirmi masa"larının müasir dövrümüzün həlli vacib məsələlərinə həsr olunduğunu bildirmişdir.

Daha sonra ADU-nun beynəlxalq əlaqələr kafedrasının müdiri Samir Həmidov "Virtual gerçəkliyin sosial-siyasi təsirləri" mövzusunda çıxış edərək modern dünyada milli özünəməxsusluğun əhəmiyyətinin getdikcə artdığını və postmodernizmin qloballaşma, internet və digər vasitələrlə ixrac edildiyini diqqətə çatdırmışdır. O, miqrasiyanın insanlara böyük təsir etdiyini, onların yeni məskunlaşdıqları ölkənin mədəniyyəti və cəmiyyətinə uyğunlaşması prosesində böyük vaxt sərf etdiklərini bildirmişdir. Virtual aləmin qarşılıqlı ünsiyyət əlaqələrini genişləndirməkdə mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdıran S.Həmidov virtual gerçəkliyin şəxsiyyətə və cəmiyyətə təsir edə biləcəyini vurğulamışdır.

Cənubi Afrika Respublikasının Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndəsi Tomas Uiler "Tam şəkildə olmayan postmodern dünyada milli özünüdərkin yaranması" mövzusunda çıxış edərək bildirmişdir ki, müasir dünyamız irqindən, dilindən, dinindən asılı olmayaraq fərqli mədəniyyətləri təmsil edən xalqların nümayəndələrini birləşdirir. Milli özünüdərk hərəkatı ayrı-seçkiliyə, düşmənçiliyə qarşı çıxır, beləliklə də mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır.

Humanitar forumunonun bölmə iclaslarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə iştirakçılar adından minnətdarlığını bildirən Avstriya yazıçısı Piter Qruber demişdir ki, son dövrlərdə dünyada mədəniyyətlərin, mədəni irsin qorunması və inkişafı sahəsində bir sıra mühüm addımlar atılmışdır. Avstriyalı yazıçı bildirmişdir ki, fərqli cəmiyyətlər hər bir milli icmanın inkişafına müəyyən təsir göstərir. P.Qruber qeyd etmişdir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirinə baxmayaraq, insanlar öz milli kimliyini qoruyub saxlamağa çalışmalıdırlar.

Universitetlərarası əməkdaşlığın yüksək səviyyədə davam etdiyini bildirən İtaliyanın Milan Universitetinin dosenti Alessandro Vitale "Şüur, etnik münasibətlər, münaqişələr: psixoloji yanaşma və beynəlxalq münasibətlər səviyyəsi" mövzusunda təqdimatla çıxış edərək gənclərin bir-biriləri ilə ünsiyyət qurmasının vacibliyini vurğulamış, bu istiqamətdə sistematik aparılan analiz və tədqiqatların böyük rolu olduğunu söyləmişdir.

Ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran Romanın Luis Universitetinin professoru Natalino Ronzitti "ATƏT prinsipləri, milli azlıqlar və dövlətlərin ərazi bütövlüyü" mövzusunda çıxış edərək milli azlıqların Azərbaycanda sülh şəraitində yaşamasını yüksək qiymətləndirmişdir. Qeyd edilmişdir ki, insan hüquqları barədə qəbul olunan bəyannamələr cəmiyyətə tam rəğbəti aşılamalı və milli azlıqlara olan hörmət, ölkələrin ərazi bütövlüyünü parçalamamalıdır.

Sonra Siena Universitetinin professoru Luka Verçikellinin, Avstriyanın Vyana Universitetinin professoru Hilde HayderinADU-nun professoru Svetlana Cəbrayılovanın həmsədrliyi ilə keçirilən "Postmodernist ədəbiyyatda və müasir diskursda milli özünüdərk" adlı ikinci bölmə iclasında çıxışlar olmuşdur.

Bu bölmə iclasında Yaponiyanın Osaka Universitetinin dosenti Tokoyuki Yokota Murakami "Rus yəhudi ədəbiyyatı tarixi nöqteyi-nəzərindən millətin dekonstruksiyasına bir baxış", ADU-nun professoru Azad Məmmədov "Şəxs və media diskursu", Beynəlxalq Türk Akademiyasının birinci vitse-prezidenti, qazaxıstanlı akademik Nur Əhməd Dost-Məhəmməd "Milli özünüdərk və dövlət ideologiyası", ADU-nun dosenti Aybəniz İsmayılova "İngilis postmodernist ədəbiyyatında milli özünüdərk", Rusiya Dövlət Sosial Universitetinin Minsk filialının professoru Kirill Şevçenko "Belarusda yaşayan poleşukların etnik özünüdərkinin formalaşdırılması: tarixi kontekst" mövzularında çıxış edərək bildirmişlər ki, postmodernist vəziyyət özünün və başqalarının mədəni dəyərlərini görmək təcrübəsini irəli sürür, müxtəlif mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır, dünyaya bütöv bir baxışın yaradılmasına kömək edir, ümumbəşəri mədəniyyətin formalaşmasına imkan yaradır. Natiqlər, həmçinin Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən də danışmışlar.

Çıxışlarda sivilizasiyalararası münaqişələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyillərin mənfi təzahürləri barədə fikirlər səslənmişdir.

Moldova Parlamentinin ombudsmanı xanım Aureliya Qriqoriu çıxışında ölkəsinin bir çox beynəlxalq hüquqi sənədlərə imza atdığını, Avropada milli azlıqların hüquqlarının qorunması istiqamətində qərarlar qəbul etdiyini vurğulamışdır.

Bu prinsiplərin əsasında hər bir insanın şəxsi özünüdərki onun təfəkkürünü əks etdirdiyini bildirən A.Qriqoriu şəxsi həyata hörmətin hər bir hökumətin öhdəlikləri sırasına daxil olduğunu, konstitusiya məhkəməsinin vəziyyətin vacibliyini nəzərə aldığını qeyd etmişdir.

"Dəyirmi masa"nın "Mədəni kodonun postmodern dövrdə transformasiyası" mövzusunda sonuncu bölmə iclası İtaliyanın Milan Universitetinin dosenti Alessandro Vitalenin, ADU-nun professoru Jalə Qəribovanın və Argentinanın La Plata Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Xorxe Paulo Ramonun həmsədrliyi ilə keçirilmişdir.

Bu bölmə iclasında Rusiyanın M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetinin professoru xanım Praskovya Sivtseva-Maksimova "Poetik janrların tədqiqi problemləri: qloballaşma kontekstində yakut klassik poeması" mövzusunda çıxış edərək bildirmişdir ki, Azərbaycanda mədəniyyət məsələləri hər zaman sivilizasiyası ilə seçilir. Qeyd edilmişdir ki, coğrafi məkan bir neçə mərhələlərdən ibarət ola bilər. Alim demişdir ki, bir neçə etnik qrupa daxil olan mədəniyyətlər bir yerdə məskunlaşa bilər.

Daha sonra ADU-nun nümayəndələri Gülnar Hüseynzadənin "XXI əsrdə mədəniyyətlərarası təhsil: Suallar və problemlər", Misgar Məmmədovun "Mədəni kodun transformasiyasının psixoloji xüsusiyyətləri" mövzularında məruzələri dinlənilmişdir.

Məruzələrdə qloballaşan dünyada multikulturalizm, mədəniyyətdə modernləşmənin təzahürlərindən danışılmışdır. Bildirilmişdir ki, postmodernist mədəniyyət dünyada hələ də tam təşəkkül tapmamışdır. Bu məsələ ilə əlaqədar alimlərin, filosofların fikirlərini dinləmək isə çox maraqlıdır.

Müzakirələrə yekun vuran ADU-nun rektoru Səməd Seyidov sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə nümunə olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin ənənə halı aldığını bildirmişdir. Bakının artıq humanitar mədəniyyətin paytaxtı kimi tanındığını vurğulayan S.Seyidov elm və mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin müsbət bəhrə verəcəyinə əminliyini ifadə etmişdir.

Səməd Seyidov forumun, eləcə də bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin deyil, əlaqələrin hərtərəfli inkişafına da böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

"Dəyirmi masa"da Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul edilmişdir.

 

Azərbaycan.-2013.-  2 noyabr.- S.7.