«Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri:
nəzəriyyədən təcrübəyə» mövzusunda «dəyirmi masa»da tibb elminin
qarşısında duran aktual
vəzifələrdən danışılmışdır
Üçüncü
Bakı Beynəlxalq Humanitar Forumu başa
çatmışdır
Noyabrın 1-də Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, "dəyirmi masa"nın sədri, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı, dünyanın 14 ölkəsindən 28 elm adamının iştirak etdiyini, onların mövzuya dair məruzələrinin dinlənilərək müzakirə olunacağını bildirmişdir.
Ə.Əmiraslanov forumun əhəmiyyətini, müzakirə edilən mövzuların aktuallığını vurğulamış, bu mötəbər tədbirdən gözləntilərin böyük olduğunu diqqətə çatdırmışdır.
Tibb elminin uğurlu nailiyyətlərindən danışan alim bildirmişdir ki, müasir dövrdə tibbin yüksək inkişafı nəticəsində bəzi genetik xəstəliklərin qarşısının alınması mümkündür. Son illər bu istiqamətdə, habelə orqan transplantasiyası sahəsində böyük irəliləyişlərə nail olunmuşdur.
"Dəyirmi masa" çərçivəsində keçirilən üç bölmə iclasında "Klinik təbabətdə molekulyar biologiya", "Hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri", "Müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları" mövzuları müzakirələr olmuşdur.
Kimya üzrə Nobel mükafatı laureatları Ada Yonat və Ariye Varşelin, Kembric Universitetinin professoru Qərib Mürşüdovun həmsədrliyi ilə keçirilən birinci bölmə iclasında molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ətrafında geniş müzakirələr aparılmışdır.
Nobel mükafatı laureatı A.Yonat "Bakterial dərman rezistentliyi ilə mübarizədə irəliləyiş" mövzusunda məruzəsində insanların ömrünün azalması səbəblərinin əsasən yoluxucu xəstəliklərlə bağlı olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, müasir dövrdə tibb sahəsində antibiotiklərə qarşı müqavimətin artması ən kəskin problemlərdəndir. Bu problemin aradan qaldırılmasında əczaçılıq şirkətlərinin üzərinə böyük vəzifələr düşür. Uzunömürlülüyün əsasən altı zəngin ölkənin - Avstraliya, İslandiya, Yaponiya, Yeni Zelandiya, Norveç və İsveçin payına düşdüyünü qeyd edən alim bildirmişdir ki, bütün yaş qruplarından olan qadın və kişilər arasında aparılmış tədqiqatlar bu qənaətə gəlməyə əsas vermişdir.
Bölmə iclasında həmçinin Nobel mükafatı laureatı, professor A.Varşelin "Bəşəriyyət üçün əsas təhlükə olan dərman rezistentliyi problemi", fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ceyms Rotmanın "Fundamental elm təbabət və iqtisadiyyat üçün bütün ölkələrdə nə üçün vacib məsələdir", kimya üzrə Nobel mükafatı laureatı Rocer Kornberqin "Fundamental elm, inkişafın ümidi", Yusif Baranın "Xərçəng zamanı dərman rezistentliyinin molekulyar mexanizmləri", İsmayıl Zülfüqarovun "Koreyada biotexnologiyanın inkişafı üçün innovasiyalar" mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir.
Professorlar Adil Allahverdiyev və Riçard Bertin həmsədrliyi ilə keçirilən ikinci bölmə iclasında hüceyrə transplantologiyasının bioloji və klinik aspektləri ilə bağlı müzakirələr aparılmışdır.
Professorlar Riçard Bertin "Kök hüceyrələr üçün yeni paradiqmalar", Erdal Karaözün "Transplantasiya prosesində kök hüceyrələrinin immunosupressiv xüsusiyyətləri", Adil Allahverdiyevin "Kök hüceyrə tədqiqatında əsas strateji aspektlər", ürək-damar cərrahı, dosent Kamran Musayevin "İşemik kardiomiopatiyalarda kök hüceyrə terapiyası", cərrah-həkim Vaqif Qələndərovun "Kök hüceyrələrdən plastik və rekonstruktiv cərrahiyyədə istifadə" mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir.
Natiqlər hüceyrə müalicəsinin əhəmiyyətindən, son illər bu sahədə əldə olunmuş uğurlardan, kök hüceyrəsindən tibb sahəsində geniş istifadə olunmasından söz açmışlar.
Professor Afiq Bərdəli və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İradə Hüseynovanın həmsədrliyi ilə keçirilən üçüncü bölmə iclasında müxtəlif xəstəliklərin müalicəsində gen terapiyasının imkanları ilə bağlı fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilmişdir.
İclasda professorlar Məsud Əfəndiyevin "Mitoxondriyaların ödemindən apoptoza doğru", Dmitri Zaletayevin "Bədxassəli şişlərin müalicəsinin optimizasiyası", Afiq Bərdəlinin "Azərbaycanda xəstəliklərin molekulyar genetik və individual əsaslı müalicə üsulları", İradə Hüseynovanın "Gen terapiyası: problemə müasir baxış və perspektiv" mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə son illər xərçəngin müalicəsi sahəsində aparılmış tədqiqatlardan, gen terapiyası və onun əhəmiyyətindən söz açılmışdır. Cəmiyyətin sağlamlığın qorunması ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayan natiqlər dünyada, o cümlədən Azərbaycanda bu sahədə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışlar.
"Dəyirmi masa"ya yekun vuran akademik Əhliman Əmiraslanov bildirmişdir ki, tədbirdə tibb sahəsi üçün son dərəcə dəyərli və aktual məsələlər müzakirə edilmiş, tibb sahəsində dünyada əldə olunmuş nailiyyətlər barəsində ətraflı məlumat verilmişdir.
Dünyanın məşhur alimlərinə Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə minnətdarlığını bildirən akademik Ə.Əmiraslanov forumda aparılan müzakirələrin öz bəhrəsini verəcəyinə əminliyini ifadə etmişdir.
Sonda
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi
yekdilliklə qəbul olunmuşdur.
Azərbaycan.-2013.- 2 noyabr.- S.7.