Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl noyabrın 1-də  Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil  qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Türkiyənin sabiq prezidenti Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə də əklil qoymuşdur.

 

Azərbaycan.-2013.-  2 noyabr.- S.8.