Moldovalı ombudsmana ikitərəfli əməkdaşlığa görə fəxri

 fərman və xatirə medalı təqdim olunmuşdur

 

Noyabrın 1-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili  Elmira Süleymanova Moldova parlamentinin vəkili (ombudsmanı) Aureliya Qriqoriu ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan və Moldova ombudsmanlar institutları arasında insan hüquqlarının müdafiəsi üzrə ikitərəfli müqavilə çərçivəsində görülən işlər barədə məlumat verilmişdir.

Elmira Süleymanova bildirmişdir ki, Moldovanın ombudsman təsisatı ilə uzun illəri əhatə edən əməkdaşlıq mövcuddur. Son illər bu əməkdaşlıq daha intensiv şəkildə davam etdirilir.

A.Qriqoriunun Ermənistanda keçirilən konfransda məlum çıxışını diqqətə çatdıran E.Süleymanova demişdir ki, moldovalı ombudsman rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməmiş, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımının törədildiyini demişdir. Bu fikirlərinə görə o, təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmışdır.

E.Süleymanova Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyə görə həmkarına təşəkkürünü bildirmiş,  Moldova parlamentinin vəkilinin Ermənistanda hüquqlarının pozulması ilə bağlı bəyanat yaydığını diqqətə çatdırmışdır.

Moldovalı ombudsman Avropada fəaliyyət göstərən bir çox təşkilatların Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsiz olmalarını, məlumatı olanların isə mövzudan yayınmağa çalışdıqlarını bildirmişdir. Görüşdə Aureliya Qriqoriuya ikitərəfli əməkdaşlığa və cəsarətinə görə fəxri fərman və xatirə medalı təqdim olunmuşdur.

 

Azərbaycan.-2013.-  2 noyabr.- S.8.