Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə keçiriləcək «Eco Picture Diary – 2013» Beynəlxalq ekoloji layihəsinin təqdimatı olmuşdur Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında «Eco Picture Diary – 2013» («Eko Rəsm Gündəliyi 2013») Beynəlxalq müsabiqəsi elan edilmişdir. Noyabrın 1-də Heydər Əliyev Mərkəzində layihənin təqdimatı keçirilmişdir.

 

Təqdimat mərasimində 314 ümumtəhsil məktəbi təmsil olunmuşdur.

Heydər Əliyev Mərkəzinin humanitarsosial layihələr departamentinin direktoru Vüqar Məmmədov məlumat vermişdir ki,  "Eco Picture Diary" Beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir. Ötən il yarışmada 51 ölkədən 300 min məktəbli iştirak etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq Azərbaycan da müsabiqəyə qoşulacaqdır.

Müsabiqənin milli mərhələsi İDEA tərəfindən UNESCO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə təşkil olunur.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirmişdir ki, Bakı və Gəncə şəhərlərini əhatə edəcək müsabiqənin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, florafaunaya qayğının aşılanması, ətraf mühitinsan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşmasıdır.

Nazir müavini hazırda ekoloji problemlərin dünyada aktual olduğu bir dövrdə belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva uşaqların şüurunda ətraf mühitə münasibəti formalaşdırmaq üçün onların maarifləndirilməsinə kiçik yaşdan başlanılmasının əhəmiyyətini qeyd etmişdir.

İDEA-nın layihə direktoru Anara İsmayılova layihəyə hazırlığın bir neçə ay bundan əvvəl başlandığını diqqətə çatdırmışdır. O, layihənin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və şagirdlərin ətraf mühitə münasibətinin düzgün formalaşdırılmasında rolundan danışmışdır.

"Panasonic Marketinq" MDB-nin meneceri Alisa  Lavrentiyeva müsabiqə haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaşlar arası) və orta (12-15 yaşlar arası) yaş qruplarını təmsil edən şagirdləri iştirak edə bilərlər. İştirakçılar yarışma üçün hazırlanan xüsusi "Eko Gündəlik"də ekologiyaya dair rəsm və onun ideyasının qısa təsvirini əks etdirməlidirlər. Azərbaycan üçün 5000 "Eko Gündəlik" hazırlanmışdır. Bakı və Gəncə şəhərlərində müəllimlər vasitəsilə paylanılacaq "Eko Gündəlik"lər noyabrın 15-dək təhvil verilməlidir. Təqdim edilən "Eko Gündəlik"lər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlilikləri, UNESCO, PMCİS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edəcəkdir.

Müsabiqənin qalibi dekabrın 1-dək elan olunacaqdır. Milli qalibin "Eko Gündəliyi" layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcəkdir. Bütün ölkələrin milli qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı bu ilin dekabrında Parisdə beynəlxalq müsabiqənin nəticələrinin elan olunması mərasimində iştirak edəcəkdir.

Müsabiqənin şərtləri barədə ətraflı məlumatı İDEA-nın internet səhifəsindən (www.ideacampaign.org) əldə etmək olar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  2 noyabr.- S.8.