Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu

 Türkiyə mətbuatının diqqət mərkəzindədir

 

Azərbaycan paytaxtında keçirilən Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələrinin  diqqət mərkəzindədir.

Qardaş ölkənin rəsmi Anadolu agentliyi Forumdan xəbəri Prezident İlham Əliyevin "Dağlıq Qarabağda ikili standart tətbiq olunur" sözlərini başlığa çıxarmaqla yaymışdır. Xəbərdə vurğulanır ki, Azərbaycanın dövlət başçısı bu məsələdə beynəlxalq təşkilatların qərar və qətnamələrinin kağız üzərində qaldığını söyləmişdir.

Nüfuzlu "Milliyet" qəzeti isə forum haqqında məqalədə Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin "Qarabağ problemi həll olunmalıdır" sözlərini önə çıxarmışdır. Məqalədə bildirilir ki, S. Dəmirəl Türkiyə və Azərbaycan ilə münasibətlərinin normallaşmasının Ermənistanın xeyrinə olacağını anlamasının zamanıdır.

"Hürriyet" qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışına yer vermiş, habelə Süleyman Dəmirəlin çıxışındakı "İnsana yönəlik olmayan siyasət qalıcı səmərə verməz" sözlərini başlığa çıxarmışdır. Məqalədə dövlət başçısının Türkiyənin 9-cu Prezidentinə göstərdiyi yüksək diqqət və qayğı, onun 89 yaşının da Bakıda qeyd ediləcəyi bildirilmişdir.

"Türkiye" qəzetinin "Dağlıq Qarabağ probleminə münasibətdə ikili standart tətbiq olunur" başlıqlı məqaləsində Prezident İlham Əliyevin BMT başda olmaqla, bütün beynəlxalq təşkilatların bu münaqişənin həlli məsələsində fəaliyyətsizliyi ilə bağlı fikirləri yer almışdır. Qəzet Süleyman Dəmirəlin də çıxışına geniş yer ayırmışdır.

"Haber Türk" qəzetində isə "Süleyman Dəmirəl Bakı Forumunda" başlıqlı xəbərdə Prezident İlham Əliyevin Üçüncü Beynəlxalq Humanitar Forumda nitqinə və Türkiyənin 9-cu Prezidentinin çıxışına geniş yer ayrılmışdır.

Forum haqqında xəbərlər Türkiyənin "Beyaz qazete", "Sabah", "Star", "Vatan" və digər qəzetlərdə də verilmişdir. Bu xəbərlərlə yanaşı, qəzetlərin internet saytlarında Anadolu agentliyi, İhlas, DoğanCihan xəbər agentliklərinin forumun gedişindən operativ reportajları da yer almışdır.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında Türkiyənin "TRT", "CNNtürk", "Habertürk", "NTV", "Sky" və digər televiziya kanalları operativ süjetlər yayımlamışlar. Həmin  materiallarda vurğulanmışdır ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada durmadan artan nüfuzunun göstəricisidir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.-  2 noyabr.- S.9.