Azərbaycan Diplomatik
Akademiyasında ölkəmiz ilə Argentina
arasında diplomatic əlaqələrin
qurulmasının 20 illiyinə həsr olunmuş
tədbir keçirilmişdir
Noyabrın 1-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) yenidən "Ölkə Günləri" adlı tədbirlər silsiləsinə başlanılmışdır.
Bu silsilədə ilk tədbir "Argentina Günü" adı altında Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmişdir.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və digər rəsmi şəxslər iştirak etmişlər. Qonaqları salamlayan rektor Hafiz Paşayev tədbirin iki ölkə arasında diplomatik, mədəni, o cümlədən təhsil sahəsində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Tədbirdə ADA-da magistratura pilləsində təhsil alan argentinalı tələbə Noemi Rabbia ölkəsinin tarixi, mədəniyyəti, coğrafi mövqeyi haqqında məlumatlandırıcı təqdimatla çıxış etmişdir. Təqdimat Argentinanın dövlət himninin səsləndirilməsi ilə başa çatmışdır.
Tədbir çərçivəsində ADA ilə Argentinanın iki ali təhsil müəssisəsi - Buenos-Ayres və Rosario Milli universitetləri arasında Anlaşma Memorandumu imzalanmışdır.
Memoranduma əsasən, universitetlər arasında akademik və mədəni mübadilə proqramları, birgə elmi tədbir və konfransların təşkili, o cümlədən tədqiqat mübadiləsi həyata keçirilməsi nəzərdə tutulur. Anlaşma Memorandumu bu il avqustun 21-dən 25-dək ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadənin, ADA-nın İctimai və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyevin və akademiyanın argentinalı məzunu, ADA-nın beynəlxalq proqramlar üzrə əlaqələndiricisi Tomas Xerbasionun Argentinanın elm-təhsil mərkəzləri ilə əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu ölkəyə etdikləri səfərin yekunu olaraq imzalanmışdır.
Sonra
Argentinanın mədəni simvollarından hesab edilən tanqo
rəqsi və milli mətbəxindən nümunələr təqdim
olunmuş, o cümlədən Argentinanın Azərbaycandakı
səfirliyi tərəfindən təşkil edilmiş fotosərgi
nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 2 noyabr.- S.9.