İNSAN AMİLİNİ UCA TUTAN
SİYASƏT
Prezident İlham
Əliyev andiçmə mərasimində bununla bağlı
yeni fikirlər açıqladı
Demokratikləşmə sahəsində böyük uğurlar qazanmış qabaqcıl Qərb ölkələrinin təcrübəsi göstərir ki, sabit vətəndaş cəmiyyətinin, hüquqi dövlətin yaradılması, dövlətin iqtisadi inkişafı, ilk növbədə, xalqın iradəsini ifadə edən demokratik seçkilərdən keçir. Tarixən formalaşmış siyasi nəzəriyyələrdə də təsbit olunduğu kimi, seçkilər demokratik idarəetmənin mərkəzi institutu, vətəndaşların yaşadığı cəmiyyətin ictimai həyatında, dövlət işlərində iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə demokratik seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquqi düşüncənin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır.
Bu gerçəkliklər fonunda əminliklə söyləmək olar ki, 2013-cü ilin 9 oktyabrında tamamilə azad, ədalətli, şəffaf və sivil rəqabət şəraitində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi prosesində mühüm mərhələnin əsasını qoymuş, liberal dəyərlərə, demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir. Keçid mərhələsini başa vurmuş respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın, dövlətin perspektiv inkişaf strategiyasında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini bir daha önə çəkmişdir. Şübhəsiz, son seçkilərin nəticələri ötən 10 ildə keçilən böyük inkişaf yolunun uğurlarına əsaslanmış, xalq ölkədə hər bir vətəndaşın mənafeləri nəzərə alınmaqla yürüdülən siyasətə alternativ görmədiyini bir daha izhar etmişdir.
Hələ 2003-cü ilin 15 oktyabr seçkilərindən ötən 10 ildə cəmiyyətdə qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun varisliyini uğurla təmin edən alternativsiz liderdir. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ilk növbədə, ulu öndərin öz siyasətində hər bir fərdin maraq və mənafelərini incəliklə nəzərə almasından irəli gəlmişdir. Milli maraqlara xidmət edən bu siyasətin növbəti mərhələdə də davam etdirilməsi istəyinin ictimai sifariş və tələbə çevrilməsi ölkənin gələcək taleyi ilə bağlı tərəddüdlərdən irəli gəlmişdir. 1991-1993-cü illərin acı təcrübəsi fonunda hakimiyyətin yenidən təsadüfi, diletant qüvvələrin əlinə keçməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar cəmiyyətin Heydər Əliyev siyasi kursunun varisliyinin, ardıcıllığının təmin olunması naminə prinsipial iradə nümayiş etdirməsini zərurətə çevirmişdir.
Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni meyarlar üzərində köklənmiş mütərəqqi idarəçilik ənənələrinin məhz bu sistem hüdudlarında püxtələşən, Heydər Əliyev siyasi xəttini dönmədən davam etdirməyə qadir peşəkar, intellektli və praqmatik lider tərəfindən idarə olunması Azərbaycanın iqtisadi və geosiyasi durumundan irəli gələn tələbat olmuşdur.
Azərbaycan cəmiyyətində son nəticə həmişə siyasi illüziyaları deyil, real göstəriciləri qiymətləndirir - ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Əliyevçilik ənənələrini davam etdirmək üçün cənab İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər isə ictimai rəyin dəqiq seçiminin yəqinləşməsində kifayət qədər həlledici rol oynayırdı. Ümummilli liderin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi təmiz keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər.
Möhtərəm Prezident 2013-cü il oktyabrın 19-da keçirilmiş təntənəli andiçmə mərasimində bununla bağlı demişdir: "On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir".
Ötən
10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
altında əldə olunmuş böyük uğurlar, ilk
növbədə, sistemli və düzgün koordinasiya
olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti
çəkmişdir. Dövlət başçısı
Heydər Əliyevin siyasi kursunun davamçısı kimi
xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirmiş,
bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət
etməsindən irəli gəlmişdir. Məsələn,
hansısa problem baş qaldıranda dövlət
başçısı, ilk növbədə, "Heydər
Əliyev bu məsələni necə həll edə bilərdi"
sualı üzərində düşündüyünü
gizlətmir. Prezident İlham Əliyev dövlət
idarəçiliyinə dair hər hansı mühüm qərar
qəbul etməzdən öncə, bu sualı özünə
ünvanladığını və cavab tapmağa
çalışdığını deyir. Özündə dərin
mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam
Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə
təmin olunduğuna dəlalət edir.
2003-cü ildə xalqın böyük dəstəyi ilə hakimiyyət estafetini götürən cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Prezident İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursların hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Ölkəmiz Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzminin nümayişidir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 8000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.
Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Əminliklə deyə bilərik ki, ölkədəki sürətli inkişaf və mütərəqqi islahatlar fonunda bu məqsəd ictimai şüurda getdikcə möhkəmlənir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir. Ölkənin həqiqi ziyalıları, elm adamları respublikanın bu inkişaf və tərəqqisini böyük qürurla qarşılayırlar.
Prezident İlham Əliyev xalqa və dövlətə sədaqət andı içərkən söylədiyi dərinməzmunlu çıxışında ölkəmizin gələcəyi ilə bağlı bir sıra strateji hədəflərə toxunmuş, qarşıda duran vəzifələrdən söz açmışdır: "Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir".
Cənab İlham Əliyevin yürütdüyü siyasətin xalq tərəfindən birmənalı dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. Ölkə başçısı inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur. Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla ünsiyyətdə olan anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə çatdırır. Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu dövrün reallıqları həm də onu təsdiqləmişdir ki, bu gün Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, həmçinin ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir.
Müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Təcrübə göstərir ki, insan amilinin inkişafına xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Möhtərəm Prezidentin andiçmə mərasimində qeyd etdiyi kimi, bu gün Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi, hüquqi və s. islahatların əsasında məhz ölkə vətəndaşlarının maraq və mənafeləri dayanır.
2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyərək prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Bu müddətdə siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, ölkədə reallaşdırılan neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, vətəndaşların təhsil, səhiyyə, sosial təminat kimi konstitusion hüquqlarının təminatına, habelə insan kapitalının inkişafına xidmət etməlidir. Azərbaycan dövlətinin rəhbər tutduğu bu strategiya vətəndaşların azad və bərabər mühitdə yaradıcı düşüncələrini, istedadlarını inkişaf etdirmələrinə, onların qloballaşan dünyaya inteqrasiyasını təmin etməyə imkan vermişdir.
Neft
gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə -
yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə,
əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi
bu gün də Azərbaycanda həyata keçirilən
sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil
edir. Son 10 ilin sosial siyasətlə bağlı
makroiqtisadi uğurlu göstəriciləri, ilk növbədə,
Azərbaycan insanının gündəlik həyatında,
yaşayış səviyyəsinin davamlı şəkildə
yüksəlməsində öz əksini tapır. Birləşmiş
Millətlət Təşkilatı (BMT) İnkişaf
Proqramının 2012-cu il üçün
açıqladığı "İnsan İnkişafı
Hesabatı" respublikamızın insan inkişafı indeksinə
görə yüksək nəticələr əldə
etdiyini bir daha təsdiqləyir. Azərbaycan bu hesabatda 82-ci
yeri tutmaqla "orta insan inkişafı" qrupu ölkələrini
tərk edərək "yüksək insan
inkişafı" ölkələri kateqoriyasına daxil
olmuşdur.
Ümumdünya İqtisadi Forumunun (ÜİF) bu günlərdə açıqladığı "İnsan Kapitalı İndeksi" ("Human Capital Index") üzrə ilk reytinq cədvəlində isə respublikamız əksər region ölkələrini qabaqlayaraq 64-cü yerdə qərarlaşmışdır. 122 ölkənin yer aldığı reytinq cədvəlində təhsil, səhiyyə, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanları qiymətləndirilib. Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli sosial mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yeri tutmuşdur.
Prezident İlham Əliyevin andiçmə mərasimində qarşıdakı illərdə sosial məsələlərin hökumət üçün prioritet olacağını bir daha vurğulamışdır: "Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki buna böyük ehtiyac vardır".
Ümumilikdə, müstəqil respublikamızın son illərdə iqtisadi sahədə qazandığı böyük nailiyyətlər cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və intibaha xidmət edən islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bu resurslardan maksimum səmərəli istifadə yolu ilə xalqın intellektual sabahı, fiziki-mənəvi sağlamlığı baxımından strateji əhəmiyyət daşıyan səhiyyənin problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan təhsil və səhiyyə islahatlarının başlıca qayəsini də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil və səhiyyə sisteminin mütərəqqi yeniliklərinin respublikamızda geniş tətbiqidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti siyasətini məhz ölkənin mövcud resurslarının insan amilinin prioritetə çevrilməsi və inkişafı yönümündə qurur.
Səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq həyata keçirilən islahatların nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.
Tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Dövlət başçısının regionların inkişafı ilə bağlı son illərdə imzaladığı dövlət proqramlarında bütün fundamental sahələr kimi, səhiyyə sisteminə də geniş diqqət ayrılmışdır. Həmin dövlət proqramlarında bölgələrdə insanlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsini təmin edəcək bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi - yeni xəstəxanaların, poliklinikaların inşası, yaxud mövcud səhiyyə müəssisələrinin müasir tələblər səviyyəsində təmir və bərpa olunması, onların maddi-texniki, habelə zəruri tibb ləvazimatları ilə təminatı məsələləri geniş əksini tapmışdır. Ümumilikdə, 2003-2013-cü illərdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri həyata keçirilmişdir və onların təxminən 70 faizi regionların payına düşür.
Ötən müddətdə paytaxtdakı mövcud səhiyyə müəssisələrinin də əksəriyyəti ən müasir tələblər səviyyəsində təmir və bərpa olunmuş, yenidən tikilmişdir. Bunların arasında Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər iri obyektləri qeyd etmək olar.
2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda onların həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusi vurğulamaq lazımdır ki, səhiyyə layihələrinin həyata keçirilməsində ötən il Heydər Əliyev Fondu da yaxından iştirak etmişdir. Ötən illər ərzində Azərbaycanın yüzlərlə vətəndaşının müxtəlif xəstəliklərdən müalicə olunmaq üçün xarici ölkələrin nüfuzlu klinikalarına göndərilməsi, on minlərlə insana pulsuz tibbi yardım göstərilməsi, Bakıda və respublikamızın digər regionlarında aparılan çətin cərrahiyyə əməliyyatları sayəsində minlərlə körpə və yaşlı insanın həyata qaytarılması da Heydər Əliyev Fondunun sırf səhiyyə sahəsində gördüyü işlərin yalnız müəyyən bir hissəsidir.
Fond bu nəticələrlə kifayətlənmir, nəinki Azərbaycanda, ümumən dünyada yaşayan soydaşlarımızın müalicə ilə bağlı problemlərinə fəal şəkildə kömək göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur!", "Sağlam olmağını yəqin et, xəstəliyə "Yox" de!" devizi altında həyata keçirilən aksiyalar bu qəbildəndir. Bu aksiyalar pasiyentlərin pulsuz müayinəsinə, gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük kömək göstərir.
Xüsusi vurğulamaq istərdim ki, ölkə rəhbəri tərəfindən yüksək diqqət və qayğını Azərbaycanın tibbi kadrlar hazırlayan ən nüfuzlu ali təhsil ocağı - Azərbaycan Tibb Universiteti də yaxından hiss edir. Universitetimizin cəmiyyət həyatındakı yerini və müstəsna rolunu yüksək dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2010-cu il aprelin 28-də "Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncamda bir daha vurğulanırdı ki, respublikada təbabətin ən müxtəlif sahələrində yüksək hazırlığa malik kadrların yetişdirilməsində və mötəbər elmi mərkəz kimi tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli töhfələr vermişdir. Sərəncam əsasında səhiyyə və təhsil nazirlikləri Azərbaycan Tibb Universitetinin 80 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlamış və həyata keçirmişlər.
Son 10 ildə universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, problemlərinin həlli, yeni tədris və müalicə korpuslarının tikilib istifadəyə verilməsi sahəsindəki tədbirlər də xüsusi vurğulanmalıdır. 2010-cu il oktyabrın 1-də universitetin 80 illik yubileyi ərəfəsində ölkə başçısının iştirakı ilə bu ali təhsil ocağının ən müasir standartlara cavab verən Tədris-Terapevtik Klinikasının təntənəli açılış mərasimi keçirilmişdir. Xatırladaq ki, bu klinika möhtərəm İlham Əliyevin 2007-ci il 11 sentyabrda imzaladığı "Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının yaradılması haqqında" Sərəncamı əsasında ən yüksək tələblər səviyyəsində inşa olunmuşdur. Obyektiv zərurəti əks etdirən belə bir sərəncamın imzalanması bir daha göstərmişdir ki, dövlət başçısı respublikanın artan maliyyə imkanlarını məhz millətin mənafeyi baxımından strateji əhəmiyyət daşıyan elm, ali təhsil və səhiyyəyə yönəldilməsini, milli genefondun qorunmasını, güclü insan kapitalının formalaşmasını vacib sayır.
Tədris-terapevtik klinikanın fəaliyyətə başlaması kliniki fənlərin tədrisi ilə məşğul olan kafedraların vahid mərkəzdə cəmləşdirilməsi, tədrisin keyfiyyətinin və maddi-texniki təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, həmçinin elmi-tədqiqat işlərinin aparılması üçün əlavə imkanların yaradılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Universitet klinikasının inşası tədrisin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmiş, eyni zamanda, insanlara ən müasir səviyyədə xidmət göstərən nüfuzlu tibb müəssisəsi kimi fəaliyyətə başlamışdır. Klinika tibbin ən müxtəlif sahələri üzrə şöbələrə malik olmaqla yanaşı, ən müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Səhiyyə sahəsində ən yüksək səviyyəli, elmi-nəzəri və praktik biliklərə malik mütəxəssislər məhz bu səhiyyə ocağında fəaliyyət göstərirlər. 400 çarpayılıq klinikada universitetin 14 terapevtik yönümlü kafedrası yerləşir. Klinikada müasir avadanlıqlarla təchiz olunmuş 9 mühazirə zalı, 50-dən çox tədris otağı var. Yəni, burada istər tədris, istərsə də xəstəliklərin müalicəsi üçün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyevin 2008-ci il 13 mart tarixli Sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası da inşa olunmuşdur. 2013-cü il sentyabrın 12-də klinikanın təntənəli açılışında möhtərəm Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı bizim üçün son dərəcə əlamətdar hadisə olmuşdur. Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Tibb Universitetinin 500 çarpayılıq Tədris-Cərrahiyyə Klinikasının müasir səviyyədə inşası dövlətimizin bu nüfuzlu ali təhsil ocağının inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğısının əyani göstəricisidir. Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, ginekologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb müəssisəsində müxtəlif cərrahi əməliyyatlar aparmaq üçün hər cür şərait yaradılmışdır. Belə ki, tibb ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.
Ümumi ərazisi 45 min kvadratmetr olan klinikanın binası orijinal memarlıq üslubunda inşa edilmişdir. Onüçmərtəbəli binanın həyətində geniş abadlıq işləri görülmüşdür. İl ərzində burada
2 min 800 tələbənin, 400-dən çox rezidentin, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olacaqdır. Klinikada imtahan və kompyuter zalları da müasir avadanlıqla təchiz edilmişdir. Burada kursların və dövlət imtahanlarının keçirilməsi üçün kompyuterlə təchiz olunmuş zallar da var. Klinikanın həkim, dərs və kompyuter otaqları bütün zəruri avadanlıqla təchiz olunmuşdur. Tədbirdə çıxış edən Prezident İlham Əliyev demişdir: "Bu gün çox əlamətdar bir gündür. Biz Bakı şəhərində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin bütün professor-müəllim heyətini, bütün tələbələri təbrik edirəm. Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi mərkəzin müxtəlif bölmələri ilə tanış oldum. Bir daha görürəm ki, Azərbaycanda artıq səhiyyə sahəsində işlər ən yüksək səviyyədə görülür".
ATU-nun son 10 ildə əldə etdiyi nailiyyətlər 30 ildən artıq bir müddətdə Azərbaycan elmini, tibb təhsili sistemini, Azərbaycan səhiyyəsini sürətlə inkişaf etdirən ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Kollektivimiz bu qayğıdan ruhlanaraq xalqımızın sağlamlığının keşiyində möhkəm dayanır, dövlət başçısının qarşıya qoyduğu məsul vəzifələri böyük əzm və məsuliyyətlə həyata keçirməyə çalışır. Qəti əminik ki, dövlət başçısının növbəti dəfə xalqın iradəsi ilə Prezident seçilməsi nəticəsində müstəqil Azərbaycanın tibb elmi və səhiyyəsi mövcud çətinlikləri dəf edəcək, özünün yüksək inkişaf səviyyəsinə çatacaq, xalqımıza layiqli xidmət göstərəcəkdir.
Əhliman
ƏMİRASLANOV,
akademik, SSRİ
Dövlət mükafatı laureatı, Milli Məclisin
deputatı
Azərbaycan.-2013.- 2 noyabr.- S.11.