Heydər Əliyev Mərkəzinin səhnəsində
Moskva
artistlərinin
ifasında «Sibir» operası göstərildi
Noyabrın 3-də Heydər Əliyev Mərkəzinin səhnəsində Moskvanın "Helikon-Opera" Musiqili Teatrı artistlərinin ifasında İtaliya bəstəkarı Umberto Cordanonun "Sibir" operasının tamaşası göstərilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşada olmuşdur.
AzərTAc xəbər verir ki, tamaşanın rejissoru Moskvanın "Helikon-Opera" Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmandır. O özü də tamaşanın nümayişində iştirak etmişdir. Umberto Cordanonun "Sibir" operası Lev Tolstoyun "Dirilmə" romanının motivləri əsasında yazılmışdır. Faciəvi sonluqla başa çatan bu melodram sevgilisi Vasilinin ardınca katorqaya gedən kurtizan qadın Stefani haqqındadır.
Stefaninin keçmiş sutenyoru, Vasilinin Sibirə göndərilməsinə səbəb olmuş Qlebov da katorqaya düşür. Qlebov Stefaniyə qaçmağı təklif edir və yol göstərir. Lakin Stefani onunla qaçmaqdan imtina edir. Onda Qlebov Stefaninin keçmişi barəsində Vasiliyə danışır. Stefaniyə dəlicəsinə aşiq olan Vasili onu bağışlayır. Stefani və Vasili imkan yaranan kimi Qlebovun dediyi yolla qaçmağı qərara alırlar. Lakin onları görən nəzarətçilər atəş açırlar və Stefani sevgilisinin qolları üstündə can verir.
İkipərdəli tamaşa imperator dövründəki Peterburqun dəbdəbəli interyerlərində başlayır və Sibirin qarlı çöllərində başa çatır.
Valeri
Kiryanovun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə
Stefaninin partiyasını Yelena Mixaylenko, Vasilisin
partiyasını Rusiya Federasiyasının əməkdar artisti Vadim Zapleçnıy,
fırıldaqçı Qlebovun rolunu isə Rusiya Federasiyasının
əməkdar artisti Sergey Toptıgin ifa etmişlər.
Azərbaycan.-2013.- 5 noyabr.- S. 3.