Kardinal Canfranko Ravazi Azərbaycanın tolerantlıq

 mühitini yüksək qiymətləndirmişdir

 

Noyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, tolerantlıq, dinlərarası əlaqələr və digər dini məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Roma Papası II İohann Pavelin ulu öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci il mayında Azərbaycana səfərini xatırladan A.Paşazadə iki ölkə arasında əlaqələrin uğurla davam etdirildiyini, bu əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini diqqətə çatdırmışdır.

Şeyxülislam ölkəmizdə din və dövlət münasibətləri barədə məlumat vermiş, dilindən və dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığını vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanda dini dözümlülük ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təşəkkül tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir.

Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan şeyxülislam bu münaqişədə tutduğu ədalətli mövqeyə görə Vatikana minnətdarlığını bildirmişdir. İki ölkə arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Şeyxülislam Roma Papası Fransiski Azərbaycana səfərə dəvət etmişdir.

Azərbaycanın tolerantlıq mühitini yüksək qiymətləndirən kardinal Canfranko Ravazi ölkədə müxtəlif dini konfessiyaların nümayəndələrinin dostluq və mehribanlıq şəraitində birgə yaşamasından məmnunluğunu ifadə etmişdir. İki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayan kardinal bu görüşün əlaqələrin inkişafına töhfə verəcəyini demişdir.

Canfranko Ravazi Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlığın uğurlu və faydalı olduğunu bildirmiş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın milli mədəniyyətin təbliğindəki xidmətlərini yüksək qiymətləndirmişdir.

Kardinal C.Ravazi öz növbəsində Şeyxülislam Allahşükür Paşazadəni Vatikana səfərə dəvət etmişdir.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksandr İşein, Azərbaycanın Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak etmişlər.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 3.