Vatikanın mədəniyyət üzrə pontifik şurasının sədri kardinal

 Canfranko Ravazi Heydər Əliyev Mərkəzində olmuşdur

 

Vatikanın mədəniyyət üzrə pontifik şurasının sədri kardinal Canfranko Ravazi noyabrın 4-də Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olmuşdur. Qonaq Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olmuş, sərgi zallarına baxmışdır.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti və irsinin öyrənilməsi, təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirmişdir. Mərkəzin, həmçinin Azərbaycanın tarix və mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələr həyata keçirdiyi diqqətə çatdırılmışdır. O da qeyd olunmuşdur ki, Heydər Əliyev Mərkəzi  mədəniyyətlər  və dinlərarası dialoqun inkişafına xidmət edən bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

Kardinal Canfranko Ravazi Heydər Əliyev Muzeyində  Azərbaycan xalqının ümummilli liderinin həyat və siyasi fəaliyyətini, eləcə də XX əsrin əvvəllərindən Azərbaycanın ictimai-siyasi, mədəni, iqtisadi həyatında baş verən önəmli hadisələri əks etdirən fotovideo materiallarla, eksponatlarla tanış olmuşdur.

Qonaq daha sonra "Azərbaycan inciləri: tarixin axarında" sərgisinə baxmışdır. Azərbaycanın qədim keçmişini, adət-ənənələrini, milli mənəvi sərvətlərini nümayiş etdirən bu ekspozisiyada müxtəlif dinlərə aid müqəddəs kitabların qədim nüsxələrinin sərgiləndiyi bölmə xüsusi maraq doğurmuşdur.

Kardinal Canfranko Ravazi, həmçinin "Mini Azərbaycan" sərgisində ölkənin tarixi və müasir memarlıq abidələrinin maketlərinə baxmış, müxtəlif mədəniyyətlərin izlərini özündə daşıyan tikililər barədə məlumatlandırılmışdır.

 

Azərbaycan.-2013.-  5 noyabr.- S. 3.